Ermənistan ordusunda xidmət etməyən “Vətəndaş Müqaviləsi” üzvləri: niyə onların arxasınca getmirlər?

2026/01/1769496491.jpg
Oxunub: 378     12:47     27 Yanvar 2026    
Yaxın günlərdə keçirilən mətbuat konfransı zamanı Ermənistanın müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyində çalışan və övladları başqa ölkənin vətəndaşı olan valideynlərlə bağlı açıqlama verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Armlur.am” nəşri “Ermənistan ordusunda xidmət etməyən “Vətəndaş Müqaviləsi” üzvləri: niyə onların arxasınca getmirlər?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, eyni zamanda, sual doğurur ki, hakim partiyanın bir çox üzvləri hərbi xidmət keçmədən necə vəzifə tuta biliblər.

“Beləliklə, mətbuatda dərc olunan materiallardan və əvvəllər “ArmLur.am”da yayımlanan yazılardan istifadə edərək, “Vətəndaş Müqaviləsi”ndən olan hansı vəzifəli şəxslərin və onların övladlarının Ermənistan ordusunda xidmət etmədiyini və bunun səbəblərini təqdim edirik.

Ermənistanın Baş naziri Nikol Paşinyan orduda xidmət keçməyib. O, hərbi xidmətdən azad olunub, çünki hökumətin əvvəlki izahına görə, 1991-ci ilin dekabrında qüvvəyə minmiş “Hərbi vəzifə haqqında” qanunun 23-cü maddəsində nəzərdə tutulan əsaslara uyğun olaraq, iki qardaşı məcburi hərbi xidmət keçmiş şəxslərə də azadolma hüququ verilib.

Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan da sağlamlıq problemlərinə görə orduda xidmət etməyib. Eyni səbəbdən Baş nazirin keçmiş baş müşaviri, ətraf mühit üzrə keçmiş nazir Hakob Simidyan da məcburi hərbi xidmətdən azad olunub”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, Ermənistanın ərazi idarəetməsi və infrastruktur üzrə keçmiş nazir Qnel Sanosyan ailə vəziyyəti ilə bağlı xidmətə getməyib: onun ikinci övladı hərbi xidmətə çağırış dövründə dünyaya gəlib və bu səbəbdən o, məcburi hərbi xidmətə yollanmayıb.

“Xarici işlər naziri Ararat Mirzoyan da orduda xidmət etməyib, çünki elmi fəaliyyətlə məşğul olmaq üçün akademik möhlət alıb.

XİN-in gənc müavini Vahan Kostanyan da orduda xidmət keçməyib.

Əmək və sosial məsələlər üzrə keçmiş nazir, Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan sağlamlıq problemlərinə görə xidmət etməyib. Eyni səbəbdən parlamentin “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan da orduda xidmət keçməyib.

Hökumət Aparatının keçmiş rəhbəri, hazırda parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan da sağlamlıq problemlərinə görə məcburi hərbi xidmətdən azad olunub. Keçmiş səhiyyə naziri, hazırda isə əmək və sosial məsələlər üzrə nazir olan Arsen Torosyan isə sağlamlıq problemlərinə görə xidməti yarımçıq qoyub və təxminən bir il xidmət edib”, - deyə məqalədə qeyd edilib.

KİV yazıb ki, Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının sədri Vladimir Vardanyan və iqtisadiyyat naziri Gevorq Papoyan da elmi fəaliyyət əsas göstərilməklə orduda xidmət etməyiblər.

Müəllif qeyd dib ki, “Vətəndaş Müqaviləsi” üzvləri arasında xüsusilə sağlamlıq problemlərinə görə hərbi xidmət keçməyənlərin sayı çoxdur.

“Belə ki, deputatlar Babken Tunyan, Sarkis Xandanyan, Sedrak Tevonyan, Vağarşak Hakobyan, Hambartsum Matevosyan, Sergey Movsisyan və Aren Mkrtçyan sağlamlıq səbəblərinə görə orduda xidmət etməyiblər. Deputat Karen Saruxanyan da hərbi xidmət keçməyib.

“Vətəndaş Müqaviləsi”ndən olan deputat Vahe Qalumyanın iki oğlu Aşot və Vladimir Qalumyanlar da hərbi xidmətdən azad olunub.

Mərkəzi Seçki Komissiyasının sədri Vahan Hovakimyanın iki oğlu Misak və Narek Hovakimyanlar da hərbi xidmətdən azad edilənlər sırasındadır.

Maraqlıdır ki, Müdafiə Nazirliyi bu siyahı ilə bağlı araşdırma aparacaqmı və xidmət keçməyənlər həqiqətən xidmətə cəlb olunacaqmı, yoxsa müəyyən məbləğ qarşılığında bundan azad ediləcəklər?”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Paşinyan  


Bizi "telegram"da izləyin