Prezident İlham Əliyevin strateji baxışında müasir müharibələrin xarakteri xüsusi yer tutur. Buna uyğun olaraq Azərbaycan Ordusunda yeni döyüş texnologiyalarının tətbiqi, yüksək dəqiqlikli silah sistemlərinin alınması və yerli hərbi sənayenin inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib. Belə ki, pilotsuz uçuş aparatları (PUA), müasir artilleriya və raket sistemləri, kəşfiyyat və elektron müharibə vasitələri ordunun döyüş imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bununla yanaşı, şəxsi heyətin hazırlığı və peşəkar zabit kadrlarının formalaşdırılması Ali Baş Komandan İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları nəticəsində başlayan Vətən müharibəsi Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi strateji düşüncəsinin və qətiyyətli liderliyinin parlaq nümunəsi oldu. Hərbi əməliyyatlar zamanı qəbul edilən qərarlar, siyasi və diplomatik müstəvidə aparılan uğurlu fəaliyyət Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Zəfərlə tamamlandı. Tarixi Zəfərin əsas memarı məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cəmi 44 gün davam edən Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu həm texnika, həm də döyüş taktikası və mənəvi psixoloji hazırlıq səviyyəsi baxımından müasir tələblərə tam cavab verir.
Vətən müharibəsindən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradılması, müasir hərbi infrastrukturun qurulması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin strateji fəaliyyətinin davamı kimi həyata keçirilir. Dövlət başçısı Azərbaycan Ordusunun daim inkişafı və dəyişən geosiyasi reallıqlara uyğun olaraq yenilənməsi zərurətini dəfələrlə vurğulayıb. Bu yanaşma ölkəmizin uzunmüddətli təhlükəsizliyinin və silahlı müdafiəsinin təminatıdır.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyəti onu göstərir ki, ordunun güclü olması yalnız silah və texnika ilə deyil, eyni zamanda, milli iradə, qətiyyətli siyasət və düzgün strateji planlaşdırma ilə formalaşır. Azərbaycan Ordusunun əldə etdiyi uğurlar bu amillərin vəhdətinin nəticəsidir. Bu gün Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısıdır. Bu ordunun dayağı isə strateji düşüncəyə malik, xalqın dəmir iradəli lideri Prezident İlham Əliyevdir.
Hazırda Qarabağ bölgəsində formalaşmış yeni reallıqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətini və Azərbaycan Ordusunun peşəkarlığını bir daha təsdiqləyir. Ölkəmizdə təhlükəsizliyin tam təmin olunması, strateji mövqelərə nəzarətin gücləndirilməsi və hərbi infrastrukturun müasir tələblərə uyğun qurulması dövlətin əsas prioritetlərindəndir. Azərbaycan Silahlı Qüvvələri bölgədə sabitliyin və davamlı sülhün təminatçısı kimi çıxış edir; həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin və ərazilərimizin etibarlı qorunduğunu nümayiş etdirir.
Kifayət Əliyeva, "Azərbaycan Ordusu"
Ordu.az