İran-Rusiya münasibətlərində “çat”: Moskva Tehrana arxa çevirir?

2024/12/1734760143.jpg
Oxunub: 700     10:31     12 Avqust 2025    
CNN-in Rusiya-İran münasibətləri ilə bağlı xüsusi reportajı bu əlaqələrdə “çat” əmələ gəldiyini işıqlandırıb. Bu barədə israilli “vesty.go.il” rusdilli saytı xəbər verir və geniş sitatlar gətirir. Ən diqqətçəkən məqam isə İran Prezident Administrasiyası nəzdindəki Strateji Tədqiqatlar Mərkəzinin eksperti Əli Əkbər Dareyninin fikirləridir:

“İran, görünür, gözləyirdi ki, Rusiya daha çox iş görəcək və ya (İsraillə müharibəyə) birbaşa qatılmaq öhdəliyi olmadan əlavə addımlar atacaq. O, hərbi müdaxilə etməyə bilərdi, amma silah tədarükü, texnoloji dəstək, kəşfiyyat məlumatlarının paylaşılması və ya buna bənzər hər hansı başqa formada əməli dəstəyi gücləndirə bilərdi”, - deyə iranlı ekspert bildirib.

Aydın görünür ki, son iki gündə ABŞ-nin də qoşulduğu İsrail-İran müharibəsində Tehran Moskvadan heç bir dəstək almayıb. Diqqətçəkən odur ki, CNN-in reportajı İranın yüksək səviyyəli nümayəndə heyətinin Moskvaya səfərindən sonra yayımlanıb və iranlı analitikin qiymətləndirməsi belə təsəvvür yaradır ki, bu müddətdə Rusiya Tehrana heç bir ciddi vəd verməyib. Qərb kəşfiyyat xidmətlərindən birinin nümayəndəsinin proqnozuna görə, maksimum baş verə biləcək hadisə S-400 hava hücumundan müdafiə və raket əleyhinə sistemlərinin satılması ola bilər.

Eyni mənbə CNN-ə bildirib ki, Rusiyanın bu qədər soyuq davranışı təəccüblü deyil, çünki bu, Moskvanın İranla əməkdaşlığının tamamilə praqmatik xarakter daşıdığını göstərir. Onun qiymətləndirməsinə görə, Rusiya “heç vaxt öz maraqları xaricində müdaxilə etmir: “Hətta tərəfdaş – bu halda onun üçün həyati əhəmiyyət daşıyan PUA tədarükçüsü – birbaşa hücuma məruz qalsa belə”.

Digər məlumatlı mənbələr izah edib ki, Rusiya Yelabuqa şəhərində “Şahed” PUA-larının istehsalını qurub və istifadəyə verib. Əvvəllər bunları İrandan 200 min dollara alırdısa, indi hər birini 60-70 min dollardan baha olmayan xərc ilə özü istehsal edir. Doğrudur, kəşfiyyat mənbələri Rusiyaya məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsinin Moskva-Tehran istiqamətində bir uçuşunu müşahidə ediblər, amma CNN ekspertlərinin fikrincə, “bu, rus-iran strateji əməkdaşlığının dərinləşməsi tendensiyasının göstəricisi sayıla bilməz”.

Bu kontekstdə İran XİN-in Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilkin imzalanmasını alqışlaması diqqət çəkir. Tehran bunu regionda dayanıqlı sülhün reallaşdırılmasına yönəlmiş mühüm addım adlandırıb. Rəsmi Tehran vurğulayıb ki, regionda sülh və sabitliyin qorunması, ikitərəfli və regional əməkdaşlıq yolu ilə iqtisadi inkişaf naminə Ermənistan və Azərbaycanla konstruktiv əməkdaşlığı davam etdirəcək. Rəsmi Moskva isə Vaşinqtonun təşkil etdiyi Ermənistan-Azərbaycan sammitinə qısqanclıqla cavab verib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   Moskva   Tehran  


Bizi "telegram"da izləyin