ABŞ Nümayəndələr Palatası Trampın İranla bağlı səlahiyyətlərini məhdudlaşdıran qətnaməni qəbul edib

2026/06/1780551823.jpg
Oxunub: 187     09:41     04 İyun 2026    
ABŞ Nümayəndələr Palatasının üzvləri Prezident Donald Trampı İrana qarşı zərbələri dayandırmağa məcbur etməyi nəzərdə tutan qətnaməni qəbul ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Səsvermənin nəticələrinə görə, qətnamənin lehinə 215 konqresmen, əleyhinə isə 208 konqresmen səs verib. Dörd respublikaçı konqresmen Tomas Messi, Brayan Fitspatrik, Tom Barrett və Uorren Devidson demokratlara qoşularaq qətnaməni dəstəkləyiblər.

“The Hill” qeyd edib ki, bu səsvermə İranla bağlı münaqişə ətrafında davam edən siyasi mübarizədə mühüm mərhələ hesab olunur.

Nümayəndələr Palatasının üzvü Cared Haffman nəşrə açıqlamasında bildirib ki, Konqresin hər iki palatasının bu müharibəni qanunsuz elan etməsinə doğru irəliləyiş müşahidə olunur.

Onun sözlərinə görə, Trampın atdığı addımlar getdikcə daha çox qəbuledilməz hesab edilir.

Məlumata görə, bu səsvermə qanunvericilərin Trampın İranla bağlı səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş dördüncü cəhdi olub.

Qətnamə növbəti mərhələdə Senatın müzakirəsinə təqdim olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   İran  


Bizi "telegram"da izləyin