“Past”: Ermənistana seçkilər üçün gələn vətəndaşları təlim toplanışları ilə hədələyirlər

2018/12/15041-1545914415.jpg
Oxunub: 256     09:16     04 İyun 2026    
Nikol Paşinyan hakimiyyətinin seçki proseslərinə nəzarət etmək üçün yeni üsullar axtardığı iddia olunur.

Ordu.az
xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının tanınmış nümayəndələrindən biri Rusiyadan Ermənistana iyunun 7-də keçiriləcək seçkilərdə iştirak etmək üçün 100 mindən çox Ermənistan vətəndaşının gələcəyi barədə xəbərlərə münasibət bildirərkən “100 min nəfərdən 30-40 minini təlim toplanışlarına göndərəcəyik” deyə bəyan edib.

“Hakimiyyət bununla növbəti dəfə ordu xidmətini və təlim toplanışlarını cəza vasitəsi kimi təqdim edir. Bu bəyanat sadəcə hədə və ya təsadüfi açıqlama deyil. Mənbələrin bildirdiyinə görə, hakimiyyətin həqiqətən də belə planı var və proses artıq başlayıb. Məlumata əsasən, Rusiyadan Ermənistana qayıdan 55 yaşadək Ermənistan vətəndaşları birbaşa 25 günlük təlim toplanışlarına cəlb olunurlar”, - deyə müəllif bildirib.

Nəşr hesab edir ki, bunun məqsədi həmin şəxslərin səsvermədə hakimiyyətin nəzarəti altında iştirak etməsini təmin etmək, eyni zamanda digər vətəndaşları qorxudaraq iyunun 7-dək Ermənistana gəlməkdən çəkindirməkdir.

“Lakin bir sual açıq qalır: hakimiyyət niyə Rusiyadan vətənə qayıdan vətəndaşların istisnasız olaraq müxalifətə səs verəcəyinə əmindir?” - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təlim  


Bizi "telegram"da izləyin