ABŞ HDQ SPY-6 radarları üçün 516 milyon dollarlıq yeni müqavilə imzalayıb

2026/06/1780550816.jpg
Oxunub: 157     09:26     04 İyun 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri döyüş gəmilərinin hava və raketdən müdafiə imkanlarının əsas elementlərindən biri olan AN/SPY-6(V) radar sistemlərinin inteqrasiyası və istehsal dəstəyinin davam etdirilməsi məqsədilə “Raytheon” şirkətinə təxminən 516 milyon dollar dəyərində yeni müqavilə verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

RTX korporasiyasının tərkibində fəaliyyət göstərən “Raytheon” şirkətinin yaydığı məlumata görə, dəyəri 515,8 milyon dollar olan müqavilə əlavəsi çərçivəsində AN/SPY-6(V) radarlarının inteqrasiya işləri, sistem sınaqları, proqram təminatının təkmilləşdirilməsi və istehsal dəstəyi fəaliyyətləri davam etdiriləcək.

Bildirilib ki, proqramın 2027-ci ilin may ayına qədər davam etməsi planlaşdırılır. AN/SPY-6(V) ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni nəsil hava və raketdən müdafiə radar sistemi hesab olunur. Sistem yeni inşa edilən “Flight III” konfiqurasiyalı “Arleigh Burke” sinfinə məxsus esmineslərdə istifadə edilir və hazırda xidmətdə olan AN/SPY-1 radarlarını əvəz edir.

Qallium nitrid (GaN) əsaslı radar modullarından istifadə edən SPY-6 əvvəlki nəsil sistemlərlə müqayisədə xeyli yüksək aşkarlama həssaslığı təmin edir.

Məlumata görə, radar daha kiçik hədəfləri daha uzaq məsafələrdən aşkar edə və eyni vaxtda çoxsaylı təhdidləri izləyə bilir. ABŞ Hərbi Dəniz Qüvvələri SPY-6 sistemini bu günə qədər suüstü döyüş gəmisinə inteqrasiya edilən ən qabaqcıl radar sistemi kimi xarakterizə edir.

Müqavilənin 74 faizi ABŞ Hərbi Dəniz Qüvvələri üçün icra olunacaq. Qalan 26 faiz isə ABŞ-nin Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində Almaniyanı əhatə edir. Son illərdə xüsusilə hava hücumundan müdafiə və dəniz qüvvələrinin modernləşdirilməsi istiqamətində investisiyalarını artıran Almaniyanın SPY-6 proqramına qoşulması Berlinin qabaqcıl radar və sensor texnologiyalarına verdiyi əhəmiyyəti nümayiş etdirir.

Məlumatda qeyd olunub ki, gələcəkdə digər ölkələrin də proqram çərçivəsində iştirak etməsi mümkündür. Proqram üzrə işlər ABŞ-nin müxtəlif bölgələrində həyata keçiriləcək.

Layihənin əsas hissəsi “Raytheon”un Massaçusets ştatının Marlboro şəhərində yerləşən müəssisəsində icra olunacaq. Bununla yanaşı, Missisipi, Nyu-Cersi, Virciniya, Havay, Men, Rod-Aylend, Kolorado və Kaliforniya ştatlarında yerləşən müxtəlif obyektlər də proqramda iştirak edəcək.

Radar sisteminin inteqrasiyası prosesində gəmiqayırma zavodlarının, sınaq mərkəzlərinin və proqram təminatı üzrə mühəndis qruplarının koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   SPY-6  


Bizi "telegram"da izləyin