Avqustun 6-da Tramp Uitkof-Putin danışıqlarının detalları barədə Avropa liderlərinə və Ukrayna prezidenti Zelenskiyə məlumat verib. Zelenski bütün Ukrayna dəstəkçilərinə təşəkkürünü bildirib.
Uşakov görüşün “gələn həftə” baş tutacağını və yerin razılaşdırıldığını, ancaq hələlik açıqlanmayacağını deyib. Türkiyə prezidenti Ərdoğan bir həftə öncə Tramp-Putin görüşünün “çox yaxın gələcəkdə” olacağını bildirmişdi. Bu, görüş yerinin İstanbul ola biləcəyini göstərir, çünki orada daha əvvəl Rusiya-Ukrayna danışıqlarının üç raundu baş tutub.
Rusiya-Amerika sammitinin baş tutması ehtimalı, xüsusən, tərəflər “nüvə müharibəsi təhdidini” aradan qaldırandan sonra yüksək idi. Bu andan etibarən aydın oldu ki, tərəflər “böhran həddinə” gəlib çıxıb və buradan geri çəkilmə dünya apokalipsindən yayınma üçün əsaslandırılacaq.
Bu vəziyyət Karib böhranını xatırladır. Həmin dövrdə SSRİ və ABŞ nüvə silahının yerləşdirilməməsi məsələsində razılığa gəlmişdi. Lakin bu gərginliyin azalması “soyuq müharibə”ni dayandırmamışdı. Əksinə, həmin dövrdə Berlin divarı tikildi və bu, iki sistem arasında qəti ayrılığı göstərdi.
Uitkof-Putin görüşündə strateji əməkdaşlıq məsələsi müzakirə edilib. Bəzi rus ekspertlər bildirirlər ki, Rusiyanın bazar iqtisadiyyatı olması Qərblə əməkdaşlığın ideoloji çərçivədən çıxarılmasına imkan verir. Bu əsaslandırma prinsipcə doğrudur, amma Rusiya həqiqətənmi ideologiyadan kənar Qərblə münasibətləri yenidən qurmağa hazırdır? 2007-ci ildə Münhen çıxışından bəri Vladimir Putin Qərbi Rusiyanın düşməni elan edib.
Putin bu əməkdaşlığı yenidən qurmaq üçün Qərb üzərində simvolik qələbə qazanmalıdır, bəlkə də yeni “Berlin divarını” inşa etməlidir. Bu divarın harada olacağı sual altındadır: indiki cəbhə xəttimi? Rusiya Konstitusiyasına daxil edilmiş sərhədlərmi? Yoxsa bir növ “qızıl ortaq” tapılacaq?
Uitkofun Moskvaya səfərindən bir həftə ərzində bu suallara cavab tapılması real deyil. Ona görə də Putin və Tramp “böhran görüşünə” hazırlaşırlar, məqsəd son razılaşmalar üçün prinsipial əsaslarda anlaşmaqdır. Uğurlu olacaqmı? Unutmayaq, Berlin divarının dağılacağını ilk proqnozlaşdıran ABŞ prezidenti Con Kennedi olmuşdu.
Asif Cəfərov
Ordu.az