Paşinyanın reytinqi indiyədək ən aşağı səviyyəyə enib

2026/06/1780484193.jpg
Oxunub: 217     12:29     04 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın ictimai dəstəyinin son illərin ən aşağı səviyyəsinə düşdüyü iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti rusiyalı mənbəyə istinadən məlumat yayıb.

“Past” nəşrinin dərc etdiyi materialda “newizv.ru” saytına danışan politoloq, “Diqoriya” Ekspert Klubunun koordinatoru və Beynəlxalq Araşdırmalar və Sosiologiya İnstitutunun ictimai informasiya layihələri şöbəsinin direktor müavini Qarnik Tumanyanın fikirlərinə yer verilib.

Tumanyanın sözlərinə görə, Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistan formal parlament sistemi olan avtokratik idarəetmə modelinə çevrilib.

“Ermənistanda seçkilər reytinqlərlə deyil, inzibati təzyiqlər, saxtakarlıqlar və siyasi manevrlərlə qazanılır. Vaxtilə demokratik hesab edilən ölkə bu gün formal parlament sistemi ilə fəaliyyət göstərən avtokratiyaya çevrilib”, - deyə o bildirib.

Erməni politoloq qeyd edib ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının güclü təbliğat maşını müxtəlif Avropa və ABŞ şirkətlərinin dəstəyi ilə həm ölkə daxilində, həm də xaricdə Paşinyan ətrafında müsbət informasiya mühiti formalaşdırır.

Bununla yanaşı, Tumanyan Baş nazirin real ictimai dəstəyinin hakimiyyətə gəldiyi vaxtdan bəri ən aşağı səviyyədə olduğunu vurğulayıb.

Onun fikrincə, buna səbəb həll olunmamış sosial-iqtisadi problemlər, Qarabağ münaqişəsində məğlubiyyət və erməni cəmiyyətində vaxtilə qürur mənbəyi hesab olunan dəyərlərdən tədricən uzaqlaşmadır.

“Məncə, seçicilər həll yolları təqdim olunmayan sonsuz populizmdən artıq yorulublar”, - deyə erməni politoloq bildirib.

Məqalədə xatırladılır ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Həmin seçkilərin nəticələri ölkəni növbəti beş il ərzində kimin idarə edəcəyini müəyyənləşdirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin