Əlamətdar məqam odur ki, Vladimir Putin artıq üçüncü dəfədir Donald Trampın xüsusi nümayəndəsini qəbul edir və bu görüşlərdə nə xarici işlər naziri Sergey Lavrov, nə də Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Medinski iştirak etmirdi. Halbuki Medinski də Putinin köməkçilərindən biridir.
Bu, onu göstərir ki, Rusiya-Amerika danışıqlarında elə bir həssas mövzu var ki, Vladimir Putin onu hələlik ictimaiyyətə açıqlamaq istəmir. Uşakov Kremldə keçirilən görüşün gündəliyini iki əsas hissəyə bölüb: birinci yerdə “Ukrayna böhranı”, ikinci isə “Rusiya-Amerika strateji əməkdaşlığının mümkünlüyü” dayanır.
Uşakov bildirib ki, Uitkof Donald Trampdan “müəyyən siqnallar çatdırıb və eyni siqnalları” Rusiya prezidentindən də alıb. Lakin o, bu siqnalların məzmunu barədə heç bir məlumat verməyib və səbəb olaraq Uitkofun hələ Trampa məruzə etmədiyini göstərib.
Uşakov deyib ki, Uitkof Trampa məlumat verdikdən və ABŞ prezidentinin mövqeyi Moskvaya çatdırıldıqdan sonra o, bəlkə, əlavə təfərrüatlar açıqlayacaq. Ümumilikdə isə Putin-Uitkof dialoqunu “faydalı və konstruktiv” adlandırıb.
Bu “faydalılıq” nədən ibarətdir? Qərb mənbələrinin məlumatına görə, Kremlin Uitkofa sürpriz təklif təqdim edə biləcəyi və Ukrayna cəbhəsində hava hücumlarına müvəqqəti atəşkəsin təklif ediləcəyi ehtimal olunur. Amma bu məlumatın rəsmi təsdiqi yoxdur.
Bir çox ekspertlər bu ehtimalı “diplomatik tələ” kimi dəyərləndirir və Ukrayna prezidenti Zelenskinin bu tələyə düşə biləcəyini bildirirlər. Reallıqda Ukrayna ordusunun Rusiya qüvvələrinə ciddi zərbə vurmaq imkanı yalnız hava hücumları vasitəsilə mümkündür. Quru döyüşlərdə isə rus ordusunun üstünlüyü böyükdür.
Bu vəziyyətdə Ukraynanın hərbi-siyasi rəhbərliyi müvəqqəti hava atəşkəsini qəbul etməyə bilər. Çünki bu, siyasi baxımdan Rusiyaya hədiyyə olardı, əlbəttə, əgər Donald Trampın Ukrayna müharibəsinə dair mövqeyi əvvəlki kimi qalırsa.
Lakin, görünür ki, ən mühüm məqam Uitkofun Moskvaya səfərinin “qiyamət günü” təhdidini zəiflətməsi və ya tam neytrallaşdırmasıdır. Putin Trampın ultimatumuna tabe olmayacaq, lakin görünür, o, diplomatik manevr imkanı əldə edir. Avqustun 8-i “müqəddərat” olmasa da, Rusiya-Amerika “müqəddəratçılığı” aradan qaldırıla bilərmi? Nə vaxt? Necə?
Asif Cəfərov
Ordu.az