1920: Reallıqdan uzaq ekspansiya planları
1920-ci ilin yayında Ermənistan silahlı qüvvələrinin “tarixi Oltu və Ardahanın azad edilməsi” adı altında keçirdiyi hərbi əməliyyatlar, əslində qonşu dövlətlərin ərazi bütövlüyünə qarşı açıq təcavüz idi. Bu ərazilər de-yure müstəqil Gürcüstanın tərkibində idi, de-fakto isə müsəlman yerli icmaların nəzarətində və Türkiyənin himayəsində idi. Bu faktı Atanesyan özü də dolayısı ilə qəbul edir.
Türkiyə tərəfi bu əməliyyatı atəşkəsin pozulması kimi qiymətləndirərək, Kazım Karabəkirin rəhbərliyi ilə 3 sentyabrda genişmiqyaslı əks-həmlə həyata keçirdi və Ermənistanın iddia etdiyi torpaqları geri aldı. Bu, hüquqi və hərbi baxımdan tam legitim addım idi, çünki Ermənistan beynəlxalq razılaşmalara və regional reallığa zidd hərəkət edirdi.
Məqalədə iddia olunur ki, erməni tərəf bu addımı Britaniyanın “təhriki” ilə atıb. Bu, həm məsuliyyətdən yayınma cəhdidir, həm də Ermənistanın o dövrdə suveren qərarlar verə bilməyən, imperial güclərin əlində alət olduğunu göstərir. “İmperialistlərin” təhriki ilə hərəkət edən dövlətin gələcəyi ola bilməzdi və olmadı da – Ermənistan 1920-ci ilin sonlarına doğru tam çökməyə məhkum oldu.
Daxili siyasi xaos: Hökumət çevrilişi və məntiqsiz qərarlar
1920-ci ilin mayında Ermənistan daxilində baş verən siyasi proseslər – parlament sisteminin ləğvi, çoxpartiyalı koalisiya hökumətinin devrilməsi və Daşnaksütun partiyasının faktiki diktatura qurması – bu ölkənin hansı qeyri-sabit əsaslar üzərində dayandığını göstərirdi.
Aleksandr Xatisov kimi təcrübəli siyasətçini kənarlaşdırıb, heç vaxt siyasi fəaliyyətlə məşğul olmayan Hamo Ohancanyanı baş nazir təyin etmək dövlətin idarəçiliyini şəxsi ambisiyalara qurban vermək idi. Əslində, bütün hakimiyyət Daşnaksütun Partiyasının hərbi qanadının, konkret olaraq Müdafiə naziri Ruben Ter-Minasiyanın əlində cəmlənmişdi.
Bu vəziyyətdə Ermənistan hərbi əməliyyatlara başlayaraq, regionda təcrid olunmuş mövqeyini daha da pisləşdirdi. Halbuki həmin dövrdə Ermənistanın alternativi vardı – sovet Rusiyasının vasitəçiliyi ilə Türkiyə və Azərbaycanla sülh danışıqlarına başlamaq. Bu fürsət bilərəkdən məhv edildi və nəticədə Ermənistan həm Türkiyə, həm də bolşeviklər tərəfindən darmadağın edildi.
2020: Eyni səhvlərin təkrarı
Müəllif bugünkü Ermənistanın 2020-ci ilin iyul-avqust aylarında etdiyi səhvlərlə 1920-ci ilin yayındakı hadisələr arasında paralel aparır. Sual olunur: “2020-ci ildə Azərbaycanla müharibədən qaçmaq mümkün idimi?” Cavab: Bəli, mümkün idi.
Ermənistanın baş naziri Nikol Paşinyan Minsk qrupunun 2019-cu ildə təqdim etdiyi təklifə hansı cavabı verdi? Məqalədə də qeyd olunur ki, müxalifət bu sənədin dərc edilməsini tələb edir. Əgər həmin sənəd sülhə imkan yaradırdısa və Ermənistan bu fürsəti dəyərləndirmədisə, nəticədə müharibə qaçılmaz idi. Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı isə, şübhəsiz ki, müharibə üçün rəsmi bəhanə rolunu oynadı.
100 il əvvəl Ermənistan “tarixi ərazilər” iddiası ilə reallığı danırdı. Bu gün də eyni xülyalardan əl çəkmir. Ermənistan rəhbərliyi tarixi faktlardan nəticə çıxarmağı bacarmır və ya bunu istəmir. Nəticədə xalq bu səhvlərin bədəlini ödəyir.
Nəticə: Tarixi düşünmək yox, öyrənmək lazımdır
Vahram Atanesyanın sonda verdiyi sual – “niyə belə oldu, niyə belə olur?” – əslində cavabsız deyil. Çünki cavab aydındır: Ermənistan reallıqla hesablaşmaq istəmir, tarixi fürsətləri siyasi ambisiyalar və maksimalist ideyalar uğrunda qurban verir.
Əgər bir dövlət öz keçmişindən nəticə çıxarmırsa, bu gün də səhvlərini təkrarlayacaq və sabahkı təhlükələrlə üzləşməkdə davam edəcək. Ermənistanın 1920 və 2020-ci illərdə etdiyi səhvlər – strateji tərəfdaşlara qarşı çıxmaq, regionda reallığa zidd hərəkət etmək, daxildə siyasi xaos yaratmaq – bu ölkənin davamlı uğursuzluqlarının səbəbidir.
Aqil Məmmədov
Ordu.az