Paşinyana qarşı “Erməni Saakaşvili” planı: Qurban tapıldı, məsuliyyətdən yayınmaq vaxtıdır

2023/04/1682577981.jpg
Oxunub: 557     10:39     07 Avqust 2025    
“İvanişvili Gürcüstanı “qara avqusta” hazırlayır. Öz çevrəsinin təqibi və həbsləri ilə müşayiət olunan bu “Santa Barbara” tipli səhnə, məncə, gürcü mafiyasının diktatorunun – İvanişvilinin həyata keçirmək istədiyi əsas şeytan planından diqqəti yayındırmaq məqsədi daşıyır”, - deyə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında yazıb.

Saakaşvili iddia edir ki, İvanişvili “avqustun 7-də öz patronuna və FSB-yə böyük bir “hədiyyə” hazırlayır”. Onun sözlərinə görə, həmin gün Gürcüstanda “uydurulmuş parlament komissiyası” rəsmi sənəd kimi “Nəticə” adlı sənəd yayacaq və bu sənəddə həm Saakaşvili, həm də Gürcüstan rəsmi şəkildə Rusiya ilə “cinayətkar müharibəyə başlamaqda” ittiham olunacaq.

Saakaşvili əmindir ki, bu “Nəticə” sənədi yayımlandıqdan sonra İvanişvili Rusiya ilə diplomatik münasibətləri bərpa edəcək və bunun ardınca Gürcüstanın işğal olunmuş ərazilərinin *de-yure* tanınmasına doğru son addım atılacaq.

Hakim “Gürcü Arzusu” partiyası hələ əvvəlki seçki kampaniyası dövründə Saakaşvilini 2008-ci ilin avqustunda Cənubi Osetiyada yerləşdirilmiş rus “sülhməramlılarına” hücum təşkil etməkdə və Rusiya ilə müharibəyə səbəb olmaqda ittiham etmişdi. Həmin kampaniya əsasən bu tezis üzərində qurulmuşdu: əgər müxalifət hakimiyyətə gəlsə, Gürcüstan yenidən müharibəyə sürüklənəcək.

Bu il Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. “Apsny.ge” xəbər verir ki, tanınmış bas ifaçısı Bas Buçurişvili xalqa müraciət edərək, oktyabrın 4-də Tbilisidə ümumxalq mitinqi keçirməyə və İvanişvilini qeyri-legitim elan etməyə çağırıb.

Hazırkı situasiyada Gürcüstanda nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Lakin oxşar bir “ssenari” hazırda Ermənistanda da dövrəyə buraxılıb – özü də daha geniş miqyasda və daha aqressiv formada.

Ermənistanda yenidən güclənən bir təbliğat dalğası var: Nikol Paşinyanın 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı verməklə Azərbaycanı qıcıqlandırdığı və bununla da müharibəni təhrik edib ölkəni məğlubiyyətə, sonda isə Qarabağdan tam çıxarılma və ermənilərin köçünə səbəb olduğu irəli sürülür. Doğrudur, Paşinyanın bu açıqlaması ciddi nəticələrə səbəb oldu, danışıqlar dalana dirəndi, amma bundan əvvəl Köçəryan və Sarkisyan hakimiyyətləri artıq öz işğalçı siyasətləri ilə müharibəni çoxdan yaxınlaşdırmışdılar.

Lakin bu təbliğat, görünür ki, Ermənistan müxalifətinin seçkiqabağı kampaniyasının əsas sütununa çevriləcək. Əgər müxalifət parlament seçkilərində qələbə qazansa, təkcə Paşinyanı deyil, həm də onun “Vətəndaş Müqaviləsi” partiyasını və “nikolçu”ları “qəddar məhkəmə” gözləyir – deyə hazırlanan planlardan hiss olunur.

Bu isə o deməkdir ki, Ermənistanda Samvel Karapetyan kimi fiqurların üzərindən revanşistlərin qarşısına məqsəd qoyulub: 44 günlük müharibənin bütün məsuliyyətini Paşinyanın və onun partiyasının üzərinə yıxmaq və guya bu yolla “qurtuluş” nümayiş etdirmək.

Saakaşvili açıqlamalarında iqtidara qarşı nə qədər təbliğat aparsa da, bir məsələdə haqlıdır: beş günlük Rusiya-Gürcüstan müharibəsinin siyasi və hüquqi məsuliyyətini Saakaşvilinin üzərinə yıxmaq – bu, əslində Gürcüstanın özü üçün tarixi hökm oxumaqdır. Ermənistanda da Paşinyana qarşı belə bir plan həyata keçirilsə, nəticə eyni olacaq: dövlətin özünün ifşası.

Bu baxımdan Karapetyan kimi layihələr Ermənistana fəlakət gətirəcək. Odur ki, Ermənistanda qalan sağlam qüvvələrin borcudur ki, konstitusiya və qanun çərçivəsində mümkün bütün vasitələrdən istifadə edib bu prosesin qarşısını alsınlar. Əks halda, Ermənistanı öz daxilindən dağıtmaq prosesi başa çatacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Saakaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin