Qəzzada Gücsüzlük Artır, Yaxın Şərq Dəyişir: Bakı Real Maraqları Seçir

2025/08/1754319759.jpg
Oxunub: 717     17:31     05 Avqust 2025    
Son günlərdə “Reuters” agentliyinin yaydığı bir material fonunda – orada qeyd edilirdi ki, ABŞ “İbrahim razılaşmaları”na Azərbaycanın qoşulmasını Ermənistanla münasibətlərin normallaşdırılması şərtilə gündəmə gətirib – bəzi ekspert dairələrində bir növ əsassız nikbinlik müşahidə olunur. Düşünülür ki, ABŞ tərəflər arasında nəzərdə tutulan sülhü “tələb edə bilər”.

Lakin əvvəlcə unutmayaq ki, Vaşinqtondan Bakıya nə zaman, nə deyildiyi və necə deyildiyi rəsmi şəkildə məlum deyil. “Reuters”in analitik yazısı rəsmi təsdiqini tapmamış məlumatlara əsaslanır. Yazıda deyilir ki, Moskvadakı danışıqlardan sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofun təyyarəsi texniki səbəblərlə Bakıya enib və guya burada o, Prezident İlham Əliyevlə görüşüb və “Trampın Azərbaycanla bağlı planını” təqdim edib.

Əgər bir anlıq bu məlumatların hamısının doğru olduğunu fərz etsək belə, niyə diqqətdən yayınır ki, bu plan yalnız Ermənistanla Azərbaycan arasındakı münasibətlərlə bağlı deyil, sırf regional bağlıdır?

İkincisi, bu plan geosiyasi mənzərəsi tamam fərqli bir dönəmdə təqdim olunub. Unutmamalıyıq ki, Uitkofun təyyarəsi Bakıya Moskvadan qayıdarkən enmişdi, o zamanlar Tramp əmin idi ki, Putin Ukraynada atəşkəslə maraqlanır. Lakin bu gün Tramp Putindən “çox məyusdur” və artıq onunla danışmaq istəmir.

O dövrdə Tramp administrasiyası Tehranla dialoq rejimində idi və ABŞ tərəfi İranla yeni bir “sazişə” ümid edirdi. Hazırda İran bu ümidləri faktiki olaraq itirib, lakin İran prezidenti son bir ayda Azərbaycan lideri ilə iki dəfə görüşüb. Bakı da İran əleyhinə hücumları pisləyib, həlak olan generallar və nüvə alimləri ilə bağlı başsağlığı verib.

Mart ayında, yəni Uitkofun Bakıya gəldiyi vaxt, Rusiya-Azərbaycan münasibətləri soyuq idi, amma gərgin deyildi. Bu gün isə Bakı ilə Moskva arasında siyasi dialoq faktiki olaraq dayanıb. Bu prosesin arxasında nə baş verdiyini proqnozlaşdırmaq çətindir.

Amma əsas məsələ ondan ibarətdir ki, “İbrahim razılaşmaları”nın gələcək mövcudluğu artıq sual altındadır.

Avqustun 2-də Fələstin HƏMAS təşkilatı “mübadilə razılaşmasını” tamamilə rədd etdiyini açıqlayıb və bildirib ki, Fələstin müstəqil dövləti “paytaxtı Qüds olmaqla” tanınmadan silahı yerə qoymayacaq. Bu şərt Donald Trampın prezidentliyinin ilk dövrlərindən etibarən başladığı İsrail-Ərəb yaxınlaşması təşəbbüslərinin üstündən xətt çəkir.

Bu şəraitdə Ermənistan-Azərbaycan nizamlanmasını Trampın tərəflərə “təzyiq göstərəcəyinə” bağlamaq, sülh perspektivini “buz üstünə yazıb günəşin altına qoymağa” bənzəyir. Çünki Yaxın Şərqdə “İbrahim razılaşmaları”nın genişlənməsi artıq Fələstin dövlətinin tanınması və ya İsrailin Qəzzadan çıxması kimi şərtlərə bağlanıbsa, Bakı niyə Türkiyəyə, İrana, Rusiyaya və ərəb dünyasına qarşı getsin və belə bir sənədə imza atsın?

Azərbaycan onsuz da İsraillə strateji əməkdaşlıq edir və bu əlaqələri “formal sənədlə” deyil, real tərəfdaşlıqla sübut edib. Qəzza müharibəsindən sonra İsrailin regional çəkisinin zəiflədiyi bir dövrdə Bakı geosiyasi reallıqları dəqiq qiymətləndirərək, öz maraqlarını ön planda tutur. Azərbaycan nəinki sadəlövh deyil, əksinə, İsrail və Türkiyə arasında mümkün geosiyasi rəqabətləri diqqətlə analiz edərək balanslı və çevik diplomatiya yürüdür.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Bakı   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin