Bakı açıq oynayır, İrəvan isə hələ də “xüsusi məlumat” gözləyir – BAXIŞ BUCAĞI

2025/06/1749892255.jpg
Oxunub: 777     15:02     14 İyun 2025    
Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti “sülh müqaviləsi” bəyanatı, əslində, daxili siyasi reytinqini qorumaq və xarici siyasətdə görüntü xilas etmək üçün atılmış uğursuz addımdır. 2022, 2023 və 2024-cü illərdə eyni ritorika ilə çıxış edən Paşinyan bu dəfə də 2025-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirir. Lakin reallıqda bu bəyanat, İrəvanın proseslər üzərində hər hansı təsir imkanının qalmadığını bir daha nümayiş etdirir.

Ermənistan rəhbərliyi bu məsələni öz seçki kampaniyasının mühüm elementi kimi təqdim etməyə çalışır. Paşinyan “sülh müqaviləsi”ni daxili auditoriyaya tarixi diplomatik uğur kimi göstərmək istəyir. Halbuki real vəziyyətdə bu sənədin formalaşdırılması, məhz Azərbaycanın diktə etdiyi şərtlər çərçivəsində və regional balansın dəyişməsi kontekstində mümkün olacaq.

Azərbaycan öz daxili və xarici siyasi proseslərini artıq 2025-ci il üçün tam şəkildə planlaşdırıb və bu planlar Ermənistanın manipulyativ diplomatiyası ilə üst-üstə düşmür. Prezident və parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi də bu planlamanın mühüm hissəsi idi. Bu addımla Azərbaycan özünü 2025-ci ildə baş verə biləcək bütün regional hadisələrə hazırlamış və siyasi “təqvim yükü”ndən azad etmiş oldu.

Paşinyan tərəfi isə hələ də illüziyalardan qurtula bilməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibinin dediyinə görə, guya İrəvanın əlində sübut yoxdur ki, Azərbaycan İranla bağlı eskalasiya fonunda Ermənistan əleyhinə hansısa plan qurur. Lakin sual yaranır – əgər Bakı hərbi təlimlər keçirir, strateji addımlar atırsa və regional müttəfiqləri ilə aktiv təmasdadırsa, bu özlüyündə açıq mesaj deyilmi? Ermənistanın xüsusi kəşfiyyat məlumatına ehtiyacı yoxdur, çünki Azərbaycan heç bir addımını gizlətmir.

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri, müdafiə sənayesi üzrə koordinasiya və regionda aparılan logistik və infrastruktur layihələri Bakı üçün strateji üstünlük yaratmaqla yanaşı, Ermənistanın boş ritorikasını tam neytrallaşdırır. Bakı göstərir ki, Ermənistanın ritorikasına və “yalvarışla sülh” diplomatiyasına cavab verməyə belə lüzum görmür.

Bu səssizlik – Ermənistanın iddia etdiyi kimi passivlik deyil – əksinə, strateji üstünlüyün və diplomatik ağırlığın göstəricisidir. Azərbaycan nəinki cavab vermir, hətta şərtləri özü müəyyən edir.

Paşinyan üçün isə “sülh müqaviləsi” sadəcə siyasi məqsədlərə xidmət edən, reallıqdan uzaq diplomatik alətə çevrilib. 2025-ci ilin region üçün kritik bir mərhələ olacağı artıq indidən görünür. Azərbaycan bu mərhələyə siyasi, diplomatik və hərbi cəhətdən tam hazırdır. Ermənistan isə hələ də populist çıxışlar və qeyri-real gözləntilərlə özünü inandırmağa çalışır. Lakin regionda reallıqları artıq Bakı diktə edir və Ermənistanın bu reallıqları qəbul etməkdən başqa alternativi yoxdur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   İrəvan  


Bizi "telegram"da izləyin