Norlandın Moskvaya gəlişi müsbət siqnal, yoxsa əks-reaksiyadır? – BAXIŞ BUCAĞI

2025/06/1749889738.jpg
Oxunub: 471     12:02     14 İyun 2025    
Moskvada ABŞ səfiri Lin Treysi vəzifəsindən ayrılır. Bu barədə TASS agentliyinə istinadən Rusiyadakı ABŞ səfirliyi məlumat verib. Treysi bu vəzifəyə 2023-cü ilin yanvarında təyin edilmişdi. O, bundan əvvəl ABŞ-nin Ermənistandakı səfiri olub, daha əvvəl isə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunda baş müşavir kimi çalışıb və Rusiya ilə münasibətlərə məsul olub.

Əgər mətbuatda onu Riçard Norlandın əvəz edəcəyi məlum olmasaydı, Rusiya-ABŞ münasibətlərinin “yenidən yüklənməsi” mərhələsində Moskvadakı səfir dəyişikliyi mühüm hadisə kimi qiymətləndirilə bilərdi. Norlandın diplomatik sahədə otuz ildən artıq təcrübəsi var, daha əvvəl ABŞ-nin Gürcüstan və Özbəkistandakı səfiri olub. Diqqətçəkən məqam isə odur ki, bu vəzifəyə onun namizədliyi hələ Baydenin prezidentliyinin son aylarında irəli sürülüb və yeni administrasiya həmin qərarı ləğv etməyib.

Moskvada ABŞ-nin yeni səfiri, ola bilsin ki, təcrübəli diplomatdır, lakin bu təyinatdan belə nəticə çıxarmaq olar ki, Rusiya-ABŞ münasibətləri, tərəflərin verdiyi bəyanatlara baxmayaraq, hələ də normallaşmayıb və irəliləyiş ehtimalı, ən yumşaq desək, o qədər də yüksək deyil.

Donald Trampın prezidentliyə başlamasından bir ay sonra, məlum olduğu kimi, İstanbulda Rusiya-ABŞ danışıqları başlamışdı. Məqsəd diplomatik münasibətlərin tam şəkildə bərpası və gələcək əməkdaşlığın konturlarının müəyyənləşdirilməsi idi. Həmin danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev rəhbərlik edirdi.

Martın 6-da Aleksandr Darçiyev Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə ABŞ-da Rusiyanın fövqəladə və səlahiyyətli səfiri təyin olundu. Martın 25-də o, Vaşinqtona gəlib, etimadnaməsini ABŞ prezidenti Donald Trampa təqdim edib və vəzifəsinin icrasına başlayıb.

İyun ayının 10-da Darçiyev TASS-ın müxbirinə bildirib ki, Rusiya və ABŞ arasında razılaşma əldə olunub və gələcək danışıqlar artıq İstanbulda deyil, tərəflərin paytaxtlarında keçiriləcək. O, yaxın zamanlarda Amerika nümayəndə heyətinin Moskvaya gələcəyini də elan edib.

Bu fonda Moskvada ABŞ səfiri postuna Riçard Norlandın təyin olunması haqda məlumat, əgər həqiqətə uyğundursa, olduqca qeyri-adi görünür. Məsələ burasındadır ki, Rusiya ABŞ-də səfir vəzifəsinə Xarici İşlər Nazirliyində kifayət qədər yüksək vəzifə tutan şəxsi – Şimali Amerika departamentinin direktorunu – təyin edib. Vaşinqtonun diplomatik cavabı isə bu baxımdan ekvivalent sayıla bilməz.

Ehtimal etmək olar ki, Rusiya-ABŞ münasibətlərində toplanmış problemlər Tramp administrasiyasının düşündüyündən daha mürəkkəb və çətin həll olunandır. Buna görə də Vaşinqton formal olaraq müsbət dinamikanı qorumağı planlaşdırır, lakin əsaslı fikir ayrılığı doğuran məsələlərin müzakirəsini təxirə salır.

İstisna edilmir ki, Moskvada Tramp administrasiyasından daha böyük gözləntilər olub və ya münasibətlərin “yenidən yüklənməsi” prosesi Ukraynada müharibənin davam etdirilməsi üçün diplomatik zəmin kimi nəzərdən keçirilib. Vaşinqton isə göstərir ki, danışıqlar ayrı, prinsipial məsələlərdə güzəşt ayrıdır. Hər bir halda, Bayden tərəfindən Rusiyada səfir postuna namizəd göstərilən Riçard Norlandın təyinatı baş tutarsa, bu, belə yozula bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norland   Moskva   ABŞ  


Bizi "telegram"da izləyin