Bu gün Laçın şəhərində Azərbaycan Prezidentinin sakinlərlə səmimi görüşü təkcə bir rəhbər və xalq arasında dialoq deyildi. Bu görüşdə görünənlər qədər görünməyənlər, deyilənlər qədər deyilməyənlər də çox şey söyləyirdi. Söhbət əsnasında hərbi formada olan balaca bir uşağa Prezidentin söylədiyi sözlər Vətənə sevginin, gələcəyə inamın və dövlətin xalqla qırılmaz tellərlə bağlı olduğunun simvolik ifadəsi idi.
Siyasətdən Ötə – Bir Liderin Xalqla Bağı
İlham Əliyev bu illər ərzində sadəcə dövlət başçısı kimi yox, həm də tarixi məsuliyyət daşıyan bir lider kimi tanınıb. Qarabağın işğaldan azad olunması, həmin torpaqlarda aparılan bərpa və quruculuq işləri, köçkünlərin öz yurdlarına geri qaytarılması – bütün bu proseslər onun rəhbərliyi altında bir strateji xəttin hissələridir. Laçında sadə vətəndaşlarla bərabər şəkil çəkdirmək, onların evlərinə getmək istəklərinə “olar” demək, uşaqlara gələcək arzuları dilə gətirmək – bunlar süni deyil, inamla atılmış addımlardır.
Bu cür anlarda İlham Əliyev təkcə Prezident olaraq deyil, həm də tarixlə üz-üzə gələn, millətin yaddaşına toxunan bir şəxsiyyət olaraq görünür. Onun Laçında dediyi “Sən mütləq general olacaqsan” ifadəsi isə bir azyaşlının təxəyyülündəki oyunu gerçəkliyə, simvola çevirir. Bu, gələcək nəsillərin milli ruhla yetişməsinin, bu torpaqlarda vətənpərvərliyin necə toxunduğunun göstəricisidir.
Gələcəyin Ona Gəldiyi An
Burada paradoksal, amma dərin bir məna var: Gələcək hələ uşaq yaşındadır, lakin Prezident onu artıq “general” görür. Bu, dövlət rəhbərinin öz xalqının sabahına olan inamıdır. O, bu uşağın timsalında minlərlə Laçınlı, Qarabağlı, Şərqi Zəngəzurlu uşağı görür – torpaqlarına qayıdan, doğma elində böyüyən və bu torpağı qoruyacaq yeni nəsli.
Bu bir ümidin, bir vizyonun ifadəsidir: Dövlət yalnız bu günü deyil, sabahı da düşünür. Hər bir məktəb, hər bir xəstəxana, hər bir hava limanı yalnız infrastruktur deyil, həm də gələcəyə qoyulan sərmayədir. Hər bir uşaq gələcək generalların, alimlərin, mühəndislərin, müəllimlərin təcəssümüdür.
Prezident bu səfəri ilə göstərdi ki, dövlət sadəcə sərhədləri ilə deyil, dəyərləri, münasibətləri, xatirələri və arzuları ilə də var olur. Bir uşaqla söhbət, onun hərbi formasına təbəssümlə baxmaq, rütbəsinin kim tərəfindən verildiyini soruşmaq – bütün bunlar liderin səmimi və insani tərəfini açıq şəkildə ortaya qoyur.
İlham Əliyev – Vətənə Baxan Gələcəyin Siması
Bu görüş göstərdi ki, xalqın rəhbəri torpağa qayğı ilə yanaşır, hər bir evin, hər bir sakinin, hər bir uşağın yaddaşına bir ümid toxumu səpir. O toxumun adı – “Sən mütləq general olacaqsan!” – təkcə bir arzunu deyil, həm də milli ruhun dirçəlişini ifadə edir. İlham Əliyev yalnız bu günü idarə etmir, gələcəyin də ona gəldiyinin fərqindədir və bu gələcək artıq Laçındadır, Füzulidədir, Şuşadadır, Zəngilanda, Ağdamdadır.
Bu görüşlə dövlət və xalq bir daha bir-birinə “Biz buradayıq, bir yerdəyik” mesajını verdilər. Gələcək artıq gəlir – forma geyinmiş bir uşaq timsalında, general ruhunda.
Baş redaktor Şahin Qocayev
Ordu.az