Çin Naxçıvan-Urumçi xəttində: Zəngəzur dəhlizinə Pekindən yaşıl işıq?

2025/04/1745484303.jpg
Oxunub: 1298     14:02     24 Aprel 2025    
Azərbaycan Prezidenti İlham Əliyev dövlət səfəri ilə Çindədir. Səfər çərçivəsində Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinlə “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ondan artıq sahəni əhatə edən bir sıra əməkdaşlıq sənədləri imzalayıb. Prezidentin Pekinə səfəri olduqca təmsilçi heyətlə baş tutub. Tərkibə Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov və digər yüksək vəzifəli rəsmi şəxslər daxildir.

Səfərin diqqətçəkən məqamlarından biri də Çinin Sincan-Uyğur Muxtar Rayonu nümayəndəsinin danışıqlara qatılması və “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nun imzalanması oldu. Azərbaycan tərəfindən bu sənədi Çindəki səfir Bünyad Hüseynov, Çin tərəfdən isə Urumçi şəhərinin meri Yaqub Paydulla imzalayıb.

Qeyd etmək lazımdır ki, Çin üçün Sincan-Uyğur bölgəsi həmişə strateji əhəmiyyətə malik olub və uzun illər ərzində Pekin bu regionda sabitlik və təhlükəsizliyi təmin etmək üçün müxtəlif addımlar atıb. Bölgədəki etnik sabitlik və təhlükəsizlik Çinin daxili siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan və Çin arasında Naxçıvan-Urumçi xəttində əməkdaşlığın qurulması bu baxımdan qarşılıqlı maraqları ifadə edir: Azərbaycan üçün Naxçıvanın inkişafı və təcriddən çıxarılması, Çin üçün isə Mərkəzi Asiyada etibarlı tərəfdaşlıqların möhkəmləndirilməsi.

Əlavə olaraq, məlumdur ki, Çin “Orta Dəhliz” layihəsinin əsas maraqlı tərəflərindəndir. Gürcüstanın Anakliya liman layihəsi başa çatmaq üzrədir, lakin Avropa ilə planlaşdırılan ticarət dövriyyəsini tam şəkildə həyata keçirmək üçün Çinə bu dəhlizin cənub qolu da lazımdır. Bu kontekstdə Zəngəzur bölgəsində Azərbaycan ərazisindən keçəcək dəmir yolu marşrutunun bərpası Pekin üçün logistik baxımdan əhəmiyyətli alternativ ola bilər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda bildirib ki, Bakı ilə Naxçıvan arasında əlaqə maneəsiz və birbaşa olmalıdır. Bu, Azərbaycanın ərazi bütövlüyü və daxili əlaqələrinin təmin olunması baxımından haqlı və prinsipial mövqedir. Azərbaycanın bu mövqeyi 1921-ci il Moskva və Qars müqavilələrinə tam uyğun gəlir. Həmin müqavilələrdə Naxçıvan Azərbaycanın tərkibində tanınıb və bu status beynəlxalq hüquqla təsdiqlənib.

Bu baxımdan, Pekinlə Naxçıvan arasında əməkdaşlıq təşəbbüsü həm Azərbaycanın regionda iqtisadi və geosiyasi gücünü artırır, həm də Çinin regional ticarət marşrutlarında sabitlik və etibarlılığı təmin edən oyunçu kimi rolunu gücləndirir. Çin həm Rusiya, həm də İranla strateji əməkdaşlıq əlaqələrinə malikdir. Bununla yanaşı, son illərdə Çin-Türkiyə münasibətlərində də əhəmiyyətli istiləşmə müşahidə olunur. Bu konfiqurasiya fonunda Çin Zəngəzur dəhlizi layihəsində sabitliyin qorunmasında dolayısı ilə vasitəçi və ya təminatçı rolunu oynaya bilər.

Əlbəttə, bu əməkdaşlıq təşəbbüsləri Ermənistan tərəfindən narahatlıqla qarşılanır. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması yalnız Azərbaycanın maraqlarına deyil, regionun geoiqtisadi inkişafına da zərbə vurur. Əgər Ermənistan regional inteqrasiyaya açıq yanaşmaq əvəzinə destruktiv mövqe sərgiləyərsə, bu, onun Çin kimi qlobal güclə əməkdaşlıq fürsətlərini də məhdudlaşdıracaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Naxçıvan   Urumçi   Zəngəzur  


Bizi "telegram"da izləyin