Erməni deputat açıq şəkildə bildirib ki, Ermənistan rəsmiləri bu gün sərbəst şəkildə Vardenis, Vayk və Masisə gedə bilirlərsə, bu, “Qarabağ hərəkatı”nın nəticəsidir. O, demək istəyir ki, bu ərazilər əvvəllər azərbaycanlıların yaşadığı torpaqlar olub və həmin hərəkat nəticəsində bu ərazilər erməniləşdirilib.
Bu bəyanat Ermənistanın 1988-1992-ci illər arasında həyata keçirdiyi etnik təmizləmə siyasətini birbaşa təsdiqləyir. Xatırladaq ki, Ermənistan ərazisindən 250 mindən çox azərbaycanlı zorla çıxarılıb, onların evləri yandırılıb, əmlakları talan edilib, yüzlərlə insan qətlə yetirilib. Ermənistan bu günədək bu faktları ya inkar edir, ya da susqunluqla ört-basdır etməyə çalışırdı. Lakin Geğam Manukyanın parlament tribunasından verdiyi bu bəyanat, sanki Ermənistanın arxivlərində gizli saxladığı bir cinayət etirafıdır.
Bu, təkcə siyasi ritorika deyil – bu, beynəlxalq hüquqda “etnik təmizləmə” adlandırılan və “insanlığa qarşı cinayət” kimi tanınan hərəkətin açıq şəkildə boynuna alınmasıdır. Ermənistan tərəfi bu etirafla Azərbaycan tərəfindən beynəlxalq təşkilatlara təqdim olunan Qərbi Azərbaycan həqiqətlərinin əsas hüquqi və tarixi arqumentlərini dolayısı ilə təsdiqləmiş oldu.
Azərbaycan dəfələrlə bildirib ki, Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlılar doğma yurdlarına qayıtmaq hüququna malikdirlər. BMT-nin Qaçqınların Statusu haqqında Konvensiyası (1951), İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi (1948) və Avropa İnsan Hüquqları Konvensiyası (1950) kimi sənədlər bu hüququ tanıyır. Geğam Manukyanın bəyanatı isə bu hüququ yalnız daha da möhkəmləndirir və Ermənistanı beynəlxalq arenada hüquqi məsuliyyətə yaxınlaşdırır.
Erməni siyasi dairələrinin daxili auditoriyaya hesablanmış populist çıxışlarının qlobal nəticələri ola bilər. Belə çıxışlar, Ermənistanın bu gün də monoetnik dövlət olaraq qalmasını və azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik siyasətini davam etdirdiyini sübut edir. Bu həm də Ermənistanda multikulturalizmin, tolerantlığın yoxluğunu göstərir. Əgər Ermənistan demokratik və hüquqi dövlət iddiasındadırsa, o zaman bu cür ekstremist bəyanatlara qarşı sərt mövqe tutmalı, belə ritorikaya yol verən deputatlara hüquqi və siyasi qiymət verməlidir.
Bu cür çıxışlar Azərbaycanın Qərbi Azərbaycan həqiqətlərinin əsaslı və legitim olduğunu sübut etmək üçün hüquqi və faktiki əsaslar yaradır.
Bir tərəfdən “sülh”dən danışan Ermənistanın digər tərəfdən bu cür etnik təmizləməni təqdir etməsi onun beynəlxalq ictimaiyyət qarşısında ikiüzlü mövqeyini açıq şəkildə üzə çıxarır. Bu çıxış beynəlxalq platformalarda, xüsusilə BMT, Avropa Şurası və Aİ kimi qurumlarda erməni şovinizminin və monoetnik dövlət siyasətinin sübutu kimi təqdim edilə bilər.
Beləliklə, Ermənistan cəmiyyəti və siyasi elitası artıq anlamalıdır ki, bu cür bəyanatlarla onlar nəinki Azərbaycanla münasibətlərin normallaşmasına töhfə vermirlər, əksinə, regionda sülhə və əməkdaşlığa ağır zərbə vururlar. Azərbaycanın isə bu və buna bənzər bütün faktları sistemli şəkildə beynəlxalq təşkilatların diqqətinə çatdırması, hüquqi-siyasi mübarizədə daha çevik və qətiyyətli addımlar atması zəruridir.
Aqil Məmmədov
Ordu.az