Papa Fransiskin son çıxışında Cənubi Qafqazda sülhə çağırışı, Ermənistan və Azərbaycan arasında müqavilənin imzalanmasını diləməsi qeyd edilsə də, onun dövründə Sülh Taxt-Tacının Cənubi Qafqaza münasibəti tam neytral sayıla bilməzdi. Xüsusilə də Ermənistana yaxın dairələrin və Vatikan daxilindəki erməni dini institutlarının bu mərkəzə təsir imkanları uzun illərdir bilinir.
Azərbaycan üçün Yeni Diplomatik İmkanlar
Papa Fransiskin vəfatı ilə açılan “post-Fransisk” dövrü Azərbaycanın bu mühüm mənəvi güc mərkəzi ilə əlaqələrini daha balanslı və konstruktiv şəkildə qurmaq fürsətidir.
Bunun üçün əsaslar kifayət qədər möhkəmdir:
1. Multikulturalizm təcrübəsi – Azərbaycan həm İslam, həm də digər dinlərə münasibətdə tolerantlıq modeli təqdim edib. Qədim Alban kilsələrinin qorunması, xristian icmaların dövlət dəstəyi ilə fəaliyyəti buna nümunədir.
2. Qarabağda dini irsin bərpası – Qarabağ azad olunduqdan sonra Azərbaycan regiondakı erməni kilsələrinin və xristian abidələrinin təmiri və qorunması üzrə addımlar atıb. Bu, Vatikanın narahat olduğu “mədəni irs” məsələsində Bakının əsl mövqeyini göstərmək üçün mühüm arqumentdir.
3. Ermənistanın saxta tarixi təqdimatı – Ermənistanın son illərdə Vatikan daxilində təşkil etdiyi saxta “elmi tədbirlər”də guya Azərbaycanda “xristian mirasının məhv edildiyi” iddiası səsləndirilib. Halbuki bu tədbirlər gerçəkdə elmi yox, siyasi və ideoloji yönə malik manipulyasiyalardır. Ermənistan Azərbaycanın ərazisindəki xristian alban irsini erməni mirası kimi təqdim edərək, Vatikanı və Qərb elmi dairələrini aldadıb.
Vatikan üçün Kritik Seçim: Yeni papa və Qafqaz siyasəti
Yeni papa seçkisi yalnız katolik kilsəsinin daxilindəki mənəvi liderlik məsələsi deyil, həm də Vatikanın qlobal siyasətdə hansı kursu seçəcəyini müəyyən edəcək.
• Əgər Vatikan yeni dövrdə daha mühafizəkar və ədalətə əsaslanan siyasət yürüdərsə, Azərbaycan bu prosesdə öz dəyərlərini və obyektivliyini tanıda bilər.
• Əks halda, Ermənistanın dezinformasiyaya əsaslanan təsiri altında formalaşan dini-siyasi xətt davam edərsə, bu, regionda sülhə və gerçək barışa zidd olacaq.
Azərbaycan bu kontekstdə dini diplomatiya sahəsində daha çevik və strateji fəaliyyət göstərməlidir. Dövlət qurumları ilə yanaşı, Azərbaycandakı xristian icmaları, tarixçilər və beynəlxalq ekspertlər səviyyəsində də Vatikanla əlaqələr qurulmalı, Azərbaycandakı real tolerantlıq nümunələri təqdim edilməlidir.
Nəticə: Ermənilər özlərini ifşa edir, Azərbaycan həqiqəti təqdim etməlidir
Ermənistanın Vatikan üzərindən həyata keçirdiyi dezinformasiya siyasəti artıq ifşa olunmaq üzrədir. Saxta tədbirlər, uydurma “tarixi dəlillər”, dini mərkəzlərə təzyiq siyasəti – bunlar Ermənistanın “xristian dəyərləri”nə yox, siyasi məqsədlərinə xidmət etdiyini göstərir.
Bu mənada yeni dövr – Papa Fransiskdən sonrakı dövr, Azərbaycan üçün həm Ermənistanın ikiüzlülüyünü ifşa etmək, həm də dünyaya öz ədalətli və tolerant yanaşmasını göstərmək baxımından ciddi bir fürsətdir.
Aqil Məmmədov
Ordu.az