Sinirlioğlunun İrəvan səfəri: Ya sülh və əməkdaşlıq, ya da təcrid və revanşizmin bataqlığı

2025/04/1745315872.jpg
Oxunub: 1086     15:27     22 Aprel 2025    
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu bu günlərdə regional səfəri çərçivəsində Ermənistana baş çəkdi. O, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirdi. Səfərin gündəliyindəki əsas mövzulardan biri ATƏT-in Minsk Qrupunun fəaliyyəti və onun tamamilə ləğv olunması məsələsi idi. Bu məsələ, məlum olduğu kimi, Azərbaycan tərəfindən Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürülür.

Azərbaycanın Minsk Qrupunun ləğvini tələb etməsi sadəcə siyasi yox, həm də hüquqi və mənəvi əsaslara dayanır. Bu qrup 30 ilə yaxın bir müddətdə Qarabağ münaqişəsinin həlli ilə məşğul olduğunu iddia etsə də, real nəticələr əldə olunmadı. Əksinə, Ermənistanın işğalçılıq siyasətinə və faktiki status-kvonun möhkəmlənməsinə şərait yaratdı. 1992-ci ildə yaradılmış bu formatın fəaliyyəti 2020-ci ildə Azərbaycanın hərbi və diplomatik zəfəri ilə tam mənasız oldu. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Belə olan halda, Minsk Qrupunun mövcudluğunun heç bir hüquqi, siyasi və mənəvi əsasının qalmadığı aydındır.

Bu gün Minsk Qrupunu yaşatmaq cəhdləri, əslində, Ermənistanın münaqişəni yenidən gündəmə gətirmək cəhdidir. Ermənistan Minsk Qrupunu bir növ “təhlükəsizlik yastığı” kimi saxlamaqla, gələcəkdə revanşist gündəm üçün əsas saxlamış olur.

Erməni tərəfi Sinirlioğlu ilə görüşdə guya sülh müqaviləsi ilə paralel olaraq Minsk Qrupunun ləğvi üçün ortaq bəyanat təqdim etməyə hazır olduğunu bildirib. Lakin bu yanaşma manipulyativdir. Ermənistan bu günədək istənilən sülh prosesində ya süründürməçilik edib, ya da birtərəfli şərtlər irəli sürüb. İkinci Qarabağ müharibəsindən sonra da eyni siyasət davam edir: sülh danışıqlarında iştirak görüntüsü yaratmaqla yanaşı, faktiki olaraq prosesin irəliləməsinə əngəl olmaq.

Azərbaycan isə tam aydın və konkret tələb qoyur: artıq mövcud olmayan bir formatın – Minsk Qrupunun – hüquqi ləğvi. Çünki bu qrup yalnız keçmişdəki münaqişə dövrünə aiddir, bugünkü geosiyasi və hüquqi reallıqlarda isə belə bir strukturun mövcudluğu absurddur.

ATƏT-in Baş katibi Sinirlioğlunun açıqlamaları, əslində, Azərbaycan mövqeyinə yaxın çağırışdır. Onun “regi¬onda sülh üçün real fürsət var və bundan istifadə etmək lazımdır” fikri, Ermənistana çağırışdır ki, məsələni süni şəkildə uzatmaqdan əl çəksin. Yəni bu, açıq şəkildə bildirir ki, Ermənistan sülh üçün şərtləri qəbul etməli və öz məsuliyyətindən yayınmamalıdır.

Bəzi erməni mənbələri Sinirlioğlunun türkiyəli diplomat olmasına eyham vuraraq onun obyektivliyini şübhə altına almağa çalışırlar. Halbuki bu yanaşma həm etnik ayrı-seçkilik, həm də qeyri-ciddi diplomatik arqumentdir. Sinirlioğlu bu gün ATƏT-in beynəlxalq mandatlı nümayəndəsidir və onun irəli sürdüyü mövqe həm ATƏT-in, həm də ümumi Qərb diplomatiyasının çağırışları ilə üst-üstə düşür.

Minsk Qrupunun ləğvi təkcə Azərbaycanın deyil, həm də ATƏT-in öz nüfuzu üçün vacib addımdır. Bu qrup uzun illər fəaliyyətsizliyi ilə fərqləndi, işğalı pisləmədi, münaqişənin ədalətli həlli üçün real addım atmadı. Əgər bu format rəsmən ləğv edilməzsə, gələcəkdə ATƏT-in beynəlxalq hüquqda etibarlılığına da kölgə düşəcək.

Hazırda beynəlxalq hüquq çərçivəsində məsələ birdir: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Minsk Qrupunun ləğvinə razılıq verməli və post-münaqişə dövrünə uyğun davranmalıdır.

Azərbaycanın tələbləri konstruktiv, beynəlxalq hüquqa uyğun və aydındır. Ermənistan isə yenə də köhnə taktikalardan əl çəkmir. ATƏT-in Baş katibinin Ermənistana verdiyi mesaj da bunu təsdiqləyir: fürsət indi var – ya sülh və əməkdaşlıq, ya da təcrid və revanşizmin bataqlığı.

Ermənistan nə qədər tez reallığı qəbul etsə, bir o qədər tez bölgədə davamlı sülh və inkişaf təmin oluna bilər. Əks halda, tarix və reallıq bir daha Azərbaycanın haqlı olduğunu sübut edəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinirlioğlu   İrəvan  


Bizi "telegram"da izləyin