Moskva-Ankara Dialoqu: Yeni Geosiyasi Kartlar və Azərbaycanın Regional Maraqları

2025/04/16399-1745315764.jpg
Oxunub: 805     16:28     22 Aprel 2025    
2025-ci ilin aprelində Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin tam tərkibdə Moskvaya səfəri regional diplomatiyada diqqətçəkən hadisə oldu. Komitə sədri Fuad Oktayın açıqlamasına əsasən, səfərin məqsədi ikitərəfli münasibətləri daha da möhkəmləndirmək və qlobal-regional hadisələrlə bağlı fikir mübadiləsi aparmaqdır.

Bu səfərin fonunda bəzi dairələr Türkiyənin guya geosiyasi təşəbbüslərdə “geri planda” qalmağa başladığını iddia etsələr də, hadisələrin analitik təhlili göstərir ki, Ankara hələ də bölgənin açar oyunçularından biridir – xüsusən Rusiya, Qafqaz və Yaxın Şərq xəttində.

Son iki ildə Rusiya Prezidenti Vladimir Putinin hələ də Ankaraya rəsmi səfər etməməsi, bəzi media orqanları tərəfindən Türkiyənin “iqnoru” kimi təqdim edilsə də, əslində bu, daha çox qlobal güclər arasında davam edən çoxistiqamətli diplomatik oyunların tərkib hissəsidir. Moskva, Vaşinqtonla Ukrayna böhranı üzərindən birbaşa danışıqları prioritet görsə də, Türkiyənin vasitəçiliyi, xüsusən də ABŞ-Avropa “triosu”nun dominantlığına qarşı balans yaratmaq məqsədilə potensial olaraq masa üzərində qalır.

Məhz bu konteksdə Türkiyə parlamentinin nümayəndə heyətinin Moskvaya səfəri həm Ukrayna məsələsində, həm də Yaxın Şərqdə – xüsusilə Suriya və Cənubi Qafqazda – yeni diplomatik kombinasiyaların müzakirəsi baxımından əhəmiyyətlidir.

Türkiyənin Suriyadakı maraqları, İsrailin son açıqlamaları fonunda yenidən aktual olub. İsrail tərəfi Suriyanın cənubundakı boşluqları dəyərləndirərək bölgədə qalıcı olacağını elan edib. Bu isə Suriyanın qərbində yerləşən Rusiya hərbi bazalarının və Moskva-Ankara koordinasiyasının yeni aktuallıq qazanması deməkdir.

Belə bir geosiyasi mənzərədə Türkiyə və Rusiyanın Suriya üzrə fikir ayrılıqlarına baxmayaraq, ortaq maraq nöqtələri tapmaq cəhdləri Azərbaycanın da maraqlarına uyğun gəlir. Çünki Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün Türkiyə və Rusiyanın qarşıdurmadan daha çox koordinasiyaya meyilli olması vacibdir.

Moskva və Ankaranın eyni vaxtda Ermənistanla bağlı diplomatik kanallarda aktivləşməsi – xüsusilə Rusiyanın Ermənistana və Ermənistan-Türkiyə normallaşmasına “dəstək” açıqlamaları – Azərbaycanda diqqətlə izlənməlidir. Çünki bu təşəbbüslər Ermənistanın maraqlarına uyğun şəkildə yönəldilərsə, Azərbaycanın regiondakı suveren maraqları zərər görə bilər.

Ancaq indiki mərhələdə Azərbaycanın həm Moskva, həm Ankara ilə strateji tərəfdaşlıq əlaqələri, o cümlədən 10 noyabr üçtərəfli bəyanatına əsaslanan real statusu, diplomatik balansı saxlamağa və öz maraqlarını təmin etməyə imkan verir. Ermənistanın sülh müqaviləsi məsələsində süni manevrlərinə qarşı həm Rusiya, həm də Türkiyə təzyiq mexanizmlərinə malikdir.

Moskva-Ankara əlaqələrinin hazırkı mərhələsi Azərbaycan üçün böyük imkanlar yaradır. Əgər bu platforma vasitəsilə Ermənistanın destruktiv davranışlarının qarşısı alınarsa və regional sülh təşəbbüsləri reallaşarsa, Azərbaycan üçün daha dayanıqlı təhlükəsizlik mühiti formalaşacaq. Əks halda, proseslərə daha aktiv şəkildə müdaxilə etmək zərurəti ortaya çıxacaq.

Azərbaycan diplomatiyası həm Ankarada, həm Moskvada baş verənləri diqqətlə izləməli, prosesləri öz maraqları yönündə yönləndirmək üçün hazır olmalıdır. Ermənistanın “məntiqsiz vasitəçi diversiyası”na qarşı yalnız koordinasiyalı regional əməkdaşlıq uğur və sabitlik gətirə bilər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Ankara   Dialoq  


Bizi "telegram"da izləyin