Bəs birdən şahzadə, qurbağa və Avropa ordusu nağılı əksinə cərəyan etsə? – ANALİZ

2025/04/1745220414.jpg
Oxunub: 1109     13:25     31 May 2025    
Avropa təhlükəsizlik və müdafiə məsələlərini Avropa araşdırmalarının normativ paradiqması ilə qiymətləndirməyin qaçılmaz bir analitik problemi var: Nağılın sonunda şahzadənin qurbağanı öpəcəyi, qurbağanın ağ atlı şahzadəyə çevriləcəyi və hekayənin xoşbəxt sonla bitməli olduğuna dair bir obsesiyanın hökm sürməsi. Çünki bu sahədə hakim olan liberal yanaşma çox vaxt acı və sadə olan geosiyasi təhdidlərin və realpolitik reallıqların gözdən qaçmasına səbəb olur, gerçəklərə inanmaqdan imtina edir.

Transatlantik siyasi fərqlərin daha da nəzərə çarpdığı və Vaşinqtonla Brüssel arasındakı çatların ön plana çıxdığı bir şəraitdə irəli sürülən şərhlər müdafiə kəşfiyyat analizindən və ya milli təhlükəsizlik siyasəti qiymətləndirməsindən daha çox, xeyirlə şərin mübarizəsinin hökm sürdüyü epik nağıllara çevrilir. Halbuki peşəkar səviyyədə hərbi elmlər və müdafiə planlaması çox vaxt riyazi modellərlə ifadə olunan, bir çox aspektləri elmi əsaslara söykənən və ya döyüş meydanında sınaqdan keçirilmiş və ya müharibə tarixində qeyd olunmuş faktlardan ibarətdir.

Cari siyasi-hərbi məsələlər dünyasında nə cadugərlər, nə uçan atlar, nə də sehrli çubuqlar mövcuddur. Bu dünyada Şimali Koreya lideri Kim Çen İnin öz hərbi müşaviri də daxil olmaqla, üç yüksək səviyyəli generalın komandanlığı altındakı 11-ci korpusun Rusiyada, Kurskda yerləşən birlikləri var. Həmin birliklər yaxın vaxtlarda Ukraynanın işğal altındakı bölgələrində fəaliyyət göstərə bilər və Avropanın dərhal qonşuluğunda Şimali Koreya hərbi varlığı artıq dərinləşmiş olacaq. Gerçək dünyada, Rusiyada Tatarıstan bölgəsində pilotsuz uçuş aparatları fabriki quran İran İnqilab Keşikçiləri Korpusu və işğal altındakı torpaqlarda hər bir ukraynalının nəzarətindən məsul olan Rusiya Federal Milli Qvardiya Xidməti (Rosqvardiya) var. Heç bir Avropa İttifaqı ölkəsinin silahlı qüvvələri, Rusiya Silahlı Qüvvələrini demirik, hətta Milli Qvardiyasını say baxımından keçmir. Gerçək dünyada, sahə araşdırmaları zamanı şahidi olduğumuz Buça və İrpin şəhərlərindəki kütləvi məzarlıqlar mövcuddur.

Bu dünyanın alqoritmini Avropa İttifaqı bürokratları və ya Avropa araşdırmaları deyil, Sovet kəşfiyyatının son nəsli yazıb. Həmin elit qrup Soyuq Müharibənin sonunda Şərqi Almaniyanın təhlükəsizlik xidməti STASI ilə sıx işləyib, 90-cı illərdə minlərlə mülki vətəndaşın həyatına səbəb olan rus-çeçen müharibələrini Qroznı dağıntıları üzərində “qalib” tamamlayıb və Ukraynanın yanında bir güllə atmadan Belarusun faktiki ilhaqını həyata keçirib. Gerçək dünyada Belarus Rusiyanın taktiki nüvə silahlarına ev sahibliyi edir. Avropanın buna qarşı verə biləcəyi konkret hərbi cavab isə yoxdur. Pxenyan, Tehran, Moskva və Minskdə oturanların Avropa Ordusu haqqında danışıldığını eşitdikdə narahat olduqlarını düşünmək çətindir.

Avropa müdafiə qabiliyyətindəki məhdudiyyətlər və hərbi reallıqlar

Faktlarla danışmaqda fayda var. Aİ üzvü olan ölkələrin arsenalında müasir döyüş meydanında əməliyyat keçirmək üçün lazım olan informasiya üstünlüyü imkanları yoxdur. Həmin ölkələrin kifayət qədər və genişmiqyaslı radioelektron kəşfiyyat (ELINT), siqnal kəşfiyyatı (SIGINT), havadan erkən xəbərdarlıq və idarəetmə (AWACS) təyyarələri yoxdur. Eyni şəkildə, strateji səviyyədə kəşfiyyat, müşahidə və nəzarət əməliyyatları həyata keçirə biləcək pilotsuz sistemlər də yetərli deyil. Bu imkanların əksəriyyəti NATO çərçivəsində və əsasən ABŞ tərəfindən təmin olunur. Bundan başqa, bu qabiliyyətlərin önəmli bir hissəsinə ABŞ-dən savayı, NATO üzvü, lakin Aİ üzvü olmayan Böyük Britaniya və Türkiyə kimi ölkələr sahibdir. Bundan əlavə, Aİ üzvü ölkələr genişmiqyaslı qüvvə ötürmə əməliyyatları həyata keçirmək və taktik hava vahidlərinin fəaliyyət radiusunu aşan ərazilərdə təsir göstərmək üçün lazım olan havadan yanacaq doldurma və logistika platformalarına da ciddi şəkildə ehtiyac duyur. Bu boşluqlar Aİ-nin rəsmi hərbi dairələrində də etiraf olunur.

Avropanın ciddi çatışmazlıq yaşadığı digər bir sahə də düşmənin cəbhəarxası hədəflərini vurmaq üçün istifadə edilən ATACMS taktiki ballistik raketləri və HIMARS raket sistemləridir. Avropa ordularının bu sahədəki inventarı əsasən ABŞ-nin istehsal etdiyi sistemlərlə əhatə olunub. Türkiyədən başqa bu sahədə ciddi miqyasda taktiki raket istehsal edən Avropa ölkəsi yoxdur.

Aİ üzvü ölkələr bu sahədə ABŞ-dən olan asılılıqlarını Cənubi Koreyanın K-239 və İsrailin PULS kimi sistemləri ilə balanslaşdırmağa çalışırlar. Lakin yetərli sayda alış etmək və ya sənayelərini qısa müddətdə yenidən qurmaq demək olar ki, mümkünsüzdür. Avropanın düşmən dərinliyində yüksək dəyərli hədəfləri vura biləcək raket imkanları məhduddur. Bəzi mütəxəssislər bu qiymətləndirməyə etiraz edərək Fransa, İtaliya, Almaniya və Polşanın 2024-cü ildə imzaladığı “European Long-Range Strike Approach” (ELSA) layihəsini xatırladırlar. ELSA 2030-cu ildən sonra 1000 km-dən artıq məsafəni vura biləcək hücum raketi imkanını əldə etməyi planlaşdırır və Avropa raket nəhəngi MBDA üçün böyük bir silah bazarı yarada bilər. Amma burada əsas problem odur ki, bir çox Avropa kəşfiyyat orqanları yaxın bir neçə ildə dövlətlərarası müharibə riski ilə bağlı xəbərdarlıqlar edirlər. Məsələn, Danimarka Kəşfiyyat Xidməti DDIS-in 2025-ci ilin fevralında hazırladığı hesabat bu cür sənədlərin son nümunələrindəndir. Halbuki NATO baş katibinin keçmiş müavini və tanınmış fransız strateq Kamill Qrand qeyd edir ki, 12 Aİ ölkəsinin arsenalında əsas döyüş tankı, 14-nün isə qırıcı təyyarəsi yoxdur. Müharibələr Avropa Müdafiə Agentliyinin hesabatları və ya Brüssel bürokratlarının çıxışları ilə deyil, real döyüş vasitələri ilə aparılır.

Eyni zamanda Rusiya-Ukrayna müharibəsinin göstərdiyi digər mühüm sahə olan artilleriya sursatı istehsalında da Aİ ölkələrinin ümumi potensialı Rusiyadan geri qalır. Təkcə Şimali Koreyanın Rusiyaya göstərdiyi artilleriya dəstəyi Aİ-nin tamamından daha çox, daha sürətli və daha effektivdir.

Digər mühüm sahə isə 5-ci nəsil taktiki hava hücum qabiliyyətidir. Hal-hazırda Aİ ölkələrinin F-35-ə alternativ olaraq təqdim edə biləcəyi 5-ci nəsil platformaları yoxdur. 4-cü və 4.5-ci nəsil təyyarələrlə aparılacaq hava əməliyyatları “stels” imkanlardan və qabaqcıl sensorların geniş məlumat emalı bacarığı ilə birləşdirilməsindən məhrum qalacaq. Bu çatışmazlıqlar, xüsusilə güclü hava müdafiəsi olan və düşmənin də 4 və 4.5 nəsil platformalarla uçduğu, eyni zamanda güclü radioelektron müharibə tətbiq etdiyi hava məkanlarını son dərəcə təhlükəli edir.

Realpolitik dünyada qurbağalar şahzadəyə çevrilmir

Avropa ordusu və müdafiə avtonomiyası anlayışı illərlə transatlantik münasibətlərdəki hər gərginlikdə qurtarıcı şahzadəsini gözləyən, qüllədə əsir düşmüş bir şahzadəni xatırladır – pəncərədən baxaraq kənardan gələn səsləri dinləyir. Digər tərəfdən, NATO-nu, ABŞ-ni və Aİ üzvü olmayan, lakin ciddi hərbi aktor olan Türkiyə kimi ölkələri nəzərə almadan Avropa müdafiə avtonomiyası ritorikası ilə heç kimi sakitləşdirmək mümkün deyil. Çünki bu nağılda hadisələrin tərsi baş verməyə daha meyllidir. Nağılın sonunda, gözlənilənin əksinə, qurbağa şahzadəni öpə bilər və şahzadənin qalası bir döyüş meydanına çevrilə bilər. Sözlərimizin şişirdilmiş olduğunu düşünən avropalı dostlarımız üçün Kiyev səfəri yetərlidir. Müdafiə məsələlərinə romantik yanaşmaq, ağ atlı şahzadənin gəldiyi xoşbəxt sonları deyil, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Moskva və Leninqrad hərbi dairələrinin birliklərini gətirir. Avropanın artıq xəyala qapılacaq vaxtı yoxdur. Gerçəklikdən yayınmağın alternativi isə çox təhlükəli ssenarilərdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ordu   Analiz  


Bizi "telegram"da izləyin