Bəzi müşahidəçilər Rəcəb Tayyib Ərdoğanın məsələyə dərhal münasibət bildirməməsini zəiflik və ya təsirsizlik kimi qələmə verməyə çalışdılar. Lakin bu yanaşma Türkiyə xarici siyasətinin uzunmüddətli və çoxşaxəli təhlilinə əsaslanmır. Ankara artıq uzun müddətdir ki, həm Avropa İttifaqı ilə strateji əməkdaşlıq aparır, həm də türkdilli dövlətlərlə münasibətlərini möhkəmləndirir. Belə bir vəziyyətdə Ərdoğanın açıq reaksiyadan çəkinməsi diplomatik uzaqgörənliyin və balanslı siyasətin nümunəsidir.
Ərdoğan yaxşı anlayır ki, Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında münasibətlərin inkişafı bütövlükdə bölgədə sabitliyə və iqtisadi inteqrasiyaya xidmət edir. Türkiyə bu prosesdə özünü istənilən dialoqun əsas və əvəzolunmaz iştirakçısı kimi görür. Bu səbəbdən, Ankara ehtiyatla hərəkət edir və emosional reaksiyalardan daha çox strateji səbr nümayiş etdirir.
Qırğızıstan, Özbəkistan və Qazaxıstanın Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməsi, onların Türkiyə ilə münasibətlərinə zərbə vurmur. Əksinə, bu ölkələrin beynəlxalq mövqelərinin güclənməsi Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlıq perspektivlərini artırır. Türk dünyasının gələcəyi yalnız siyasi bəyanatlar üzərində deyil, iqtisadi, texnoloji və mədəni əməkdaşlıqla bərqərar olur. Bu baxımdan, TDT-nin üzv ölkələrinin beynəlxalq platformalarda yer alması, Türkiyənin dəstək verdiyi qlobal çoxqütblülüyə töhfə kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Azərbaycan ilə Şimali Kipr arasında diplomatik olmasa da, açıq dəstək münasibətləri artıq formalaşıb. Prezident İlham Əliyevin Şimali Kipr rəhbərliyi ilə təmasları, onların Türk dünyasının sammitlərinə qatılması bunu sübut edir. 2024-cü ilin yayında Şuşada keçirilən sammitdə ŞKTC-nin iştirakı həm Türk birliyinin siyasi iradəsini, həm də Türkiyənin bu birliyin təbii lideri olduğunu göstərdi.
Ankara heç zaman Türk dünyasına “rəhbərlik” etmək niyyətində olmayıb. Türkiyə bu coğrafiyaya liderlikdən çox “qardaşlıq və tərəfdaşlıq” ruhunda yanaşır. Ərdoğanın da dəfələrlə qeyd etdiyi kimi, türkdilli xalqlar arasında əlaqələrin güclənməsi qarşılıqlı maraqlar və bərabər əsaslarla həyata keçirilməlidir.
Bu baxımdan, Türkiyənin bugünkü mövqeyi – həm Avropa İttifaqı ilə dialoqda aparıcı tərəf olmaq, həm də Türk Dövlətləri Təşkilatında lokomotiv rolunu qorumaq – balanslı, çoxtərəfli və dayanıqlı xarici siyasətin təcəssümüdür.
Asif Cəfərov
Ordu.az