Bu, texnologiya nəhəngləri üçün böyük xəbərdir, çünki artıq rahat nəfəs ala bilirlər. Gömrük rüsumlarının ləğvi olmasa idi, cihazların – yaddaş çiplərindən tutmuş iriölçülü elektronika məhsullarına qədər – qiymətləri kəskin şəkildə artacaqdı. “Apple”, “Microsoft”, NVIDIA kimi şirkətlər artıq narahatlıqlarını ifadə etmişdilər. Məsələn, “Apple” maraqlıdır ki, “iPhone”ların növbəti partiyası hələ gömrük zərbəsinə tuş gəlməmiş ABŞ bazarına tez çatsın. Məsələ ondadır ki, ABŞ-yə Çindən idxal olunan məhsulların 20 faizini elektronika təşkil edir. Dünyada istehsal olunan smartfonların 90 faizi, noutbuk və fərdi kompüterlərin isə 80 faizdən çoxu Çində yığılır. Əslində bu sahədə Çin monopoliyaya malikdir və qısa müddətli perspektivdə əvəzolunmaz görünür.
Əgər elektronika məhsullarına gömrük rüsumları tətbiq olunarsa, qiymətlər təkcə ikiqat bahalaşmaqla qalmır, həm də bir çox amerikalı üçün əlçatmaz hala gəlir. Bu da o deməkdir ki, tariflərin ağırlığı sadə amerikalıların üzərinə düşür və onların cibinə zərbə vurur. Tramp nə qədər çalışsa da, yerli istehsalı stimullaşdırmaq istədiyini göstərsə də, qiymətlərin artımı faktorunu nəzərə almaya bilməz – xüsusilə də ictimai rəy dəyişməyə başlayarkən. Unutmayaq ki, o, prezident seçilərkən vəd etmişdi ki, qiymətlər enəcək, iqtisadiyyat böyüyəcək və amerikalı şirkətlərin səhm qiymətləri artacaq. Amma əgər əksi baş verirsə, bu o deməkdir ki, onun reytinqinə zərbə dəyir.
Digər tərəfdən, ABŞ administrasiyası yarımkeçiricilər sahəsi ilə bağlı xüsusi gömrük rüsumları tətbiq etməyi planlaşdırır ki, bu məhsullar ABŞ-də istehsal olunsun və idxala ehtiyac qalmasın. Tramp və komandası ictimaiyyəti inandırmağa çalışır ki, bu geri addım deyil, amma əslində Amerika tərəfi strateji “taym-aut” götürür. Fasilə həm də digər ölkələrlə ticarət münasibətlərinə aiddir. Təsadüfi deyil ki, Tramp bəyan etdi ki, 90 gün müddətinə tariflər bütün ölkələr üçün təxirə salınır, lakin bu Çin üçün keçərli deyil. Tariflərin təxirə salınması 10 faiz rüsumun iyula qədər tətbiq olunmasını nəzərdə tutur. Amma Trampın geri çəkilən mövqeyi daha çox tariflərin tətbiqi dalğasında maliyyə bazarında yaranmış böyük təşvişlə bağlıdır, çünki ABŞ fond bazarı trilyonlarla dollar itirdi.
İnvestorlar böyük məbləğlər itirir, bir çox şirkət rəhbərləri və xüsusilə iri banklar proqnoz verirlər ki, əgər vəziyyət düzəlməzsə, Amerika iqtisadiyyatını tənəzzül gözləyir. Bəzi ekspertlər isə bildirirlər ki, ABŞ iqtisadiyyatında baş verə biləcək hadisələr tənəzzüldən də pis ola bilər. Paralel olaraq, Amerika bazarına olan inam da azalmağa başladı, halbuki bu bazar hər zaman investorlar üçün ən etibarlı məkan hesab olunub, sabitliyi və oyun qaydalarının şəffaflığı ilə seçilib. Baş verən təlatümlərin nəticəsidir ki, dolların məzənnəsi son altı ayın minimumuna qədər aşağı düşməyə başladı, bu da dolların etibarlılığına olan inamın azaldığını göstərir. Həmçinin bu səbəbdən investorlar ABŞ iqtisadiyyatına investisiya qoymaqdan çəkinməyə başlayıblar.
Çinlə bağlı isə vəziyyət belədir – Trampın əvvəlki dövrlərdə tətbiq etdiyi gömrük rüsumları (yuxarıda göstərilən istisnalar istisna olmaqla) aradan qaldırılmadı, əksinə artırıldı – iki gün ərzində hətta ikiqat artımla, nəticədə ABŞ tərəfindən Çin məhsullarına tətbiq edilən tariflər 145 faizə çatdı. Bəs niyə məhz Çin digər ölkələrdən ayrıldı? Səbəb odur ki, Çin tərəfi dərhal ABŞ tərəfindən tətbiq edilən tariflərə cavab verməyə tələsdi. Bununla Pekin göstərdi ki, yalnız zərbəni qəbul etməyə deyil, həm də əks-hücum etməyə hazırdır. Tramp bəyan etdi ki, Çin onu gömrük rüsumlarını artırmağa vadar edir. O həmçinin qeyd edirdi ki, Çin onunla saziş imzalamaq istəyir, amma bunu necə edəcəyini bilmir.
Əslində, ABŞ prezidenti gözləyirdi ki, Çində təşviş başlayacaq və Si Cinpin özü ona zəng edəcək. Amma Çin tərəfi ABŞ məhsullarına qarşı 125 faizə qədər gömrük rüsumları tətbiq etməklə sonadək müqavimət göstərməyə qərar verdi. ABŞ-Çin ticarət müharibəsinin hansı nöqtəyə qədər gedəcəyini bu mərhələdə proqnozlaşdırmaq çətindir.
Diqqətəlayiqdir ki, bu günlərdə Çin Prezidenti Cənub-Şərqi Asiya ölkələrinə, xüsusilə Vyetnam, Kamboca və Malayziyaya səfərlər planlaşdırıb. Bəzi mütəxəssislər qeyd edirlər ki, Çin bu ölkələr vasitəsilə öz məhsullarını ABŞ-yə ixrac edə bilər.
Amma region ölkələri də narahatlıq keçirirlər, çünki Çinlə əməkdaşlıq etdikləri halda ABŞ onların da məhsullarına qarşı gömrük rüsumlarını artıra bilər, digər tərəfdən isə Çin istehsalı ucuz məhsullar yerli bazarı bürüyə bilər ki, bu da yerli istehsalçılara zərər verəcək. Amma Pekinin əsas mesajı odur ki, əgər ABŞ özünü təcrid edirsə, Çin bütün dünyaya, ilk növbədə öz qonşu regionlarına – etibarlı tərəfdaş olaraq – açıqdır və əməkdaşlığa hazırdır.
Asif Cəfərov
Ordu.az