Rusiya-ABŞ danışıqlarında “İran dosyesi”: Xameneyi Rusiya XİN rəhbərini niyə qəbul etmədi?

2025/02/1740735942.jpg
Oxunub: 718     19:44     28 Fevral 2025    
Fevralın 25-də İran prezidenti Məsud Pezeşkian Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Danışıqlarla bağlı IRNA-nın yaydığı məlumat İran prezidentinin bu fikrini ayırıb. “İran və Rusiyanın əməkdaşlığı gücləndirmək üçün böyük imkanları var. Biz Tehran və Moskva arasında əməkdaşlığı gücləndirmək niyyətindəyik”.

Eyni zamanda, Pezeşkian strateji hərtərəfli əməkdaşlıq sazişi çərçivəsində əldə edilmiş “razılaşmaların həyata keçirilməsinin” vacibliyini vurğulayıb. İran prezidentinin ifadələri açıq-aydın nəinki ehtiyatlı, həm də kontekstlidir. 3 ildən artıqdır müzakirə edilən Rusiya-İran hərtərəfli strateji əməkdaşlıq sazişi yanvarın 17-də Pezeşkianın Moskvaya səfəri zamanı imzalanıb.

Həmin sənədin müddəaları ictimaiyyətə açıqlanmayıb. Bundan əvvəl ekspertlər Rusiyanın İrana heç bir təhlükəsizlik zəmanəti vermədiyi barədə fikirlər səsləndirmişdilər. Digər mənbələrə görə, İran Rusiyadan müasir “Su-35” döyüş təyyarələri, hava və raketdən müdafiə vasitələri almaq üçün müqavilə imzalayıb.

İran rəsmilərinin və hərbi elitasının bunun əksini iddia etməsinə baxmayaraq, İsrailin son hücumu Tehranda dərin narahatlıq yaradıb. İranın Çinlə də strateji əməkdaşlıq müqaviləsi var, lakin son illərdə Pekin hərbi dəstək verməkdə son dərəcə ehtiyatlı davranır. Yanvarın 17-də imzalanmış Rusiya-İran müqaviləsi çərçivəsində Rusiya hərbi tədarüklərlə bağlı öhdəlik götürübmü?

Görünür, bəli, əks halda Tehran sənədin ratifikasiyasını yenidən təxirə salardı. Amma İran prezidentinin öhdəliklərin yerinə yetirilməsi ilə bağlı eyhamından da anlaşıldığı kimi, ABŞ ilə münasibətlərin bərpasının başlanğıcında Rusiya İranın Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin modernləşdirilməsini dəstəkləməyə “tələsmir”.

Öz növbəsində Tehranın Vaşinqtonla danışıqlarda problemi var. Xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran ABŞ ilə danışıqlara hazırdır, lakin bu, bərabərhüquqluluq prinsipi əsasında olmalıdır. Yəqin ki, Rusiya-ABŞ danışıqlarında “İran dosyesi”nin də yeri var, amma bu, hansı kontekstdə müzakirə olunur?

Konkret situasiyada Rusiya-İran münasibətlərinin effektivliyi hansı tərəfin digərinin “himayədarlığı”na daha çox ehtiyac duymasından asılıdır. Siyasətdə təbii ki, bu “motivasiya” açıq şəkildə özünü büruzə vermir, lakin bu nüansa aydınlıq gətirilmədən irəliyə doğru addım atmaq mümkün deyil.

Bu baxımdan Rusiya xarici işlər nazirinin Tehranda faktiki ali dövlət qəbulu almaması çox diqqətçəkicidir. Üstəlik, Rusiya prezidenti Vladimir Putinlə İranın ali dini lideri Əli Xameneyi arasında telefon danışığı və ya rəsmi mesaj mübadiləsi barədə son vaxtlar heç bir məlumat yoxdur.

Sergey Lavrov Ankaradan Tehrana yollanıb və orada həmkarı Hakan Fidanla nəinki danışıqlar aparıb, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Xameneyi Rusiya xarici işlər nazirini niyə qəbul etmədi?

İran teokratik dövlətdir, ölkənin xarici siyasəti, təhlükəsizliyi, müdafiəsi, regional və beynəlxalq təhlükəsizlik məsələlərində mövqeyi İslam İnqilabının rəhbəri səviyyəsində müzakirə edilir, Ali Milli Təhlükəsizlik Şurası və İran İslam İnqilabı Keşikçiləri Korpusu ona birbaşa tabedir. Pezeşkian yalnız hazırkı hökumətin fəaliyyətinin koordinatorudur. Hətta o, bir və ya bir neçə prinsipial məsələdə Lavrova “bəli” desə də, bu, farsca üç “bəli”dən sadəcə biridir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Böhran  


Bizi "telegram"da izləyin