Ordu.az xəbər verir ki, Türkiyənin ilk aviadaşıyıcı gəmisi olacaq MUGEM-in təməlqoyma mərasimi “İstanbul” Gəmiqayırma Zavodunda keçirilib.
Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamaya görə, “İstanbul” Gəmiqayırma Zavodunda MUGEM Milli Aviadaşıyıcı Gəmisi, MİLDEN Milli Sualtı Qayığı və TF-2000 Hava Hücumundan Müdafiə Hərbi Esminesi üçün təməlqoyma mərasimləri keçirilib.
Beləliklə, Türkiyə Hərbi Dəniz Qüvvələrini bir addım irəli aparacaq 3 fərqli döyüş gəmisinin inşası istiqamətində lazımi əməli addım atılıb.
MUGEM-in gövdə dizaynı dəniz şəraitinə uyğunluğu və manevr qabiliyyətini artırmaq üçün çoxölçülü optimallaşdırma vasitəsindən istifadə etməklə hazırlanır.
Simulyasiyalar vasitəsilə sınaqdan keçirilən bu xüsusiyyətlər gəminin dənizdə ən səmərəli şəkildə hərəkət etməsinə imkan verəcək.
Sevinc Əliyeva
Ordu.az