Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsi – BAXIŞ BUCAĞI

2024/02/1706852831.jpg
Oxunub: 671     17:17     02 Fevral 2024    
Ötən gün Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov Bakıya gəlib. Onu Azərbaycan Baş naziri Əli Əsədov qəbul edib. Məlumata görə, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.

Məlumdur ki, Kurenkovun səfəri zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında “2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı” imzalanıb. Əlbəttə, söhbət birgə və ya ən azından razılaşdırılmış tədbirlərdən gedir ki, bu da iki ölkənin güc strukturlarının son dərəcə sıx əməkdaşlığını və gələcək inkişafın strateji proqnozunu nəzərdə tutur.

Ötən ilin noyabrında Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Bakıda olub, tərəflər arasında informasiya təhlükəsizliyi sazişi imzalanıb. Əslində, bu, Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları arasında birgə informasiya bazasının yaradılması, minimum koordinasiya deməkdir. Fövqəladə halların qarşısının alınması məsələlərində əməkdaşlıq isə xüsusi xidmət orqanları arasında operativ məlumat mübadiləsini nəzərdə tutur.

Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması hər bir ölkənin təhlükəsizlik sisteminin tərkib hissələrindən biridir. Bu sahədə strateji əməkdaşlıq eyni və ya müttəfiq təhlükəsizlik sisteminin mövcudluğunu nəzərdə tutur. Formal olaraq Azərbaycan bu yaxınlarda Qoşulmama Hərəkatına sədrliyi Qanaya verib və bloka daxil olmayan dövlət hesab olunur. Cənubi Qafqazın üç ölkəsindən yalnız Ermənistanın üzvü olduğu KTMT-yə Rusiya rəhbərlik edir.

Rusiyada, belə dümək mümkündürsə, fövqəladə hallar naziri hərbi-siyasi elitanın mühüm fiqurudur. Aleksandr Kurenkovun Bakıya səfəri, Azərbaycanın Baş nazirinin onun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul etməsi əlamətdar hadisədir. O, xüsusi xidmət orqanlarının kadr zabitidir, iki dəfə Baş Qərargahın Hərbi Akademiyasında kurs keçib, Putinin adyutantı olub, Silahlı Qüvvələrin general-leytenantıdır.

Fövqəladə hallar və mülki müdafiə sahəsində strateji əməkdaşlıq struktur bölmələri səviyyəsində təlim toplanışları, hərbi təlimlər, texniki və texnoloji vasitələrin birgə istismarı və s.-i nəzərdə tutur. Söhbət əslində hərbi əməkdaşlıqdan gedir. Moskva və Bakının bunu Müdafiə nazirlikləri, yaxud Silahlı Qüvvələrin Baş qərargahları səviyyəsində rəsmiləşdirib-rəsmiləşdirməyəcəyi bəlkə də o qədər də vacib deyil. Bu faktdır ki, Rusiya ilə Azərbaycan strateji əməkdaşlığı ortaya qoyur. Bu, yalnız regional olaraq nəzərə alınacaq qədər ciddidir.

Maraqlıdır ki, Kurenkovun səfərindən bir gün əvvəl Türkiyənin keçmiş müdafiə naziri, TBMM-nin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Hulusi Akar Bakıda olub. O, İlham Əliyev tərəfindən qəbul edilib, türk dövlətləri arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Qeyd edək ki, Ağdamda Rusiya-Türkiyə birgə mərkəzi fəaliyyət göstərir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin