Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanları maliyyə naziri olmuş Qaqik Xaçatryan, onun oğlu Artom Xaçatryan, sabiq müdafiə naziri Vigen Sarkisyan və daha bir neçə şəxs barəsində saxlanılma qərarı qəbul edib.
Məlumata görə, qərar vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində verilib.
Saxlanılması nəzərdə tutulan şəxslər arasında Valeri Bryusov adına Dövlət Universitetinin keçmiş rektoru Qayane Qasparyan, universitetin sabiq prorektoru Artur Avaqyan və “Yerevan Mall” ticarət mərkəzinin keçmiş direktor müavini Harutyun Tadevosyan da var.
İstintaq hesab edir ki, adıçəkilən şəxslər dövlət əmlakının qanunsuz şəkildə özgəninkiləşdirilməsi və sonradan mənşəyinin gizlədilməsi prosesində iştirak ediblər.
Xatırladaq ki, eyni cinayət işi üzrə Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan artıq saxlanılıb.
Alpər Mövludoğlu
Ordu.az