Ordu.az xəbər verir ki, bu barədə “AFP” agentliyinin əldə etdiyi BAEA-nın məxfi hesabatında qeyd olunub.
Sənəddə bildirilib ki, İranda nüvə materiallarının yoxlanılması üçün lazımi çıxış imkanlarının olmaması nüvə silahlarının yayılmaması baxımından ciddi narahatlıq doğurur.
Hesabata əsasən, 2025-ci ilin iyun ayında İsrail və ABŞ arasında baş vermiş 12 günlük münaqişədən sonra BAEA müfəttişləri İranın bir sıra əsas nüvə obyektlərinə daxil ola bilmirlər ki, bu da vəziyyətə nəzarəti əhəmiyyətli dərəcədə çətinləşdirir.
Agentlik vurğulayıb ki, İrandakı nüvə obyektlərinə endirilən hərbi zərbələr misli görünməmiş vəziyyət yaratsa da, yoxlama fəaliyyətlərinin dərhal bərpası son dərəcə vacibdir.
BAEA-nın məlumatına görə, ABŞ-nin 2025-ci ilin iyununda həyata keçirdiyi zərbələrdən əvvəl İranın əlində 60 faizədək zənginləşdirilmiş təxminən 440 kiloqram uran olub. Bu göstərici nüvə silahının hazırlanması üçün tələb olunan 90 faiz səviyyəsinə yaxın hesab edilir və 2015-ci il nüvə sazişində nəzərdə tutulan 3,67 faiz limitini xeyli üstələyir.
Həmin ehtiyatların sonrakı taleyi naməlum olaraq qalır. Belə ki, İran zərər görmüş obyektlərə müfəttişlərin girişinə icazə vermir.
Hesabatda qeyd olunub ki, agentliyin yüksək və aşağı zənginləşdirilmiş uran ehtiyatlarını təxminən bir il ərzində yoxlaya bilməməsi nüvə silahlarının yayılmaması baxımından ciddi narahatlıq yaradır.
BAEA-nın Baş direktoru Rafael Qrossi İranı agentliklə konstruktiv əməkdaşlığa çağıraraq zəmanət öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
ABŞ və İsrail daha əvvəl İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham etmişdilər. ABŞ Prezidenti Donald Tramp da bunu hərbi qarşıdurmanın əsas səbəblərindən biri kimi göstərərək Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınmalı olduğunu bildirmişdi.
İran isə bütün ittihamları rədd edərək nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bəyan edir.
Sevinc Əliyeva
Ordu.az