Kürdlərə gizli dəstək iddiası: İsrail mediası MOSSAD və MKİ-nin İran əməliyyatının təfərrüatlarını açıqlayıb

2026/06/1780636447.jpg
Oxunub: 252     09:16     05 İyun 2026    
İsrail mediası MOSSAD və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran əleyhinə həyata keçirdiyi iddia olunan gizli əməliyyat barədə məlumat yayıb.

Ordu.az “Channel 12” televiziya kanalı və “Ynet” nəşrinə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində kürd silahlı birləşmələrinə dəstək göstərilib və məqsəd İrana təzyiqləri artırmaq, həmçinin mümkün hökumət əleyhinə çıxışları təşviq etmək olub.

Məlumata görə, MOSSAD rəhbəri David Barneanın vəzifədən ayrılmasından dərhal sonra yayımlanan materiallarda kürd dəstələrinin maliyyə yardımı, nəqliyyat vasitələri və müxtəlif növ silahlarla təmin edildiyi qeyd olunub.

Bildirilir ki, kürd birləşmələrinə atıcı silahlar, tank əleyhinə qumbaraatanlar, qumbaralar və minaatan sursatları verilib. Həmin məlumatlara əsasən, silahların bir hissəsi əvvəllər HAMAS hərəkatı və “Hizbullah” qruplaşması ilə münaqişələr zamanı ələ keçirilib, onların daşınması isə MOSSAD tərəfindən əlaqələndirilib.

Mart ayının sonunda da ABŞ və İsrailin kürd silahlı birləşmələrini Tehrana qarşı kampaniyanın ilkin mərhələsinə cəlb etməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı. Həmin iddialara görə, kürd qüvvələrinin fəaliyyəti İran daxilində üsyan riskini artırmalı və hakimiyyətin mövqelərini zəiflətməli idi.

Lakin İsrail mediasının iddiasına görə, bu təşəbbüsün həyata keçirilməsi bir sıra maneələrlə üzləşib. Bunlar arasında mediaya məlumat sızmaları, beynəlxalq oyunçuların, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik təzyiqləri və kürd qruplaşmalarının özlərinin ehtiyatlı mövqeyi göstərilir.

Nəticədə, nəşrlərin məlumatına əsasən, Donald Tramp planın həyata keçirilməsindən imtina etmək qərarı verib.

Tramp daha əvvəl də ABŞ-nin kürd strukturları vasitəsilə İran hakimiyyətinin rəqiblərinə silah çatdırmağa cəhd etdiyini bildirmiş, eyni zamanda həmin silahların bir hissəsinin kürd separatçı qruplarının əlində qala biləcəyinə işarə etmişdi.

Hazırda ABŞ, İsrail və ya kürd təşkilatları tərəfindən bu iddia olunan əməliyyatla bağlı rəsmi təsdiq verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   MOSSAD   MKİ  


Bizi "telegram"da izləyin