Karapetyandan Paşinyana: “Burada 14 ermənipərəst siyasi qüvvə və bir azərbaycanyönlü qüvvə var, o da sənsən”

2026/06/1780636239.jpg
Oxunub: 310     09:09     05 İyun 2026    
Ermənistanda keçirilən seçki debatları zamanı Qarabağ mövzusu ətrafında hakimiyyət və müxalifət arasında sərt qarşıdurma yaşanıb.

Ordu.az xəbər verir ki, “Güclü Ermənistan” partiyalar blokunun lideri Narek Karapetyan İctimai Televiziyanın efirində baş nazir Nikol Paşinyanı kəskin şəkildə tənqid edib.

“Burada 14 ermənipərəst siyasi qüvvə və bir azərbaycanyönlü qüvvə var. O da sənsən, sənsən və yenə sənsən”, - deyə Karapetyan Paşinyana müraciət edib.

Erməni müxalif siyasətçi xüsusilə Praqada Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair qərarı hədəfə alıb.

Debatlar zamanı Karapetyan “Erməni Milli Konqresi”nin nümayəndəsi Levon Zurabyana da müraciət edərək 2019-cu ildə Ermənistana təqdim olunduğu iddia edilən sülh planı barədə sual verib.

Zurabyan cavabında həmin planın rədd edilməsini hakimiyyətin ən böyük səhvlərindən biri adlandırıb.

“2019-cu ildə rədd edilən variant Nikol Paşinyanın öz xalqına qarşı törətdiyi ən böyük siyasi cinayətdir. Həmin plana əsasən, Qarabağdan kənarda yerləşən beş rayon qaytarılırdı, lakin Qarabağ, Kəlbəcər və Laçın üzərində erməni nəzarəti saxlanılırdı. Bu, Ermənistan üçün daha əlverişli variant idi və cəmiyyət bu barədə tam məlumatlandırılmamışdı”, - deyə Zurabyan bildirib.

O, həmçinin 2020-ci ilin müharibəsi dövründə aparılmış danışıqlarla bağlı yeni iddialar səsləndirib.

“Oktyabrın ortalarında Arkadi Qukasyan və Bako Sahakyan Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı bir araya gətirmişdilər. Birgə bəyanat qəbul edildi və Paşinyana müraciət olundu ki, ordunun vəziyyəti ağırlaşdığı üçün vasitəçilərin təklif etdiyi plan qəbul edilsin. Lakin o, həmin görüşə gəlməkdən imtina etdi. Bu gün isə “Qarabağ xalqı”nı və “onun rəhbərləri”ni günahlandırır. Onun dedikləri tamamilə yalandır”, - deyə Zurabyan vurğulayıb.

Ermənistan KİV-ləri qeyd edir ki, müxalifət nümayəndələrinin bu ittihamları seçki kampaniyası çərçivəsində hakimiyyətə qarşı ən sərt çıxışlardan biri kimi qiymətləndirilir və Ermənistanın gələcək siyasi kursu ilə bağlı müzakirələrin daha da kəskinləşdiyini göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Paşinyana  


Bizi "telegram"da izləyin