Almaniyanın ilk F-35 təyyarəsində mühüm mərhələ tamamlanıb

2026/06/1780645030.jpg
Oxunub: 225     11:37     05 İyun 2026    
ABŞ-nin müdafiə şirkəti “Lockheed Martin” Almaniya üçün istehsal edilən ilk F-35A qırıcısına mühərrikin inteqrasiyasının tamamlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkət bu hadisənin təyyarənin təhvil prosesində mühüm istehsal mərhələlərindən biri olduğunu bildirib.

“Lockheed Martin Europe” tərəfindən yayılan açıqlamada Almaniyanın ilk beşinci nəsil döyüş təyyarəsinə “Pratt & Whitney” şirkətinin F135 mühərrikinin uğurla quraşdırıldığı qeyd olunub. Açıqlamada bunun Almaniyaya qabaqcıl beşinci nəsil imkanların çatdırılması istiqamətində mühüm istehsal mərhələsi olduğu vurğulanıb.

Almaniyanın ilk F-35A təyyarəsində istifadə olunan F135 mühərriki “Pratt & Whitney” tərəfindən hazırlanıb. “Afterburner” rejimində təxminən 191 kilonyuton itələmə qüvvəsi yaradan mühərrik Qərb dünyasında xidmətdə olan ən güclü tək mühərrikli döyüş təyyarəsi mühərriklərindən biri hesab edilir. F135 yalnız güc qurğusu kimi deyil, həm də F-35-in aşağı radara görünmə xüsusiyyətlərinin mühüm hissəsi kimi layihələndirilib. Mühərrikin hava girişləri və çıxış sistemi təyyarənin radar görünürlüğünü azaltmaq məqsədilə hazırlanıb.

Almaniya 2022-ci ildə qəbul etdiyi qərarla köhnəlməkdə olan “Tornado” parkını əvəz etmək üçün 35 ədəd F-35A sifariş etmişdi. Təxminən 8,4 milyard dollar dəyərində olan paketə döyüş təyyarələri ilə yanaşı təlim sistemləri, simulyatorlar, logistika infrastrukturu və müxtəlif dəstək xidmətləri də daxildir.

F-35A təyyarələri NATO-nun nüvə paylaşımı missiyası çərçivəsində Almaniya Hərbi Hava Qüvvələrinin nüvə çəkindirmə vəzifələrinin davam etdirilməsində əsas rol oynayacaq. Uzun illər bu missiyanı yerinə yetirən “Tornado” təyyarələrinin isə xidmət müddətinin sonuna yaxınlaşdığı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   F-35  


Bizi "telegram"da izləyin