“İxrac” Var, Məlumat Yoxdur: Ermənistanın Hərbi-Sənaye Şəffaflıq Testi Uğursuz Keçdi

2026/06/fdgdf-1780645676.jpg
Oxunub: 297     11:31     05 İyun 2026    
Mayın 18-də Ermənistan yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan ilk dəfə Ermənistanın özündə istehsal edilmiş və milyonlarla dollar dəyərində olan silahın ixrac edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hansı silah ixrac edilib? Göstərilən detalları açıqlamaq üçün konsensus yoxdur. Hayrapetyan Paşinyanın 2020-ci ildə danışdığı “görünməmiş müasir” silahın nə olduğunu da gizli saxlayır” başlıqlı məqaləsində yazıb.

Nəşr yazır ki, mayın 19-da 168.am Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinə yazılı sorğu göndərərək bunun konkret nə olduğunu və hansı ölkəyə ixrac edildiyini öyrənməyə çalışıb.

Lakin nəşrin qeyd etdiyinə görə, mayın 26-da göndərilən cavab məktubunda Mxitar Hayrapetyan suallara birbaşa cavab vermək əvəzinə mayın 20-də keçirilmiş mətbuat konfransının linkini göndərib və cavabı orada axtarmağı təklif edib. Yəni, onların görə bilməli olduqlarını jurnalistlər özləri axtarmalı olub.

Nəşr bildirir ki, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən fərqli olaraq, onlar bu mətbuat konfransına baxıb və Ermənistanın özündə hazırlanmış milyonlarla dollarlıq silah ixracına aid hissəni tapıblar.

Hayrapetyanın həmin konfransda dediyi sözlər belə olub: “Bu ay ilk dəfə Ermənistanda hazırlanmış, istehsal olunmuş yekun hərbi məhsul ixrac edilib. Təsadüfi deyil ki, mənim açıqlamam zamanı konkret şirkətlərin adlarını, dəqiq ünvanları, silah növlərinin sayını, dəyərini və növünü səsləndirmədim. Çünki qaydaya görə belə sövdələşmələrdə tərəflər arasında məlumatların ictimai şəkildə açıqlanması ilə bağlı razılaşma olmalıdır.

Hazırda bu razılaşma yoxdur. Buna görə də bizim açıqlamalarımızla gələcək üçün əlavə risk və ya problem yaratmaq olmaz. Bağlanmış sövdələşmələr baş tutub. Amma gələcək daha vacibdir, çünki bunlar yalnız ilk addımlardır. Yəni bu sahədə həm dövlət olaraq Ermənistanın, həm də erməni şirkətlərinin etibarlı və güvənilir biznes tərəfdaşı olması çox vacibdir.

Qaydalara əməl olunmalıdır və həmin qaydaların qorunması gələcək yeni sövdələşmələr üçün də əsasdır. Gələcəkdə də yeni sövdələşmələr olacaq. Hazırda daha çox sayda şirkət artıq daha çox ölkəyə ixrac etmək üçün Ermənistan hökumətindən icazə alıb və ya ən azı bu prosesin mərhələsindədir. Mən 2 ölkəyə ixracın həyata keçirildiyini dediyim halda, həm hökumət, həm də özəl sektor çox ehtiyatla davranmalı, özünü peşəkar şəkildə aparmalıdır ki, başqa şirkətlərin hesabına gələcək mümkün heç bir sövdələşmə təhlükə altına düşməsin.

Bütün tərəflər qərar verəndə ki, bunlar ictimai və açıq olmalıdır, o halda həm biz, həm də şirkətlər yönləri, silah növlərini və niyə də olmasın, sövdələşmənin həcmini konkret detallarla səsləndirəcəyik. Hərçənd, mən müəyyən mənada işarə etmişəm ki, söhbət milyonlarla dollardan gedir”, - deyə Mxitar Hayrapetyan bir neçə gün əvvəlki mətbuat konfransında bildirib.

O əlavə edib ki, məxfi məlumatlara çıxışı olan şəxslər və deputatlar deyilənlərin həqiqi olub-olmadığını yoxlaya bilərlər.

Nəşr sual edir ki, əgər doğrudan da açıqlıq və sövdələşmələrə mane olmamaq problemi varsa, bəs onda hökumət niyə tələsərək “Ermənistandan milyonlarla dollar dəyərində yerli istehsal silah ixrac edilib” deyə açıqlama verib?

“168.am” yazır ki, Ermənistan Fransa və Hindistanla silah tədarükü müqavilələri imzalayanda, hələ heç bir silah təhvil verilməmişdən əvvəl Fransa və Hindistan mənbələri müxtəlif məlumat sızmaları edirdilər.

Nəşr qeyd edir ki, həmin vaxt dəfələrlə yazırdılar ki, Ermənistan tərəfi müqavilələrdə məlumatların vaxtından əvvəl açıqlanmaması ilə bağlı şərt qoymalıdır. Onların fikrincə, indi Ermənistan yüksək texnologiyalar sənayesi nazirinin danışdığı məxfilik prinsipi o zaman da qorunmalı idi.

Bu kontekstdə Mxitar Hayrapetyan mətbuat konfransında Ermənistanın əvvəllər də silah ixrac edib-etmədiyi barədə suala da cavab verib. Çünki bəzi məlumatlara görə, təxminən 10 il əvvəl Ermənistan İtaliya və Polşaya müəyyən hərbi məhsullar ixrac edib.

Erməni nazir bildirib: “Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin və Müdafiə Nazirliyinin bazalarında hazırda belə məlumat yoxdur. Mən yalnız özümün malik olduğum məlumatı deyə bilərəm. Bəli, ixrac olub, amma bu ya mülki məhsulların, ya da ikili təyinatlı məhsulların ixracı olub. Həmçinin hərbi məhsulun hansısa sisteminin komponentləri ixrac edilib.

Məsələn, bu, şərti olaraq hava hücumundan müdafiə sistemləri üçün elementlərin və ya hansısa komponentlərin ixracı ola bilər. Mənim bəyanatım isə Ermənistanda hazırlanmış, istehsal olunmuş və yekun hərbi məhsul kimi ixrac edilmiş silahdan bəhs edir.

Əgər belə tənqidlər varsa, onda gözləyərdim ki, həmin şəxslər heç olmasa bizə açıqlasınlar ki, 10 il əvvəl Ermənistanda hansı yekun hərbi məhsullar istehsal olunub və ixrac edilib. Əgər belə faktlar təqdim olunmasa, düşünmək üçün əsasım olacaq ki, bunlar növbəti əsassız bəyanatlardır”.

Nəşr daha sonra qeyd edir ki, Mxitar Hayrapetyan həm Ermənistan ordusuna hansı silah və sursatların verildiyini, həm də Nikol Paşinyanın 2020-ci ildə danışdığı “görünməmiş müasir silahın” nə olduğunu gizli saxlayır.

168.am yazır ki, yazılı sorğu vasitəsilə Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən xarici tərəfdaşlarla birgə hərbi-sənaye müəssisələrinin yaradılması barədə razılaşmaların olub-olmadığını, həmçinin hazırda Ermənistanda hansı silah və sursatların istehsal edilərək orduya verildiyini öyrənməyə çalışıb.

Nazirliyin cavabında bildirilib: “Xarici tərəfdaşlarla birgə hərbi-sənaye müəssisələrinin yaradılması və istiqamətlərin genişləndirilməsi ilə bağlı müəyyən razılaşmalar mövcuddur. Bununla belə, proseslərin həssaslığı və strateji xarakteri nəzərə alınaraq bu mərhələdə təfərrüatların açıqlanması məqsədəuyğun hesab edilmir.

Ermənistan Silahlı Qüvvələrinə verilən silah və sursatların növləri, eləcə də onların dəqiq miqdarı barədə məlumatlar “Dövlət sirri haqqında” qanuna əsasən dövlət sirri hesab olunur və açıqlana bilməz. Buna görə də həmin məlumatların təqdim olunması rədd edilir”.

Nəşr xatırladır ki, bir neçə ay əvvəl parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Armen Xaçatryan müsahibələrinin birində Ermənistanın dünyada ən yaxşı hesab etdiyi seriyalı istehsal artilleriya sisteminə malik olduğunu və onun orduya təhvil verildiyini bildirmişdi.

“Bu kimi digər açıqlamalar da olub. Bundan əlavə, mayın 28-də keçirilən hərbi paradda Ermənistan istehsalı olan silahlar nümayiş etdirilib”, - deyə nəşr bildirib.

“168.am” həmçinin Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinə Nikol Paşinyanın 2020-ci il aprelin 7-də canlı yayım zamanı dediyi sözləri xatırladıb:

“Mən bir yeniliyə işarə etmək istəyirəm, əslində bu sirrdir. Bir neçə gün əvvəl mənə Ermənistanın hərbi-sənaye kompleksinin hazırladığı bir nümunə göstərildi. Bu nümunə göstərir ki, Ermənistanın hərbi-sənaye kompleksi yeni səviyyəyə yüksəlir. Onun əsas xüsusiyyəti yalnız supermüasir məhsul olması deyil, həm də sıfırdan Ermənistanda hazırlanmasıdır”.

Nəşr yazır ki, bu bəyanatdan 6 il keçməsinə baxmayaraq, həmin məhsulun nə olduğu ilə bağlı Mxitar Hayrapetyandan cavab almaq mümkün olmayıb.

Erməni nazir isə belə cavab verib: “İctimaiyyət yerli hərbi-sənaye kompleksinin məhsulları, o cümlədən ən yeni işləmələr və nümunələrlə mayın 28-də keçirilən hərbi parad zamanı, həmçinin iyunun 3-4-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək “RISE Powered by Silicon Mountains 2026” yüksək texnologiyalar sərgisində tanış ola biləcək”.

Nəşr yazır ki, Ermənistan Müdafiə Nazirliyindən də bu suallara cavab almağa çalışacaq. Lakin jurnalistlər əvvəlki təcrübəni nəzərə alaraq, yenə də konkret cavablardan yayınma ehtimalını istisna etmirlər.

Məqalədə bildirilir ki, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinə göndərilən sorğuda başqa məsələlər də qaldırılıb. O cümlədən “Neytron QAM” ASC bazasında yaradılmış AK-103 “Kalaşnikov” avtomatlarının yığım sexinin fəaliyyət göstərib-göstərmədiyi, həmçinin David Qalstyana məxsus şirkətin patron istehsalının hansı mərhələdə olduğu soruşulub.

Nərşə görə, hurnalistlər həmçinin Ermənistan-Polşa birgə müəssisəsi olan “Lubava-Armenia” şirkətinin niyə fəaliyyətini dayandırdığını öyrənməyə çalışıblar.

Nazirlik cavabında bildirib: “İlk növbədə qeyd edirik ki, sorğuda adı çəkilən şirkətlər hərbi-sənaye kompleksi subyektlərinin ümumiləşdirilmiş reyestrində qeydiyyatdan keçməyiblər. Buna görə də Yüksək Texnologiyalar Sənayesi Nazirliyi onların fəaliyyəti, istehsal sahələri və ya əlaqə məlumatları barədə informasiyaya malik deyil.

Sorğunun digər hissəsinə gəlincə, qeyd olunan şirkət bağlanmayıb, sadəcə olaraq adı dəyişdirilib. Hazırda şirkət sifarişlərin olmaması səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb”.

Nəşr xatırladır ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra “Lubava-Armenia” şirkətinin fəaliyyətini dayandırdığı barədə məlumatlar yayılmışdı.

“2019-cu ildə Yüksək Texnologiyalar Sənayesi Nazirliyi “168.am”a bildirmişdi ki, şirkətin fəaliyyətini dayandırması yalnız iqtisadi səbəblərlə bağlıdır. Lakin sonradan Polşanın Ermənistandakı keçmiş səfiri Yerji Novakovski “NEWS.am”a müsahibəsində başqa səbəblər göstərib.

Onun sözlərinə görə, 2018-ci il hadisələri əvvəlcə “Lubava” şirkətində fəallığın və əməkdaşlığın genişlənəcəyi ilə bağlı ümidlər yaratmışdı. Novakovski qeyd edib: “Lakin nəticədə “Lubava” Paşinyanla görüşdən sonra Ermənistanı tərk etmək qərarı verdi. Həmin görüş zamanı Paşinyan şirkəti əvvəlki hökumətlə əməkdaşlıqda ittiham etmiş və bildirmişdi ki, şirkət yeni “inqilabi” komandanın etimadını gözləyə bilməz”, - deyə müəllif yazıb.

“168.am” yazır ki, nazirlik “Lubava-Armenia”nın sonradan hansı adla fəaliyyət göstərdiyini açıqlamaqdan da yayınıb. Nəşr vurğulayır ki, faktiki olaraq yenidən adlandırılmış şirkət də hazırda fəaliyyət göstərmir.

Məqalədə qeyd olunur ki, “Lubava-Armenia” Ermənistanın ilk Ermənistan-Polşa birgə hərbi-sənaye müəssisəsi olub və 2014-cü ildən fəaliyyət göstərib.

“Şirkət müasir çoxfunksiyalı maskalanma texnologiyalarının istehsalı ilə məşğul olur, NATO standartlarına uyğun hərbi təyinatlı məhsullar hazırlayırdı. Bunlara saxta hədəflər, texniki və digər çadırlar, dəbilqələr, zirehli gödəkçələr, maskalanma torları və digər məhsullar daxil idi”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah   İxrac  


Bizi "telegram"da izləyin