Geosiyasi münaqişənin mərkəzində strateji yollar – ANALİZ

2024/02/1706775705.jpg
Oxunub: 744     15:35     01 Fevral 2024    
Heç kimə sirr deyil ki, alternativ kommunikasiya kanallarının işə salınması məsələsi bu gün mümkün qeyri-sabitlik zamanı yan keçən dəhlizlərinin və yolların təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məsələn, İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasına paralel olaraq Yəməndə şiə olan və İranın təsirini daşıyan husilər fəallaşıblər. Husilərin coğrafi baxımdan Qəzza münaqişə zonasından uzaq olmasına baxmayaraq, onlar İsrailə qarşı müharibə elan ediblər. Husilər bildiriblər ki, Qəzza zolağında hərbi əməliyyatlar dayandırılana qədər İsrailə gedən gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazı sularından keçməsinə icazə verilməyəcək.

Buna uyğun olaraq husilər Pilotsuz Uçuş Aparatları (PUA) və raketlərlə ticarət gəmilərinə hücumlar həyata keçirirlər. Və 20-dən çox ölkə Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün ABŞ-nin rəhbərlik etdiyi koalisiyaya qoşulmağa razılaşıb. Husilərin rəhbərliyi isə beynəlxalq koalisiyanın tərkibində bu regionda gəmiçiliyi qorumaq üçün ABŞ-nin əməliyyatına qoşulacaq ölkələrin gəmilərini Qırmızı dənizdə hücumla hədələyib.

Məsələ burasındadır ki, dünya ticarətinin 10-15 faizi Qırmızı dəniz və Süveyş kanalından keçir və bu ərazidə gəmiçilik pozularsa, ticarət yolundan asılı olan ölkələrin iqtisadiyyatına ciddi ziyan dəyəcək. Artıq bir çox nəqliyyat şirkətləri Qırmızı dənizdən keçən ticarətin riskli olduğunu nəzərə alaraq, Afrikadan yan keçmək vasitəsilə Atlantik okeanına çıxmağa və Avropaya çatmağa üstünlük verirlər.

Ticarət yolunun uzadılması isə xərclərin artmasına, malların qiymətlərinin artmasına şərait yaradır və inflyasiyaya şərait yaradır. Ona görə də bu şəraitdə ticarətin həyata keçirilməsi üçün digər kommunikasiya kanallarının işə salınması məsələsi prioritet qazanır. Qərb ticarət yollarının sanksiyalar altında olan Rusiya ərazisindən keçməsində maraqlı olmadıqda, Rusiya ərazisindən yan keçən kommunikasiya marşrutunun işə salınması aktuallaşır.

ABŞ ən mühüm kommunikasiya kanallarının sanksiyalar altında olan İrandan keçməsini də istəmir. Digər tərəfdən, G20 ölkələrinin görüşündə Hindistan-Yaxın Şərq-Avropa dəhlizi və ya yeni “ədviyyatlar marşrutu” ilə bağlı əldə olunan razılaşma aktuallığını itirib, çünki onun İsraildən keçəcəyi planlaşdırılırdı, bu ölkə isə müharibə vəziyyətindədir və ərəb ölkələrində anti-İsrail əhval-ruhiyyəsi artır. Məhz bu şəraitdə Çini Mərkəzi Asiya, oradan da Türkiyə vasitəsilə Avropaya birləşdirəcək, Rusiya və İran ərazisindən yan keçəcək “Orta Dəhliz” ideyası xüsusi əhəmiyyət kəsb edir.

Amma Qərb istəyir ki, bu cür kommunikasiya öz şərtləri ilə işləsin. Yəni Rusiya Cənubi Qafqazı tərk etməli və o yola heç bir təsiri olmamalıdır. Qərb həmçinin Türkiyə və Azərbaycanın o yola tam nəzarət etməsinin əleyhinədir. Türkiyə Çini Avropa ilə birləşdirən yola nəzarət etmək imkanı əldə etsə, Qərb orbitindən asılılığı olduqca azalacaq.

Məhz bununla bağlıdır ki, Qərb, xüsusən də Vaşinqton və Paris Ermənistanın ərazi bütövlüyünü dəstəklədiklərini mütəmadi olaraq bəyan edirlər, Azərbaycana Zəngəzur dəhlizini açmamaq üçün təzyiq göstərirlər. Rusiya və İran isə Cənubi Qafqazdan keçən kommunikasiya marşrutlarına konkret təsir göstərməkdə maraqlıdırlar. Onların maraqları Türkiyə və Qərbin ambisiyaları ilə ziddiyyət təşkil edir.

Təsadüfi deyil ki, rəsmi Tehran “regionda tanınan sərhədlərin dəyişdirilməsi”nin əleyhinə olmaqla yanaşı, Qərbi nəzərdə tutaraq, regiondankənar güclərin regionda olmasına qarşı olduğunu bəyan edir. Təsir dairəsini genişləndirən Pekin də “Orta Dəhliz” kommunikasiya marşrutunun fəaliyyətində maraqlıdır. Çin ticarəti ABŞ ilə münaqişə halında ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) müttəfiqlərlə birlikdə blokdaya ala biləcəkləri Cənubi Çin dənizindən çox asılı olduğu üçün Pekin Çin mallarının Avropaya çata biləcəyi bir neçə quru ticarət marşrutuna sahib olmaqda maraqlıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Geosiyasi   Münaqişə  


Bizi "telegram"da izləyin