Nə nazirlər, nə də prezidentlər səviyyəsində görüşlər, telefon danışıqları olmayıb. Ötən gün Rusiya xarici işlər nazirinin müavini Qaluzin Türkiyənin Rusiyadakı səfirini Moskvada qəbul edib. Türkiyə bu yolla Lavrov-Fidan görüşünun keçirilməsini əldə etməyə çalışıb? Bütün hallarda görüş faktı ona görə diqqətəlayiqdir ki, bu, əslində Türkiyə parlamentində mühüm müzakirə ərəfəsində keçirilirdi. Ötən gün İsveçin NATO-ya üzvlük məsələsinin yanvarın 23-də Türkiyə Böyük Millət Məclisinin gündəliyinə daxil ediləcəyi ilə bağlı məlumat yayılmışdı və artıq bu məsələ ilə bağlı razılıq da əldə olunub.
Məhz Türkiyənin ABŞ ilə müzakirələrinin canlanması və məsələnin həlli ilə bağlı təminatların verilməsi fonunda Rusiya-Türkiyə arasında müəyyən soyuqluq müşahidə olundu. Rusiya üçün İsveçin üzvlük mövzusu, məsələn, Finlandiyanın üzvlüyündən fərqli olaraq, əsas və həyati çağırışdır. İsveçin NATO-ya üzv olması halında Baltik dənizinə “giriş” faktiki olaraq NATO-nun nəzarətinə keçir. Lavrov-Fidan görüşü Moskvaya İsveçin üzvlüyünü ratifikasiyadan “asmaq” imkanı verə bilmədi, lakin başqa bir sual yaranır: bunun müqabilində Türkiyə nə alacaq?
Moskva bununla rahat razılaşacaq, yoxsa müxtəlif regional problemlərlə bağlı bəzi məsələlərdə xəbərdarlıq ediləcək? Rusiya Xarici İşlər Nazirliyinin Lavrov və Fidan görüşü ilə bağlı bəyanatında deyilir ki, Yaxın Şərq, Qafqaz və Qara dənizlə bağlı beynəlxalq gündəm məsələlərinin geniş spektri müzakirə edilib. Rusiya Federasiyasının yaydığı mesajda həmçinin qeyd olunurdu ki, “kəskin regional problemlərin qarşılıqlı məqbul həll yollarını tapmaq üçün ölkələrimizin addımlarını əlaqələndirmək zərurəti təsdiqlənib”.
Bu ifadə, bəlkə də, Rusiyanın Ankaranın addımları ilə bağlı narazı qaldığını göstərir, digər tərəfdən, bu addımların Moskva ilə hansı dərəcədə razılaşdırılması sual doğurur. Əgər “addımların əlaqələndirilməsi zərurəti” “təsdiqlənibsə”, bunu İsveçin üzvlüyünün ratifikasiyası halında hansısa razılıq çərçivəsində nəzərdən keçirməliyik?
Asif Cəfərov
Ordu.az