1991-ci il dekabrın 26-da SSRİ-nin tabutuna mismar vuran Qorbaçovun imzası gözlənildiyi kimi sonrakı 32 ildə liberal Qərb dünyasının qələbəsini möhkəmləndirə bilmədi. ABŞ başda olmaqla Qərbi Avropa qlobal rifahı davamlı etmək əvəzinə Yaxın Şərq və Balkanlarda münaqişələri qızışdırdı. Afrikada mütərəqqi texnologiyalarla yeni müstəmləkəçilik dövrünün qapısını açmaq üçün Ruandada milyonlarla insanın qətliamına göz yumdular.
NATO-nun “Birqütblü Dünya Nizamı” çərçivəsində şərqə doğru irəliləmə planı Ukraynanı xarabalığa çevirdi. 2023-cü il sona çatdıqca Ukraynadakı müharibə unudulub, ABŞ və Qərb ölkələrinin Ukraynanı iqtisadi və hərbi cəhətdən ayaqda saxlamaq cəhdləri zəifləyib. Ukraynanın Qara dənizdə Rusiya donanmasına ara-sıra möhtəşəm hücumları olmasaydı, bu cəbhədə baş verənlər artıq xəbər əhəmiyyəti daşımayacaqdı. Daha bir unudulmuş müharibə Sudandadır. 15 aprel uğursuz dövlət çevrilişi cəhdindən sonra Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri adı altında fəaliyyət göstərən qiyamçı qüvvələr arasında gedən vətəndaş müharibəsinə beynəlxalq ictimaiyyət biganə qalıb. Evlərini tərk edənlərin sayı 6 milyonu keçib, bu insanların 1 milyondan çoxu qonşu ölkələrə sığınıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun yardım agentlikləri Sudanda sözün əsl mənasında müflis olub.
Çoxtərəfli institutların, xüsusən də BMT-nin rolunun aşınması 2024-cü ildə dünyanı daha çətin sınaqlarla üz-üzə qoyacaq.
2023-cü ildə münaqişələrin artacağı gözlənilən digər bölgə Pakistan və İranın daxil olduğu Bəlucistan bölgəsidir. ABŞ-nin 2021-ci ildə Əfqanıstandan çıxması ilə geridə qalan silahlar təkcə “Taliban”ın əlinə keçmədi. Pakistan və İranda fəaliyyət göstərən separatçı Bəluc qruplaşmaları bu mənbələrdən faydalanmağa başladıqca bölgədə zorakılıqlar artıb.
2024-cü ildə İsrailin Qəzzada hərbi əməliyyatı davam etdikcə, bu hücumların Livan və Qırmızı dənizə qarşı təhdidləri də artacaq. İsrail hökuməti Livan ərazisinin Litani çayına qədər olan hissəsini ələ keçirmək niyyətini gizlətmir. Yəməndə İranın dəstəklədiyi husilər Süveyş kanalı vasitəsilə fəaliyyət göstərən qlobal ticarətin əsaslarını sarsıtmaq qabiliyyətinə malik olduqlarını nümayiş etdirdilər. ABŞ-nin bu təhlükəni aradan qaldırmaq üçün həyata keçirmək istədiyi “Operation Prosperity Guardian” adlı əməliyyat ilk həftəsində İspaniya, Fransa və İtaliya tərəfindən tərk edildi.
Vaşinqtonun şərh verməkdən çəkindiyi bu hadisə Qərb düşərgəsinin “Birqütblü Dünya Nizamı”na reaksiyasının da reallığa çevrilməsi idi. Afrikanın Sahara və Böyük Səhradan cənubdakı bölgələrində terrorla bağlı münaqişələr, Myanmada xunta hakimiyyətinə qarşı silahlı mübarizə aparan qrupların fəaliyyəti də geniş vüsət alıb. Cənub-Şərqi Asiyada enerji və ticarət yollarının yenidən formalaşdırılmasında strateji əhəmiyyətə malik olan Myanma Çinlə 2 min 129 km, Hindistanla isə 1643 km sərhədi ilə ABŞ və Rusiyanın yaxın maraq dairəsindədir.
2023-cü ilin münaqişələri 2024-cü ildə yeni ölçülər alacaq
Artıq Tayvanda keçirilmiş ümumi seçkilər potensial böhranların ilk halqasını təşkil edir. Seçkiləri müstəqillik tərəfdarlarının qazanacağı məlum idi. Lakin ABŞ hələ də Pekin administrasiyasından Moskvanın Ukraynaya müdaxiləsinə bənzər addım gözləyir.
Çin Xalq Respublikası Tayvanı müharibə yolu ilə ilhaq etmək niyyətində olmadığını tez-tez təkrarlasa da, ABŞ-nin 886 milyard dollarlıq müdafiə büdcəsinin əhəmiyyətli hissəsini Çin Xalq Respublikasının qarşısının alınmasına ayırdığını da nəzərdən qaçırmaq olmaz. Yaponiyanın silahlanma səyləri, istehsal etdiyi silahları ixrac etmək üçün qanunlarında etdiyi dəyişikliklər və Şimali Koreyanın Rusiyadan kosmik texnologiya əldə etmək üçün atdığı addımlar da 2024-cü ildə Hind-Sakit okean bölgəsini daha isti edəcək amillərdir.
Türkiyənin “regional problemlərə regional həll yolları” düsturunun daha çox əhəmiyyət qazanacağı bir proses qaçılmaz bir zərurət olaraq paytaxtların gündəminə gələcək.
Latın Amerikası sürprizlərlə doludur
Gəlin nisbi sakitliyin hökm sürdüyü Latın Amerikasına keçək. Venesuelanın zəngin yeraltı sərvətlərə malik qonşusu Qayana ərazisinə iddiası ilə başlayan gərginlik Britaniyanın bölgəyə HMS “Trent” döyüş gəmisini göndərməsi ilə yeni bir ölçü aldı. Britaniyanın donanmasını səfərbər etməsinin yalnız Qayana üzərində cəmləşdiyini düşünmək lazım deyil. Dekabrın 10-da Argentinada vəzifəyə başlayan Prezident Mileyin Folklend/Malvinas adaları üzərində haqq iddiası ilə çıxış etməsi Britaniya donanmasının Cənubi Atlantikada güc nümayişini də gündəmə gətirə bilər.
Arktika bölgəsi üçün planlar həyata keçirilir
2024-cü ildə gərginliyin arta biləcəyi, yenidən təbii ehtiyatlara və ticarət yollarına diqqət yetirən başqa bir coğrafiya Şimal Qütb dairəsidir. “Bloomberg”in məlumatına görə, ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların kontinental şelfini 1 milyon kvadratkilometr artıracaq qərarı həyata keçirməyə hazırlaşır ki, bunun da demək olar hamısı Şimal Qütb dairəsindədir. Sözügedən ərazi ABŞ-nin Alyaska əyalətinin şimal və qərbindəki dəniz sahələrini əhatə edir. Rusiya regionda dominantlığını möhkəmləndirmək üçün “Project 22220 Arktika” sinfinə məxsus nüvə buzqıran gəmisinin inşasına hazırlaşır.
2024-cü ildə kosmos yenidən münaqişə zonasına çevriləcək
Toxunulmamış resurslara çatmaq uğrunda mübarizədən danışarkən, 2023-cü ildə Yerin peyki Ayda su ehtiyatlarına çatmaq uğrunda mübarizəni də xatırlamalıyıq. Rusiyanın Aya göndərdiyi “Luna-25” kosmik gəmisi səthə çırpılaraq məhv olarkən, Hindistanın “Chandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünə uğurlu eniş edib. Yenidən başlayan “Aya Səyahət” yarışında 2024-cü ildə ABŞ-dən əhəmiyyətli bir gediş gözlənilir.
“Artemis” Layihəsi çərçivəsində NASA 3 amerikalı və 1 kanadalı astronavtı Ayın orbitinə göndərəcək. Bu missiya uğurlu olarsa, 2025-ci ildə 53 illik fasilədən sonra ABŞ yenidən astronavtları Ay səthinə endirmək üçün hərəkətə keçəcək. “Artemis” Layihəsinin ən mühüm məqsədlərindən biri də ABŞ-nin Ayda baza quraraq dərin kosmosa uçuşları daha sərfəli etmək istəməsidir. Bundan əlavə, Vaşinqton administrasiyası Ayı silah platforması kimi yer üzündəki rəqiblərini müşahidə etmək və lazım gələrsə, onları vurmaq üçün istifadə etmək istəyir.
ABŞ və Avropadakı seçkilər yeni qeyri-sabitliklər yarada bilər
2024-cü ildə gözlənilən münaqişələr siyahısına noyabrda ABŞ-də keçiriləcək seçkiləri də əlavə etməyin heç bir zərəri yoxdur. Donald Trampın prezidentliyi itirdiyi 2020-ci il seçkilərindən sonra Konqres reydi ABŞ daxili siyasətinin zorakılıqla dolu olduğunu göstərdi. Sorğular göstərir ki, Tramp Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi uğrunda mübarizədə rəqibsizdir. Trampa qarşı seçkidən əvvəl mart ayında başlayacaq federal məhkəmə prosesi ABŞ ərazisində gözlənilməz hadisələrə səbəb ola bilər.
Avropa Parlamentinin (AP) yeni üzvlərini müəyyən etmək üçün 6-9 iyun tarixlərində keçiriləcək seçkilər də qlobal tarazlıqlara təsir etmək potensialına malikdir. Sorğulara görə, Avropa İttifaqının (Aİ) gələcəyinə şübhə ilə yanaşan sağ mərkəzçi, populist və ifrat sağçı partiyalar 720 yerlik parlamentdə mütləq çoxluğu əldə etməyə çox yaxındırlar. Avropa Parlamentində ifrat sağçıların üstünlük təşkil etməsi Aİ-nin gələcəyi ilə bağlı sual işarələrini də artıracaq.
Çoxtərəfli institutların, xüsusən də BMT-nin rolunun aşınması 2024-cü ildə dünyanı daha çətin sınaqlarla üz-üzə qoyacaq.
Sevinc Əliyeva
Ordu.az