Türkiyənin Qafqazdakı rolunu tanımamaq Ermənistana baha başa gələr – BAXIŞ BUCAĞI

2023/09/16650-1694530883.jpg
Oxunub: 35429     20:32     12 Sentyabr 2023    
Sentyabrın 11-də baş tutan Paşinyan-Ərdoğan telefon danışığına təbii ki, Ermənistanın ictimai-siyasi həyatının müxtəlif aktorları tərəfindən böyük diqqət yetirilib. Paşinyanın əleyhdarları və tənqidçiləri Türkiyənin tapşırıqlarını yerinə yetirməsi kimi məşhur tezis məntiqi ilə növbəti dəfə onu hədəfə alıblar. Hətta cəfəng fikirlərlə çıxış edərək bəyan ediblər ki, bununla da Paşinyan Türkiyəni regional aktora çevirib, həmin rolu legitimləşdirib və artırıb.

Ümumiyyətlə, bu gün Ermənistanda praktiki olaraq sırf daxili siyasi təbliğat əsasında və ya bəlkə də sadəcə emosional zəmində kifayət qədər mürəkkəb və ciddi məsələyə qarşı ictimai-siyasi zehni alçaltmaq kimi bir proses mövcuddur. Təbii ki, bu yanaşmanın kökündə 44 günlük müharibədə dağıdıcı zərbə almış erməni cəmiyyətinin psixoloji düşüncəsinin sıradan çıxması da yer alır.

Məsələ burasındadır ki, Paşinyanı Türkiyəni “dəvət edən, legitimləşdirən” kimi xarakterizə edən radikallar, mahiyyət etibarilə ona sadəcə “siyasi kompliment” edirlər. Erməni radikallar anlamır ki, Türkiyə faktiki olaraq o qədər siyasi çəkiyə malikdir ki, o, regional qüvvələrin balansını müəyyən edə bilir. Təbii ki, bütün bu cəfəng yanaşmalar erməni siyasilərin timsalında “siyasi yeniyetməlik”dən başqa bir şey deyil.

Türkiyənin rolunu və onun böyüməsini ilk növbədə Qərb dünyasının açıq şəkildə bəyəndiyi “Ərəb baharı” prosesləri, onların Suriyada “konsentrasiyası”, Türkiyənin Suriyaya daxil olması, mürəkkəb Rusiya-Türkiyə-İran danışıqları, Şimali Afrika, Qafqaz və hətta Mərkəzi Asiya da daxil olmaqla, zəncirvari reaksiyaya daxil olan digər regionlarda baş verən geosiyasi dalğalanmalar təyin edir. Öz növbəsində, Rusiyanın Qərblə, ABŞ ilə dərinləşən və kəskinləşən münaqişəsi fonunda Türkiyənin diplomatik bacarığı sözügedən üstünlüyün saxlanılmasını təmin edib.

44 günlük müharibənin özü Türkiyənin Qafqazla bağlı rolunun artmasının nəticəsi idi. Müvafiq olaraq, Ermənistan və Gürcüstan kimi ölkələrin qarşısında duran taktiki və strateji vəzifə bu reallıqları nəzərə almaq və təbii olaraq münasibətlərinin formullarını, mexanizmlərini və məzmununu inkişaf etdirməkdir. Başqa sözlə, problem Türkiyəni görməmək və ya görməməzlikdən gəlmək, onun Qafqaz rolunu tanımamaq deyil, bu rola ləyaqətlə yanaşmaq düşüncəsinin qəbul edilməməsindən irəli gəlir. Və bu məsələ üzərində təbliğat, siyasi və digər səbəblərə görə "mərc etmək" heç bir şəkildə düzgün seçim deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qafqaz   Ermənistan  


Bizi "telegram"da izləyin