Qarabağ zəfərində 3 amil: Texnologiya, taktika və döyüş ruhu

2023/09/1694178882.jpg
Oxunub: 2192     21:13     08 Sentyabr 2023    
2020-ci il sentyabrın 27-də Qarabağda Azərbaycan və Ermənistan arasında başlayan müharibə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində mühüm qazanclar əldə etməsi və Ermənistan ordusunun ciddi itkiləri ilə başa çatdı. Hərbi ekspertlər Azərbaycanın Qarabağ müharibəsində qələbə qazanmasını üç amillə əlaqələndirirlər: Yeni texnologiyalar, taktika və döyüş ruhu.

Müdafiə analitikləri deyirlər ki, toqquşmalar zamanı Türkiyənin də Azərbaycana verdiyi dəstək qələbənin əldə olunmasında böyük amil olub. “IHS Markit Country” şirkətinin risk araşdırmaları üzrə analitiki Aleks Melikişvili deyib: “Türkiyənin F-16 döyüş təyyarələrinin yerləşdirilməsi Cənubi Qafqazda geosiyasi tarazlığın Azərbaycanın xeyrinə dəyişdiyinin ən konkret sübutudur”.

Azərbaycanın Türkiyə və İsraildən aldığı müasir tipli Pilotsuz Uçuş Aparatlarının (PUA/“gəzən sursat”) hava zərbələri və kəşfiyyat dəstəyi müharibənin qalib gəlməsində böyük rol oynadı.

Toqquşmalarda yeni güc konsepsiyası “sosial media”

Toqquşmaların başlaması ilə Azərbaycan Müdafiə Nazirliyi sosial media hesablarında PUA-ların vurduğu böyük ziyanı üzə çıxaran görüntüləri dərc edib. Ermənistan ordusunun tanklarının, artilleriya birliklərinin, quru istehkamlarının və hətta Ermənistan ordusunun inventarında olan Rusiya istehsalı S-300 Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin məhv edilməsi bu görüntülərdə öz əksini tapdı.

“Twitter”, “Facebook” və “Instagram” kimi məşhur sosial media kanallarında vurulan hədəflər və qarşı tərəfin verdiyi itkilər ilə bağlı mənəvi və motivasiyanı artıran məzmunlar yayıldı. Ermənistan ünsürləri müharibənin “YouTube cəbhəsi”ndə də uduzdular. Geniş diaspor dəstəyinə baxmayaraq, informasiya müharibəsində uğur qazana bilmədilər.

Tanklar PUA-lar qarşısında aciz vəziyyətdə

Azərbaycan-Ermənistan toqquşmalarının nümayiş etdirdiyi ilk dərs adi quru birləşmələrinin (zirehli, mexanikləşdirilmiş və mühərrikli birləşmələr) qabaqcıl dron döyüş silahları və konsepsiyaları qarşısında acizliyidir. Erməni qüvvələri müharibənin ilk günlərindən 1994-cü ildə atəşkəs razılaşması ilə möhkəmləndirdikləri təmas xəttindən nizamsız və intizamsız bir şəkildə geri çəkildilər.

Türkiyənin Suriya və Liviyadakı münaqişələrdə istifadə etdiyi “həm kəşfiyyatçı, həm də ovçu olmaq” anlayışı son Qarabağ münaqişələrində uğurla istifadə olundu. PUA-ların, həssas Mini Ağıllı Sursatın və Radioelektron Müharibə qabiliyyətlərinin bir araya gələrək koordinasiyalı şəkildə istifadə edilməsi Ermənistan ordusunda böyük itkilərə səbəb oldu.

Rusiya müdafiə sənayesinin aparıcı HHM sistemləri olan S-300 və digər “yer-hava” raketləri, zenit-artilleriya sistemləri PUA-lar tərəfindən məhv edildi. Xüsusilə PUA-ların artilleriya bölmələri, Hərbi Hava Qüvvələri (HHQ) ünsürləri, Quru Qoşunları (QQ) və Xüsusi Təyinatlı Qüvvələr (XTQ) ilə əlaqələndirilmiş şəkildə istifadəsi əməliyyatın gedişində çox təsirli oldu. Burada daha vacib olan odur ki, Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriya və Liviyada uğurla həyata keçirdiyi bir konsepsiya Qafqazda Azərbaycan SQ tərəfindən həyata keçirildi.

“Bayraktar TB2” istisna olmaqla, Azərbaycanın PUA inventarını İsrailin dizayn və istehsal etdiyi müxtəlif tipli PUA-lar təşkil edir. Bu PUA-lardan Ermənistanın HHM sistemlərinin məhv edilməsində geniş istifadə olundu. PUA-ların ölçüləri kiçik olduğu üçün yerüstü radarlarla onları aşkar etmək çox çətindir. Döyüş başlığı daşıyan və avtonom və ya uzaqdan idarə oluna bilən kamikadze PUA sinfindən “Harop”, “Orbiter” və “SkyStriker” olmaqla üç fərqli tip platforma mövcud olarkən, “Hermes” seriyalı PUA-lar görüntü kəşfiyyatı və radioelektron kəşfiyyat missiyalarında istifadə olunur.

Azərbaycan ilk dəfə 2008-ci ildə İsraildən kiçik PUA-lar almağa başlayıb. 2011-ci ildə Qarabağ üzərində kəşfiyyat missiyalarında PUA-lardan istifadə edən Azərbaycan 2016-cı ildə dörd gün davam edən Aprel döyüşlərində mobil döyüş sursatı olan PUA-lardan istifadə etdi. İki dövlət arasında gedən müharibədə ilk dəfə olaraq “mobil sursat”dan istifadə ədəbiyyata daxil oldu.

Azərbaycanın ilk PUA tədarükü 2008-ci ildə “Israel Aerospace Industries” (IAI) ilə imzalanmış müqavilə ilə başlayıb. Bu əlaqə 2011-2017-ci illər arasında “yer-yer” raket sistemləri, sursat və müşahidə PUA-larının satışı ilə davam etdi. Lakin 2017-ci ilin avqustunda sınaqlar zamanı Ermənistanın cəbhə xəttindəki hərbi mövqeyinə qarşı “Orbiter 1K” mini PUA sistemi istifadə edildi.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Azərbaycan ordusunun PUA inventarında “Orbiter 3”, “Aerostar”, “Heron TP”, “Hermes 450” və “Hermes 900”, həmçinin “Orbiter 1K”, “Sky Striker” və “Harop” mobil sursatları var. SIPRI-nin məlumatına görə, 2015-2019-cu illər arasında Azərbaycanın silah idxalının 60%-i İsraildən olub. Rusiya isə 31% payla İsraili izləyir.

Azərbaycan son illər neft və təbii qazdan əldə etdiyi gəlirləri ordusunu gücləndirmək üçün xərcləyib. Ermənistan ordusunun silahlarının 90 faizi Rusiya mənşəli olduğu halda, Azərbaycan silah inventarını şaxələndirib və NATO üzvü olan ölkələrdən silah alıb. İspaniyadan alınan radar qarışdırıcı Radioelektron Müharibə sistemlərini, Çexiyadan alınan DANA-M1 CZ özüyeriyən haubitsalarını və Türkiyədən alınan “Bayraktar TB-2” PUA-larını misal göstərmək olar.

Bundan əlavə, Azərbaycanın inventarında Türkiyədən alınan 120 km maksimum mənzilli TRG-300 “Kaplan” ağır Yaylım Atəşli Reaktiv Sistemləri (YARS, bu sistemlər yüksək geostrateji əhəmiyyətə malik Naxçıvanda da yerləşdirilib), Belarusdan alınan 200 km “Polonez” ağır YARS və İsraildən alınan 300 km mənzilli LORA taktiki ballistik raket sistemləri mövcuddur.

Azərbaycanın müharibədə tətbiq etdiyi digər taktika ondan ibarətdir ki, Ukraynadan aldığı ucuz “Antonov 2” təyyarələri qurban verməklə, Ermənistanın HHM sistemlərinin yerləşdiyi yerləri ifşa etməyə nail oldu. Sovet dövründən dezinfeksiya və meşə yanğınlarında istifadə edilən təyyarələr Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistanın HHM sistemləri üzərində aşağı hündürlükdə uzaqdan idarəetmə ilə pilotsuz uçuruldu və Ermənistanın HHM sistemləri tərəfindən vurulmasına şərait yaradıldı. “Antonov AN-2” təyyarəsi vurulduqda daha yüksəklərdə uçan “Harop” kamikadze PUA-ları işə düşüdü və Ermənistanın strateji təyinatlı HHM sistemləri asanlıqla məhv edildi.

Ermənistan ordusunun “Su-25” kimi yaxın hava dəstək elementləri cəbhədə fərq yaratmağa cəhd etsə də, Azərbaycan HHM qüvvələri bu platformalara güclü təzyiq göstərərək, xeyli sayda Su-25-i məhv etdilər. Türkiyənin Azərbaycanla paylaşdığı təkcə yüksək texnologiya və PUA taktikası deyildi. NATO ordularının tətbiq etdiyi döyüş taktikası Türkiyə tərəfindən yetişdirilmiş Azərbaycan Ordusunun şəxsi heyətinə də verildi.

Döyüş ruhu Türkiyənin təlimləri ilə birləşir

Koalisiya qüvvələrinin Əfqanıstanda “Taliban”a qarşı tətbiq etdiyi taktikalardan Azərbaycan Ordusunun çox şey öyrəndiyini və münaqişələrdə istifadə etdiyini görürük. ABŞ-nin ekspert komando qrupları Əfqanıstanın Pakistanla 3300 kilometrlik sərhədində “axtarış və məhv” missiyalarını yerinə yetirmək üçün “Taliban” ərazisinə göndərilib.

Hər bir ABŞ komando komandası ABŞ Xüsusi Təyinatlı Qüvvələri, yüngül dağ piyadaları, dəniz piyadaları, “Navy SEAL” döyüşçüləri və MKİ yarımhərbi zabitlərini birləşdirən təxminən onlarla hərbçidən ibarət idi. Yenicə formalaşan Əfqanıstan Milli Ordusunun hərbi qulluqçuları ilə birlikdə işləyən bu komando qrupları dağlıq ərazidə gördükləri “Taliban” mövqelərini hədəf almaq üçün SOFLAM (Xüsusi Əməliyyat Qüvvələrinin Lazer Toplama Markeri) kimi tanınan cihazdan istifadə ediblər. Komando komandası SOFLAM ilə hədəfi “işarələyəndə” koalisiya təyyarələri siqnala bağlanırdı, lazerlə idarə olunan JDAM bombaları və birgə hücuma istiqamətlənmiş birbaşa sursatlarla hədəfləri məhv edirdi.

Azərbaycan ordusu Qarabağ müharibəsində də analoji taktikadan istifadə etdi. Qarabağın cənub-şərqinə qarşı hücumlarda Azərbaycan xüsusi təyinatlı qrupları Ermənistanın müdafiə xəttində PUA-ların açdığı boşluqlardan içəri daxil olaraq, meşəlik ərazilərdə, şəhər və kəndlər ətrafındakı yüksək nöqtələrdə mövqe tutdular. Ermənistan tərəfindən diversant qruplar kimi müəyyən edilən Azərbaycan xüsusi təyinatlı qrupları yerləşdikləri yerdən hədəf koordinatlarını təmin edərək, YARS sistemləri, artilleriya bölmələri və hava elementlərinin atəş açmasına şərait yaratdılar.

Azərbaycan Ordusu düşmən ünsürləri ilə böyük toqquşmalara girmədən şəhərləri təslim olmağa məcbur etmək taktikası ilə Qarabağın cənub qanadını və İran sərhədindəki qəsəbə və kəndləri geri almağa nail oldu. Azərbaycan xüsusi təyinatlıları Füzuli və Cəbrayılın azad edilməsində bu taktikadan istifadə edərək, ətraf dağları nəzarətə götürdü, şəhərlərə gedən bütün yolları kəsməyə cəhd etdi və düşmənin ağır ünsürlərini şəhəri tərk edərək qaçmağa məcbur etdi.

ABŞ və NATO qüvvələri tərəfindən Əfqanıstanda istifadə edilən komando taktikalarının Azərbaycan tərəfindən Qarabağ müharibəsində istifadə edilməsi Türkiyənin Azərbaycan Ordusuna verdiyi hərbi təlimin rolu olduğu qəbul edilir. Məlumdur ki, Azərbaycan xüsusi təyinatlıları uzun illər Türkiyə və Pakistanın hərbi akademiyalarında təlim keçiblər.

Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri ilə qurduğu sıx əlaqələr sayəsində əməliyyat planlamasında və doktrinasında ondan düzgün istifadə edərək, effektiv döyüş qabiliyyətini inkişaf etdirdiyini göstərdi. Azərbaycan SQ-nin 2016-cı ilin Aprel döyüşlərindən əldə etdiyi dərslər və nümayiş etdirdiyi döyüş qabiliyyəti, eləcə də Azərbaycanın Türkiyə ilə sürətlə dərinləşən müdafiə inteqrasiyası Şimali Qafqazın strateji tarazlığında Moskva və İrəvan üçün narahatlıq doğurur.

Azərbaycan keçmiş sovet respublikaları arasında Rusiyadan başqa yeganə respublikadır ki, öz milli ordusunu xarici təhlükəni aradan qaldırmaq üçün strukturlaşdırıb və hərbi qüdrətinə “strateji şəxsiyyət” verib.

Qarabağda “gəzən sursat” sistemlərinin istifadəsi bu sistemlərin gələcəkdə böyük “sürü” halında istifadə edilməsinə, sürətli istehsal texnologiyaları ilə ucuz qiymətə əldə olunmasına imkan verəcək. Bu, quru müharibəsi üçün potensial “oyun dəyişdiricisi” kimi qəbul edilir. Bahalı və texnoloji cəhətdən təkmil zirehli maşınların nisbətən ucuz döyüş sursatı ilə mübarizədə sağ qalıb-qalmayacağı ilə bağlı mübahisələr hələ də gündəmdədir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə   Qələbə  


Bizi "telegram"da izləyin