Azərbaycan-Özbəkistan münasibətləri: Bakıdan Xəzərin o tərəfinə uzanan dost əli

2023/08/1692621547.jpg
Oxunub: 797     12:22     22 Avqust 2023    
Bu ilin mart ayının 1-də Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yenidən ölkəmizdə səfərdədir.

Xatırladaq ki, bu, Şavkat Mirziyoyevin növbəti dəfə Özbəkistan prezidenti seçilməsindən sonra Azərbaycana ilk səfəridir. Bu ilin iyul ayının 9-da keçirilən prezident seçkiləri nəticəsində Şavkat Mirziyoyev 3-cü dəfə Özbəkistanın prezidenti seçilib.

Azərbaycan və Özbəkistan təkcə ikitərəfli əlaqələrlə deyil, həm də beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Bu əlaqələr çərçivəsində görüşlərin intensivləşməsi təbbi ki, diqqət çəkir. Azərbaycan-Özbəkistan münasibətlərinin yaxınlaşmasını zərurətə çevirən amillərə göz gəzdirməyə çalışaq.

Tarixən Şərqlə-Qərb arasında etibarlı “körpü” rolunu oynayan Azərbaycan son illər bu istiqamətdəki mövqeyini daha da möhkəmləndirib və nəinki Avropa ölkələri və Şərq dünyası ilə əməkdaşlığını xeyli genişləndirib, hətta iki qitə arasında ticari, iqtisadi, mədəni əməkdaşlığın daha yüksək səviyyədə inkişaf etdirilməsində mərkəz rolu oynayıb.

Rəsmi Bakının dünya ölkələri arasında güvənli tərəfdaş olması, sülhpərvər siyasəti, iqtisadi imkanlarının genişliyi, dünyanın ən iri enerji layihələrində əldə etdiyi uğurlar və sayrə müsbət tendensiyalı faktorlar Ermənistan istisna olmaqla, qonşu respublikaların və region ölkələrinin, eləcə də dünyanın başqa dövlətlərinin Azərbaycanla tərəfdaşlıq etməsinə marağı artırır.

Son illər Azərbaycanın ətrafında meydana gələn siyasi-iqtisadi proseslərin mənzərəsi deməyə əsas ver ki, Mərkəzi Asiya ölkələrinin Bakı ilə siyasi, iqtisadi, elmi, təhsil, mədəni və idman sahələrində əməkdaşlığa marağı yüksələn xətt üzrə inkişaf edir.
SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən respublikalar arasında rəsmi Bakı ilə münasibətlərini təkcə siyasi-iqtisadi sahədə yox, həm də elmi, mədəni sferada inkişaf etdirməyə maraq göstərən Özbəkistanda Azərbaycana diqqət getdikcə çoxalır.

Azərbaycan və Özbəkistan arasında ikitərəfli siyasi münasibətlər və diplomatik əlaqə əsasən 1995-ci ilin oktyabrında yaradılıb. Təxminən bir il sonra Azərbaycan Respublikasının Özbəkistanda, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycanda səfirlikləri açılıb.

Əslində, daha qədim tarixi köklərlə bir-birinə bağlı olan bu ölkələr arasında əlaqələrin genişləndirilməsi son illəri əhatə edir. Milli Lider Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrdə təməli qoyulan Azərbaycan-Özbəkistan əlaqələrinin XXI əsrin ilk onilliyində dinamik müstəviyə çıxması heç də təsadüf sayıla bilməz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şərq ölkələri, eləcə də türkdilli dövlətlərlə bağlı siyasətinin təhlili göstərir ki, Türk dünyasının inkişafında rəsmi Bakının kifayət qədər böyük payı var. Eləcə də, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında təmsil olunan bu iki ölkə arasında münasibətlərin siyasi, sosial-iqtisadi, humanitar və maraq doğuran digər qarşılıqlı sahələrdə əməkdaşlığın daha genişləndirilməsi nəzərdə tutulur.

Təbii qaz istehsalında dünyada 14-cü, pambıq istehsalında altıncı, uran ehtiyatlarının həcminə görə, eləcə də qızıl ehtiyatları və qızıl istehsalı baxımından yeddinci yerdə olan bu müsəlman türk respublikası bu qədər zəngin sərvətlərin fonunda iqtisadi-inkişaf baxımından xeyli geridə qalır. Kənd təsərrüfatının ÜDM-dəki payı 19,2% təşkil edən rəsmi Daşkənd hazırda taxıl asılılığı və daxili istehsalatın zəfliyi kimi qayğılarla əhatə olunub.

Özbəkistan özünün təbii qazının dünya bazarına çıxarılması və onun nəqli üçün Azərbaycan kimi etibarlı tərəfdaşa, həmçinin rəsmi Bakının bu sahədə təcrübə və imkanlarından istifadə etməyə ciddi ehtiyac duyur. Nəzərə alsaq ki, Asiyada iqtisadi baxımdan xeyli inkişaf etmiş Qazaxıstan, Rusiya və Çin kimi regional dövlətlərin əhatəsində olan Özbəkistanın Qazaxıstan və ya Türkmənistan vasitəsi ilə Xəzər dənizi üzərindən dünya bazarına çıxışı üçün ən uyğun tərəfdaş Azərbaycan Respublikasıdır, bu qənaətə gəlmək olar ki, rəsmi Bakı tarixi, milli, mədəni, dini köklərlə bağlı olduğu Özbəkistanın iqtisadi inkişafında əvəzsiz mövqeyə malikdir və Daşkənd bu reallığın fərqindədir.

Azərbaycanla təkcə iqtisadi müstəvidə deyil, həm də strateji baxımdan tərəfdaşlığa maraq göstərən Daşkənd Bakı ilə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın, təcrübə mübadiləsinin inkişaf etdirilməsinə köklənib. Bunun nəticəsidir ki, artıq bir neçə ildir Azərbaycan-Özbəkistan birgə hərbi təlimləri keçirilir. Təbii ki, nəinki quru sərhədləri, hətta su hövzəsi üzərində sərhəd əlaqəsi olmayan Azərbaycan və Özbəkistanın birgə hərbi təlim keçirməsi maraq doğurur.

Bununla yanaşı, öz sərhədləri boyunca Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi türk dövlətləri ilə əhatə olunan Özbəkistanın Xəzərin əks sahilindəki başqa bir türk dövləti ilə hərbi təlim keçirməsi hərbi və siyasi təhlilçilərin diqqətindən yayınmır. Hərçənd, öz qonşuları ilə ciddi münaqişəsi və gərginliyi olmayan rəsmi Daşkəndin Azərbaycanla hərbi təcrübə mübadiləsi təsadüf sayıla bilməz. Yerləşdiyi regionun daxili hərbi-siyasi vəziyyətinə görə uzun illərdir sülh və əmin-amanlığa “tamarzı” qalan Əfqanıstanla həmsərhəd olduğunu nəzərə alsaq, bu ölkədəki silahlı qruplaşmaların Özbəkistana təhlükə törədə bilməsini ehtimal etmək mümkündür. Eyni zamanda, digər qonşusu Tacikistanın da Əfqanıstanla həmsərhəd olduğunu və Düşənbənin üzləşdiyi narkotik təhdidlərinin Daşkənd üçün də aktuallığını hesablasaq, bu nəticəyə gəlmək olar ki, 44 günlük Vətən Müharibəsində torpaqlarını işğaldan azad edən Azərbyacanın hərbi təcrübəsi, zərurət yarandığı halda, qonşu ölkələrdən gələ biləcək silahlı qruplaşmalara, yaxud narkotik ticarətçilərinə qarşı keçirəcəyi anti-terror əməliyyatlarında Özbəkistan üçün əlverişli istinad yeri ola bilər.

Bundan əlavə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında tranzit əlaqələrini genişləndirmək yükdaşımaların həcmini yüksəltmək üçün Türkiyə və Gürcüstanla da sıx müzakirələr aparan Azərbaycan Özbəkistanın iqtisadi maraqlarının icrasında mühüm rol oyanaya bilər. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin fonunda Azərbaycan ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun aktuallığı əhəmiyyətli dərəcədə artıb. Bu da təbii ki, Daşkəndin diqqətindən qaça bilməz. Deməli, Qərblə Şərq arasında beynəlxalq yükdaşımaların Orta Dəhliz marşrutuna cəlb edilməsi həm də rəsmi Daşkənd üçün müəyyən iqtisadi platformaların daha əlverişli şəkildə reallaşdırılması üçün imkanlar yaradır. Çindən başlamaqla Mərkəzi Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Türkiyə, eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımaları üçün ən uyğun marşrut olan Orta Dəhliz Özbəkistana Azərbaycan vasitəsi ilə Gürcüstanın Poti və Batumi limanlarına çıxış əldə etməsinə imkan yaradır, eləcə də, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Avropa ilə tranzit əlaqə yaratmasını asanlaşdırır. Azərbaycanla bütün istiqamətlər üzrə geniş və möhkəm əlaqələr quran Özbəkistan Bakının təmsil olunduğu beynəlxalq əhəmiyyətli təşkilatlarda da etibarlı tərəfdaş qazanmış olur. Bu əməkdaşlıq, eyni zamanda, eyni dil, din və mədəni köklərə malik türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə, onların beynəlxalq müstəvidə güc amilinə çevrilməsinə də ciddi təsir göstərir.

Mərkəzi Asiya ölkələrinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı müdafiə etməsi, müharibədən sonra isə azad edilmiş ərazilərdəki bərpa-quruculuq işlərində iştirakları təbii ki, Bakı tərəfindən yüksək dəyərləndirilir və bu amil dostluq-əməkdaşlıq məsələlərinin daha da ali səviyyəyə çatdırılmasına böyük təkan verir.

Təxminən 50 il əvvələ nəzəzr salsaq, ötən əsrdə, daha konkret desək, 1966-cı ilin aprelində Daşkənddə baş verən dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında, şəhərin yenidən qurulmasında azərbaycanlıların yetərincə fədakarlığı olub.

Təbii ki, tarix unutmur, heç nəyi unutdurmur.

Daşkənddə bu gün çox yaxşı bilirlər ki, istənilən məsələdə qaşıya hansısa çətinlik çıxarsa, ilk dost əli Bakıdan uzadılacaq.

1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olduğu zaman türkdilli dövlət başçılarının müntəzəm görüşlərinin bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edəcəyini demişdi...

Deməli, illər əvvəl özünü biruzə verən zərurət reallaşamağa doğru yön alıb.

Teymur Zahidoğlu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Özbəkistan  


Bizi "telegram"da izləyin