Rusiya Ukrayna müharibəsində nüvə silahından istifadə edə bilər? – ANALİZ

2023/07/1688555307.jpg
Oxunub: 6866     16:21     05 İyul 2023    
Cari ilin mart ayında Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini bildirmişdi. NATO isə “təhlükəli” və “məsuliyyətsiz” adlandırdığı qərarı pisləmişdi. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Belarusa taktiki nüvə silahı yerləşdirdiyini və silah transferinin yayın sonuna qədər başa çatacağını açıqladı. Yaxşı, bəs Moskva administrasiyası Rusiya-Ukrayna müharibəsində nüvə silahından istifadə edə bilərmi?

Nüvə reaksiyası və nüvə parçalanmasının birlikdə istifadəsi və ya daha güclü birləşmə ilə əldə edilən yüksək dağıdıcı gücə malik silahlara “nüvə silahı” deyilir. Nüvə silahları, ümumi partlayıcılardan fərqli olaraq, bir şəhəri və ya ölkəni tamamilə məhv edə bilər. Bu silahlar böhran vəziyyətlərində iki məqsəd üçün istifadə olunur: məcbur etmək və çəkindirmək. Məcbur etməyin məqsədi nəyisə əldə etməkdir. Çəkindirməkdə isə məqsəd düşməni ağır əks-hücum təhlükəsi ilə hücumdan çəkindirməkdir.

Çoxlu sayda düşməni tamamilə məhv etməyə qadir olan nüvə silahına malik olmağın hücuma məruz qalmağın qarşısını aldığı fikri nüvə çəkindirmə ideyasının əsasını təşkil edir. Rusiya-Ukrayna müharibəsi ilə nüvə silahından istifadə təhlükəsi yenidən ortaya çıxdı. Rusiya həm taktiki nüvə silahları, həm də şəhərlərə qarşı istifadə olunacaq strateji nüvə silahları ilə təchiz edilən, dünyanın ən böyük nüvə arsenalına malik olan ölkədir.

2010-cu ildə nəşr olunan Rusiya Hərbi Doktrinasına görə, əgər nüvə silahı özünə və ya müttəfiqlərinə qarşı istifadə olunarsa, Rusiya da eyni şəkildə cavab verə bilər. Bundan əlavə, bu doktrinaya görə, nüvə silahı adi silahlarla Rusiyaya qarşı hücumlarda və ya Rusiya açıq təhdid altında olarsa, güclü variant kimi ortaya çıxa bilər.

Ekspertlər bildirirlər ki, Rusiya Prezidenti Vladimir Putinin bu sözləri ciddi qəbul edilməlidir: “Xatırlatmaq istərdim ki, bizim ölkəmiz də müxtəlif məhvedici silahlara malikdir və NATO ölkələrindən daha müasirdir. Ölkəmizin ərazi bütövlüyü təhlükə altına düşəndə biz təbii ki, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil”.

ABŞ Prezidenti Co Bayden də Rusiyanın taktiki nüvə silahından istifadə təhlükəsinin real olduğuna inanır. Çünki Rusiya Şərqi Avropada yeganə müttəfiqi olan Belarusda nüvə silahı yerləşdirdiyini bəyan edib.

İlk nüvə silahları Belarusda yerləşdirildi

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən iqtisadi forumun əsas sessiyasında “The National Interest” jurnalının köşə yazarı Dmitri Simsin suallarını cavablandırıb. Vladimir Putin ölkəsinin Belarusda taktiki nüvə silahı yerləşdirməsini təsdiqləyib və bunun Rusiyanın Qərbə xəbərdarlığı olduğunu deyib.

Rusiya lideri çıxışında qeyd edib: “Bildiyiniz kimi, biz müttəfiqimiz (Belarus Prezidenti) Lukaşenko ilə Belarusa taktiki nüvə silahı göndərmək barədə danışırdıq və bu baş verdi. İlk nüvə başlıqları Belarusa gəldi. Lakin bu mərhələdə yalnız ilk partiya Belarusa gedib. Biz bu yayın axırına və ya ilin sonuna qədər daşımaları başa çatdıracağıq”.

Bu silahlardan istifadənin mümkünlüyü barədə suala Putin belə cavab verib: “Niyə biz bütün dünyanı təhdid etməliyik? Mən əvvəl də demişəm ki, Rusiya dövləti üçün təhlükə yaranarsa, ifrat tədbirlərə əl atılması mümkündür”.

Rusiya Prezidenti mart ayında verdiyi açıqlamada yaxın hərbi əlaqələri olan Belarus Prezidentinin uzun müddətdir ki, Moskvanın ölkəsinin ərazisində nüvə silahı yerləşdirməsini istədiyini bildirib. Putin açıqlamasında qeyd edib: “Belarus Prezidenti Aleksandr Lukaşenko bunu tələb edir və deyir ki, biz yaxın müttəfiqik və dərin münasibətlərimiz var. Biz Belarusa nüvə silahı vermirik. ABŞ də bunu müttəfiqlərinə vermir. Əslində, biz onların illərdir etdiklərini edəcəyik. Onların müəyyən müttəfiqləri var və öz daşıyıcılarını hazırlayırlar. Onlar da ekipajları hazırlayır. Biz də eyni şeyi etməyə qərar verdik. Strateji Silahların Azaldılması Müqaviləsinin öhdəliklərini pozmadan belaruslu dostlarımızı dəstəklədik və (belarusluların) 10 ədəd təyyarəsini buna görə (nüvə silahları daşımaya görə) inkişaf etdirdik. Bu 10 təyyarə bu tip silahlardan istifadə etməyə hazırdır”.

Bu qiymətləndirmə hərbi ekspertlər tərəfindən Qərb ölkələrinin Kiyevə ağır silah göndərməsinə qarşı çıxan Putinin nüvə silahından istifadə təhlükəsində yeni addımı kimi şərh edilib. Aprel ayında Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi ki, Belarus pilotları Ukraynada müharibənin davam etdiyi bir vaxtda Moskvanın müttəfiqi Minskə bəzi silahlar yerləşdirmək planının bir hissəsi olaraq taktiki nüvə idarəetmə təlimlərini başa vurublar.

Rusiya-Ukrayna müharibəsində nüvə silahından istifadə oluna bilər?

Rusiyanın öz inventarında neçə taktiki nüvə silahının (TNW) olduğu dəqiq məlum deyil. Lakin məlumdur ki, Rusiyanın ABŞ və transatlantik NATO hərbi alyansı qarşısında böyük say üstünlüyü var. Taktiki nüvə silahları döyüş meydanında düşmən qoşunlarını və silahlarını məhv etmək məqsədi daşıyır.

Bu silahlar bütöv şəhərləri məhv etməyə qadir olan uzunmənzilli strateji raketlərə quraşdırılmış nüvə başlıqlarından nisbətən qısa mənzilə və xeyli az gücə malikdir. Vladimir Putin taktiki nüvə silahlarının müttəfiqi Belarusa yerləşdirildiyini desə də, indiki mərhələdə Rusiyanın bu silahlara əl atmasına ehtiyac olmadığını bildirir.

Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahına sahib olduğunu qeyd edən Putin bildirib: “Onlar bunu bilirlər və bizə silahları azaltmaq üçün danışıqlara başlamağımızı deyirlər”.

Dünyada çoxsaylı nüvə sınaqlarına və ölkələrin öz ixtiyarında olan nüvə silahlarını inkişaf etdirməyə davam etmələrinə baxmayaraq, 1945-ci ildən bəri heç bir münaqişədə nüvə silahından istifadə edilməyib. Ukrayna və Qərbi nəhəng qüvvə yerləşdirməklə hədələyən Rusiya əslində bu təhdidlərlə Kiyev administrasiyasını təslim olmağa, Qərb dövlətlərini isə yardımı kəsməyə məcbur etmək niyyətindədir. Ukraynanın NATO və Aİ-yə üzv olmaq cəhdlərini öz təhlükəsizliyinə təhdid kimi qəbul edən Moskva administrasiyası “nüvə silahından istifadə” hədəsi ilə Kiyevi bu qərardan çəkindirmək istəyir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Nüvə-silahı   Ukrayna   Belarus  


Bizi "telegram"da izləyin