HHM sistemlərinin müasir PUA-lara qarşı döyüş tətbiqinin nəticələri bu sistemlərin tədricən “ov” obyektinə çevrilməsi qənaəti yaradır. Belə ki, PUA-larla zenit raket-top komplekslərinin (ZRTK) aşkaretmə uzaqlıqları artıq müqayisə edilə biləcək vəziyyətdədir və hətta maneələrin tətbiqi hallarında PUA-nın aşkaretmə uzaqlığı ZRTK-nı üstələyə bilir. Bundan əlavə, Suriya və Liviyada, eləcə də İkinci Qarabağ müharibəsində PUA-lardan istifadə təcrübəsi göstərir ki, PUA-lar qrup tərkibində eyni zamanda həm kəşfiyyat, həm də zərbə tapşırıqlarının icrası üçün istifadə edilir. Maneələrin təsiri həm PUA-nın aşkarlanma uzaqlığının, həm də zenit idarəolunan raketlərin (ZİR) dəqiq idarə olunma ehtimalının azalmasına səbəb olduğundan ZRTK-ın məhvetmə zonasının ölçüləri zərbə PUA-sının məhvetmə zonasının ölçüləri ilə bərabər hala gəlir.
Hərbi əməliyyatların forma və metodlarının inkişaf istiqamətlərinin təhlili göstərir ki, artıq pilotsuz aviasiyaya geniş diapazonda döyüş tapşırıqlarını həll edə biləcək yüksək effektiv vasitələr kimi baxılır. Güman edilir ki, yaxın gələcəkdə PUA-lar HHM vasitələrinin yerinin aşkar edilməsi, onların susdurulması və məhv edilməsi, koordinatları məlum olan və yüksək səviyyədə mühafizə edilən düşmən hədəflərinin məhvi, eləcə də aşkar edilmiş obyektlərə raket və bomba zərbələrinin vurulmasının əhəmiyyətli hissəsini öz üzərinə götürəcək.
PUA-ların artan imkanları isə onlara qarşı mübarizə məsələlərinin həlli üçün yeni üsul və taktikaların müəyyənləşdirilməsini tələb edir.
PUA-ların inkişaf tendensiyası və istiqamətləri
PUA-ların hərb sahəsində tədqiq və tətbiq edilməsi bir sıra mübahisə edilməyəcək yaxşı cəhətlərlə şərtlənib. Pilotsuz hərbi hava vasitələrinin (HHV) tətbiqi istənilən dövlət üçün hazırlanması olduqca baha başa gələn uçuş heyətinin qorunub saxlanılması, intensiv zenit atəşinin əks-təsiri altında qoşunlara və digər obyektlərə zərbə zamanı insan amilinin təsirinin aradan qaldırılması və sair kimi çoxsaylı üstünlüklər qazandırıb. PUA-ların tətbiqinin əsas üstünlüyü onların istismarının sadəliyi, qənaətə imkan verməsi, nisbətən ucuz qiymətləri, döyüş tətbiqinə hazırlanmasının yüksək operativliyi və s. hesab edilir.
Müasir dövrdə PUA-ların inkişafı geniş həcmdə tapşırıqların həllini nəzərdə tutur. Belə ki, PUA operator vasitəsilə uzaqdan idarə edilməklə və ya əvvəlcədən yazılmış proqrama uyğun avtonom fəaliyyət göstərərək
aşağıdakı əsas tapşırıqları yerinə yetirir:
– müşahidə və kəşfiyyatın real vaxt rejimində aparılması;
– hədəflərə özü və ya daşıdığı məhvetmə vasitələri ilə zərbələrin endirilməsi;
– radioelektron maneələrin qoyulması;
– digər məhvetmə vasitələrinə hədəfgöstərmənin verilməsi, eləcə də onların tətbiqinə düzəlişlərin edilməsi;
– yüklərin daşınması;
– rabitə əlaqəsinin uzaq abonentləri arasında məlumatın retranslyasiya edilməsi;
– yalançı hava hədəfi kimi istifadə edilərək diqqətin və ya atəşin özünə cəlb edilməsi.
İkinci Qarabağ müharibəsindən sonra ermənilərin məskunlaşdığı torpaqlarımızda terrorist fəaliyyətlərin mümkünlüyünü nəzərə alaraq, PUA-ların terroristlər tərəfindən
aşağıdakı məqsədlər üçün istifadə edilməsi də mümkündür:
– qorunan obyektlərin sərhədləri daxilinə keçərək orada müşahidənin aparılması;
– əhəmiyyətli şəxslərin dəqiqliklə aradan qaldırılması;
– əldədüzəltmə zərərvermə vasitələrinin havadan buraxılması;
– bina, mədəniyyət abidələri və infrastruktur obyektlərinə zərərin yetirilməsi;
– qadağan edilmiş əşya və vasitələrin daşınması, onların qorunan ərazilərə atılması;
– aeroportların fəaliyyətinə məqsədli şəkildə maneçiliyin törədilməsi;
– azad edilmiş torpaqlarda məskunlaşan əhalinin normal yaşayışına və fəaliyyətinə maneçiliyin törədilməsi, onları qorxu altında saxlamaq cəhdi və bu kimi digər psixoloji təsir vasitələri kimi istifadə edilməsi.
PUA-ların son müharibələrdə tətbiqinin effektivliyi
PUA-ların qısa müddət ərzində kəskin inkişafı son müharibələrdə daha qabarıq şəkildə özünü büruzə verib. Bu insansız hava vasitələri HHM sistemləri üçün “baş ağrısı” olub və bir çox həllini gözləyən suallar yaradıb. Başqa sözlə, “PUA-ZRK” qarşıdurması anlayışı meydana çıxıb və HHM sisteminin qurulmasında yeni taktika və üsulların axtarılmasına təkan verib. Bunu 2017–2020-ci illərdə Suriya və Liviyada baş verən silahlı münaqişələrdə, eləcə də İkinci Qarabağ müharibəsində görmək mümkündür.
2017–2020-ci illərin müharibə və silahlı münaqişələrində PUA-ZRK (ZRTK) qarşıdurmasının təxmini qiymətləndirilməsi barədə məlumat cədvəldə verilib.
Cədvəl. 2017–2020-ci illərin müharibə və silahlı münaqişələrində PUA-ZRK (ZRTK) qarşıdurmasının təxmini qiymətləndirilməsi
Suriya müharibəsi. Suriyada “PUA-ZRK” qarşıdurması ölkənin silahlanmasına olan “Pansir-C1” ZRTK ilə Türkiyənin “Bayraktar TB2” və “Anka” PUA-ları arasında 2017–2019-cu illərdəki döyüşlərdə ortaya çıxıb.
“Bayraktar TB2”-nin döyüş tətbiqi iki əsas tapşırığın – kəşfiyyat və zərbə tapşırıqlarının icrası üçün nəzərdə tutulmuşdu. O, kəşfiyyat tapşırıqlarını 6 km hündürlükdə icra edirdi. Bu halda “Pansir- C1” kompleksinin radiolokasiya stansiyası (RLS) onu üfüqi müstəvidə ən azı 7 km-ə qədər, daha uyğun şəraitlərdə isə 15.3 km-ə qədər məsafədə aşkar edə bilər. Kompleksin optik-elektron sistemi (OES) vasitəsilə “Bayraktar TB2”-ni aşkaretmə uzaqlığı işıqlanma səviyyəsi, atmosfer maneələri, maskalanma, OES-in kamerasının xüsusiyyətləri və s. parametrlərdən asılıdır. Uyğun hava şəraitində “Bayraktar TB2”-nin optik-elektron sistemi isə 80 km-ə qədər uzaqlıqdakı hədəfləri aşkar etmək imkanı verir. Aydındır ki, “Bayraktar TB2”-nin optik-elektron sistemi “Pansir-C1”-in aşkaretmə imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. Bu baxımdan PUA zenit-raket kompleksinin məhvetmə radiusuna daxil olmadan, onu aşkar etmək imkanlarına malikdir. ZRTK-nın “Wescam CMX-15D” optik-elektron sistemi 20 km-dək uzaqlığı ölçə bilən lazer uzaqlıqölçəni ilə təchiz edilib. Beləliklə, 20 km-də PUA onun yerləşmə yerini dəqiq müəyyənləşdirə və hədəfgöstərmə məlumatını silah sistemlərinə ötürmə imkanına malik olur.
Bundan başqa, türk hərbçiləri tərəfindən PUA-ların qrup tərkibində tətbiqi, həmçinin “KORAL” və “REDET EW” tipli REM kompleksləri ilə dəstəklənməsi də ehtimal edilir. Maneə tətbiqi PUA-nın “Pansir-C1” ZRTK-nin RLS-i ilə aşkar edilmə uzaqlığını, həmçinin zenit idarəolunan raketə düzgün idarəetmə komandalarının verilməsi ehtimalını azaldır. Bu da, öz növbəsində, PUA-nın ZRTK-nın məhvetmə zonasına daxil olması zamanı vaxtında raketin buraxılması və məhv edilməsi ehtimalını aşağı salır.
“Pansir-C1”in Liviyadakı döyüş tətbiqi göstərdi ki, RLS-in bəzi quruluş çatışmazlıqları səbəbindən maneə şəraitində PUA-nı yüksək ehtimalla yalnız 4-6 km uzaqlıqlarda məhv edə bilir. Əgər “Bayraktar TB2” RLS ilə təchiz edilibsə, onun üstünlükləri daha da çoxalmış olur. Aktiv faza qəfəs antenası (AFQA) “Picosar” mini-RLS 1 metr ayırdetmə qabiliyyəti ilə 20 km uzaqlığa qədər skaneretməni (taramanı) təmin edə bilir. Bu RLS 14 km uzaqlıqda 0.3 metrlik ayırdetmə ilə “Pansir- C1” ZRTK-nın yerləşmə yerini zəmanətli olaraq ortaya çıxarır və öz idarəolunan raketlərinə hədəfgöstərmənin verilməsini təmin edir.
Yuxarıda sadalanan faktlara əlavə olaraq qeyd etmək lazımdır ki, əslində “Pansir-C1” ZRTK ilə “Bayraktar TB2” PUA-sı arasındakı əks-fəaliyyət duelində üstün tərəf PUA ZRTK-nın məhvetmə zonasında olduğu halda “Pansir-C1”in tərəfindədir. Lakin bu üstünlük yalnız kompleks “döyüş vəziyyəti”ndə olduqda, RLS PUA-nın uçuşunu uğurla aşkar edib onu müşayiətə götürdükdə və PUA-nın buraxılış zonasına daxil olması zamanı ZİR-ə hədəfgöstərmənin verilməsinə hazır olduqda reallaşa bilər. Ancaq döyüş fəaliyyətlərinin praktikasında daha çox rast gəlinən şərait ZRTK-nın “marş” vəziyyətində aşkarlanması və ya kompleksə bir neçə zərbə PUA-ları tərəfindən hücum edilməsi olub. Bu şəraitdə insan amili – ZRTK-nın döyüş heyətinin yaranmış vəziyyətə operativ və adekvat reaksiyası kəskin rol oynayıb. “Pansir-C1”in döyüş vəziyyətinə açılma normativi ~5 dəqiqədir, lakin real döyüş şəraitində bu müddət daha çox ola bilər. Çox vaxt bu müddətin özü belə “Bayraktar TB2”nin kompleksin məhvetmə zonasına (18 km) daxil olaraq öz raketini buraxması üçün kifayət edir.
ZRTK-nın döyüş effektivliyini aşağı salan digər problemli amil isə real döyüş şərtlərində ona eyni zamanda və müxtəlif istiqamətlərdən üç və daha artıq PUA-nın hücum etməsi ola bilir. Suriya və Liviyadakı döyüş fəaliyyətlərinin təcrübəsi göstərir ki, yuxarıda göstərilən şəraitdə kompleksin döyüş heyəti ya mövcud döyüş ehtiyatını (12 ZİR) birinci zərbə PUA eşelonuna sərf etdiyindən ikinci eşelonun raketləri ilə məhv edilib, ya da ZRTK sadəcə olaraq “döyüş vəziyyəti”nə açılmamış halda olub.
Suriyadakı hərbi qarşıdurmanın nəticəsində Türkiyə öz PUA-larının tətbiqini yeni səviyyəyə keçirib. Birincisi, zərbə PUA-ları qeyri-nizami hərbi birləşmələrə qarşı deyil, nizami ordunun – Suriya Silahlı Qüvvələrinin şəxsi heyəti və vasitələrinə qarşı əsas tətbiq vasitəsi olub. İkincisi, HHM sisteminin ZRTK və ZRK-larının məhv edilməsi tapşırıqlarının həlli çərçivəsində “Bayraktar TB2” zərbə PUA-larının kütləvi və ya qrup şəklində, həmçinin radiolokasiya, optik-elektron kəşfiyyat və radioelektron maneə vasitələri ilə təchiz edilmiş “Anka” tipli daha ağır kəşfiyyat PUA-sının himayəsi altında tətbiqi taktikası işlənib hazırlanıb.
Rəsmi şəxslərin ifadələri, eləcə də təsdiqini tapmış məlumatlara əsasən bu dövrdə 10 ədəd “Bayraktar TB2” və “Anka” PUA-sı və 2 ədəd “Pansir-C1” ZRTK vurulub. Rəsmi məlumatlara istinad etdikdə, hətta 5 ədəd PUA-ya 1 ədəd “Pansir-C1” düşməsi belə PUA-ların kütləvi tətbiqi zamanı ZRTK-nın döyüş davamlılığının (yaşama qabiliyyəti, həyatdaqalma qabiliyyəti) adekvat olmayan aşağı səviyyədə olmasına dəlalət edir.
Beləliklə, etiraf etmək olar ki, zərbə PUA-ları qrupu artıq ZRK-nın məhvetmə obyekti yox, HHM sisteminin aşkara çıxarılması və yox edilməsi üçün effektiv bir vasitə olmaqdadır.
Liviya müharibəsi. Rus ZRK və ZRTK-larının türk “Bayraktar TB2” və “Anka” PUA-larına qarşı döyüş tətbiqinin təcrübələri bu müharibədə də öz xüsusiyyətlərini göstərib. “Bayraktar TB2” zərbə PUA-larının Liviyada həlledici fəaliyyəti Tripoli şəhəri uğrunda gedən döyüşlərdə müəyyənləşdirilib.
Təsdiq edilmiş məlumatlara görə itkilərin 22-26 ədəd “Bayraktar TB2” PUA və 9-12 ədəd “Pansir-C1” ZRTK olması, şübhəsiz ki, Suriya ilə müqayisədə olduqca böyük saydır. “Bayraktar TB2” PUA-nın çoxsaylı itkilərinin səbəbi Suriyadan fərqli olaraq Liviyada REM komplekti ilə təchiz olunmuş “Anka” PUA və əksər hallarda yerüstü REM vasitələri ilə dəstəklənməməsi hesab edilir. Aşkarlanma ehtimalını aşağı salmaq məqsədilə, PUA-lar qoşunların atəş dəstəyi və HHM sisteminin sıradan çıxarılması tapşırıqlarını aşağı hündürlüklərdə icra edirdilər. Bu da çoxsaylı PUA itkisi ilə nəticələnişdir. Belə ki, bu halda PUA-lar HHM vasitələri üçün ən rahat hədəflərdən sayılır. Bununla belə bu cür PUA-ların kütləvi uçuşuna qarşı əks-fəaliyyət HHM sistemi üçün adi tapşırıq deyil. “Bayraktar TB2” kimi yüngül PUA-lar HHM sisteminin uzaq sərhədlərində ZRK RLS-lərinin əksəriyyəti tərəfindən aşkar edilmədən aşağı hündürlüklərdə (bir neçə yüz metrdə) irəliləmə imkanı əldə edirlər. HHM sisteminin yarılması məqsədilə aşağı hündürlüklərdə həyata keçirilən uçuş PUA üçün risklidir və bu zaman itkilərin olması qaçılmazdır. Ancaq “Bayraktar TB2” PUA-sının Liviyada tətbiqində digər variantlar olmadığından bu cür risk öncədən nəzərə alınıb və əsaslandırılıb. Belə ki, PUA qruplarının kütləvi tətbiqi say üstünlüyü yaradıb ZRK-ları vaxtından əvvəl öz döyüş dəstini sərf etməyə məcbur etməklə sonradan onları məhv etməyə və qrupun böyük hissəsinə HHM sistemini dəf etməyə imkan verir. Bununla belə, yuxarıda sadalanan itkilərə əsaslandıqda, təxminən 2,8 ədəd PUA-ya 1 ədəd “Pansir-C1” ZRTK-nın düşməsi ZRK-ların məhv edilməsi məqsədilə PUA-ların eyni zamanda kütləvi tətbiqinin yüksək effektivliyini təsdiq edir. Eyni zamanda daha ucuz silah vasitəsi olan PUA həm də şəxsi heyətin itkisini istisna edir.
Təhlillər göstərir ki, ZRTK-nın itki verməsinin əsas səbəbləri bunlardır:
– bir neçə istiqamətdən PUA-ların kütləvi hücumunun dəf edilməsi üzrə atəşin idarə edilməsi alqoritmlərinin aşağı effektivliyi;
– döyüş heyətinin zəif hazırlığı;
– istismar və daşınma qaydalarının pozulması;
– maskalanmanın tələblərinə qarşı etinasızlıq.
Suriyadakı döyüşlərin təhlilində də qeyd edildiyi kimi, məhv edilən “Pansir-C1” ZRTK-nın böyük əksəriyyəti ya “marş vəziyyəti”ndə olub, ya da döyüş dəsti bitdiyindən nə özünü, nə də qonşu HHM vasitəsini müdafiə etmək imkanında olmayıb.
İkinci Qarabağ Müharibəsi. 2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi üçün başladığı “Dəmir Yumruq” əməliyyatında əsas diqqət çəkən məqamlarından biri də Azərbaycan tərəfindən Ermənistanın Qarabağda yerləşən canlı qüvvə və silahlı vasitələrinə qarşı PUA-ların kütləvi tətbiqi olub.
Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında Türkiyənin “Bayraktar TB2”, İsrailin “Heron TP”, “Hermes 4507” PUA-ları, “gəzən” “Sky Striker” və “Harop” PUA-kamikadzeləri, eləcə də İsrail ilə birgə istehsal edilən “Aerostar” PUA, “Orbiter-1K” və “Orbiter-3” PUA-kamikadzeləri mövcud idi. Müharibənin başlanğıcında Ermənistan SQ-nin silahlanmasında sovet və rus istehsalı müxtəlif növ HHM vasitələri mövcud idi. İşğal altında olan ərazilərin hava hücumundan bilavasitə müdafiəsini “Osa” və “Strela”, S-300PS və S-300PT, “Kruq” və S-125 ZRK-ları təmin edirdi. Müharibədən əvvəl Ermənistan tərəfi Rusiyadan “Tor” ZRK alaraq silahlanmaya qəbul etmişdi. “Tor” ZRK PUA-lara qarşı effektiv istifadə edilə bilərdi və yalnız müharibənin sonlarına yaxın düşmən tərəfdən tətbiq edilməyə başlanmışdı.
2020-ci ilin iyununda rus-erməni HHM qoşunlarının birgə təlimləri zamanı rus hərbi ekspertləri tərəfindən Azərbaycan PUA-larına qarşı mübarizə üçün bütün potensial imkanlara malik hesab edilən “Osa” və “Strela” kompleksləri ordu aviasiyasının təyyarə və helikopterlərinə qarşı mübarizə üçün təyin edilib və PUA-lara qarşı döyüş aparmaq üçün nəzərdə tutulmayıb. Bu komplekslər “Osa” ZRK tərəfindən yalnız bir “Hermes 900” kəşfiyyat PUA-sının tutulmasına görə rus ekspertləri nöqteyi- nəzərindən yüksək qiymətləndirilirdi və bu, həqiqəti əks etdirmirdi.
Döyüş fəaliyyətlərinin başlanması ilə Azərbaycan SQ zərbə PUA-larının kütləvi qrup tətbiqini həyata keçirdi. Ehtimal edilir ki, Qarabağ müharibəsində PUA-lar deyil, pilotlu aviasiya tətbiq edilsəydi, düşmənin HHM sistemi onlara qarşı effektiv mübarizə apara bilərdi. Lakin Ermənistan tərəfi PUA-ların kütləvi tətbiqinə qarşı mübarizəyə ümumiyyətlə hazır olmayıb, Suriya və Liviyadakı vəziyyətdən nəticə çıxarılmayıb.
“Bayraktar TB-2” PUA-sının “Sky Striker” və “Harop” və “Orbiter” PUA-kamikadzeləri ilə kütləvi qrup tətbiqi müharibənin elə ilk günlərində ermənilərin Qarabağda yerləşdirdikləri ZRK-larının praktiki olaraq tamamilə məhv edilməsi ilə nəticələndi.
Müharibənin ilk günündə bu ZRK-ların mövqelərinə endirilən zərbələr, mütəxəssislərin fikrincə, Qarabağda hava hücumundan müdafiəni təmin edən vasitələrin 80%-ə qədərini sıradan çıxarıb, 6 ədəd “Osa” və 3 ədəd “Strela-10” ZRK 4 ədəd PUA itirilməklə məhv edilib. Beləliklə, kütləvilik və qəfillik hesabına 2,25 ədəd ZRK-ya 1 ədəd PUA hesabı ilə Azərbaycan fasiləsiz olaraq hava üstünlüyünü təmin edib, Azərbaycan SQ-i ilə döyüşə daxil olan erməni motoatıcı və mexanikləşdirilmiş hissələrinə sutkanın istənilən vaxtında hücum edərək onları əhəmiyyətli itkilərə məruz qoyub. PUA-ların bu cür tətbiqi Azərbaycan Ordusunun hücumunu asanlaşdırıb və onların vacib taktiki müvəffəqiyyəti əldə etmələrinə imkan yaradıb.
Bununla belə, Ermənistanın silahlanmasında olan, bir qayda olaraq PUA-larla mübarizə üçün təyin olunmamış S-300PS və S-300PT kimi HHM kompleksləri bu səbəbdən Ermənistanın və Qarabağın hava fəzasının müdafiəsi üçün effektiv şəkildə istifadə edilməyib. Hətta məharətlə aparılmış əməliyyat planlaması nəticəsində PUA-lardan istifadə etməklə S-300PS ZRK-nın tərkibinə daxil olan 2 ədəd RLS və 2 ədəd buraxılış qurğusu sıradan çıxarılıb. KİV-nın məlumatlarına görə məhv edilən S-300PS ZRK-nın biri Ermənistanın HHM sisteminin tərkibinə aid olub və əlavə mühafizə olmadan açıq ərazidə yerləşib. Buna səbəb isə müharibənin ilkin mərhələsində Dövlət Sərhəd Xidmətinin erməni HHM sisteminin elementlərinin yerinin aşkarlanması məqsədilə “An-2” tipli təyyarələrin pilotsuz təyyarə qismində istifadə etməsi olub. Təyyarələr vurulub, lakin bu, S-300PS və onların bilavasitə mühafizəsini təmin edən yaxın məsafəli “Osa” və digər ZRK-ların yerlərinin aşkar edilməsinə şərait yaradıb. Yaxın təsir məsafəli komplekslərin sıradan çıxarılmasından sonra S-300PS mühafizəsiz qalıb və kompleksin tərkibinə daxil olan 5P85S buraxılış qurğusu, eləcə də 36D6 RLS-inə “Harop” kamikadze PUA-sı ilə zərbə endirilib.
PUA-ların bu cür kütləvi effektiv tətbiqi – əvvəlcə HHM sisteminin üzə çıxarılması və məhvi, ardınca isə Qarabağda yerləşən qoşunların canlı qüvvə və silahlarının darmadağın edilməsi dünya təcrübəsində bir ilk olub və “dronların müharibəsi” adını alıb.
Nəticə
Beləliklə, təhlillər göstərir ki, PUA-ların qrup tətbiqi taktikasının təkmilləşdirilməsi tədbirləri nəticəsində hadisələrin inkişaf istiqamətinin çətinləşməsindən asılı olmayaraq havada üstünlüyün əldə edilməsi və motoatıcı qoşunların əsas silahlanması olan zirehli texnikaların məhv edilməsi üçün PUA-ların tətbiqinin effektivliyinin artması göz qabağındadır. Bu, müharibələrin aparılma strategiyasının PUA-ların tətbiqi hesabına dəyişilmə ehtimalının yaxın olması haqqında nəticəyə gəlməyə imkan verir. Yaxın gələcəkdəki müharibələrdə yüngül kəşfiyyat və zərbə-kəşfiyyat PUA-ları, eləcə də PUA-kamikadze qruplarının çoxmərhələli və çoxeşelonlu kütləvi tətbiqi gözləniləndir. Əsas istiqamətlər hesab edilə bilər:
– birinci mərhələdə düşmən kəşfiyyatının aparılması;
– ilkin zərbələrin endirilməsi mərhələsində HHM vasitələrinin aşkar və məhv edilməsi, ardınca da pilotlu aviasiyanın təyyarə və vertolyotlarının yerdə və havada məhvi;
– havada üstünlüyü əldə etdikdən sonra quru qoşunlarının canlı qüvvələri və zirehli texnikalarına, təminat obyektlərinə və vacib dövlət infrastruktur elementlərinə zərbələrin endirilməsi.
PUA-ların effektivliyinin yüksəldilməsinin perspektiv istiqaməti kiçikölçülü ucuz PUA-ların qrup tərkibində birləşdirilərək rolların dəqiq bölüşdürülməsi şərtlərində “sürü” formasında tətbiqidir. Belə PUA qrupları öz kütləviliyi hesabına, kiçik itkilər verməklə REM və HHM vasitələrini effektiv şəkildə üstələyə və müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə bilər.
PUA-ların qrup tətbiqinin əsas tapşırıqları bunlar hesab edilə bilər:
– qrup tərkibində ayrı-ayrı PUA-ların funksiyalarının çoxqatlı təkrarlanması və vəzifələrinin xüsusiləşdirilməsi hesabına tapşırıqların icrasının effektivliyinin və mümkünlüyünün artırılması;
– məhvetmə vasitələrinin döyüş imkanlarının yüksək olmasına baxmayaraq, onları çox sayda hədəflə mübarizə aparmağa məcbur etmək hesabına ehtiyatlarının tükədilməsi;
– ikinci dərəcəli çoxsaylı eyni növ hədəflərə – PUA qrupuna məhvetmə vasitələrinin diqqətini cəlb etməklə əsas zərbə istiqamətinin və zərbə vasitələrinin maskalanması, qarşı tərəfin idarəetmə, aşkaretmə və hədəfpaylama sistemlərinin işinin pozulması;
– əsas silahlanma vasitələrinin kütləvi tətbiqinin imitasiyası;
– düşmənin canlı qüvvəsinin döyüş və mənəvi ruhunun sarsıdılması, düşmənə psixoloji zərbənin vurulması.
Qrup tətbiqinin texniki olaraq reallaşdırılması üçün əsas vasitələr aşağıdakılar ola bilər:
– kəşfiyyat, zərbə, maneəqoyucu, imitasiyaedici və s. kimi müxtəlif təyinatlı kiçikölçülü PUA-lar;
– zərbə aviasiyasının sərbəst enən aviasiya bombaları və qanadlı raketləri;
– müxtəlif təyinatlı perspektiv avtonom PUA-lar.
Milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor Elşən Həşimov, mayor Elnur Xudeynatov
Silahlı Qüvvələrin Hərbi Akademiyası
Ordu.az