İkinci Qarabağ müharibəsi həm istifadə olunan texnologiyanın müasirliyi, həm də döyüş taktikasının spesifikliyi baxımından bir çox xarici tədqiqatçı və ekspertlərin diqqətini cəlb edib, hətta bəzi hərbi müəssisə və təşkilatlarda bu müharibənin müxtəlif aspektləri araşdırılıb, nəticələrinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində tədrisinə qərar verilib. 44 günlük müharibənin təcrübəsini təhlil etmək üçün NATO-nun Berlində təşkil etdiyi fövqəladə və məxfi toplantı, Pentaqonun yüksəkvəzifəli şəxslərinin qorunan internet kanalları üzərindən bu toplantıya qatılması bunu bir daha sübut edir. Amerikalı hərbi ekspert Mixail Kofman qeyd edir ki, ABŞ 1973-cü il Ərəb-İsrail müharibəsi kimi bir çox münaqişələri araşdırmaqla, gələcəkdə silahlı qüvvələrə yatırılacaq investisiyanın istiqamətlərini müəyyənləşdirib. Nəticə etibarilə, Rusiya-Ukrayna münaqişəsi və Ermənistan-Azərbaycan müharibəsini də dərindən təhlil etməkdədir.
Qustav Qresselə görə, Avropa bu müharibədən hərbi dərs götürməlidir. Tədqiqatçı iddia edir ki, Avropanın əksər ölkələrinin orduları (Fransa və Almaniya istisna olmaqla) müasir müharibələrdə Ermənistan ordusunun düşdüyü acınacaqlı vəziyyətə düşə bilərlər. Paul İddon bildirir ki, ola bilsin retrospektiv təhlillər bir neçə il davam etsin, lakin sonda birmənalı müəyyən olunacaq ki, Azərbaycan kimi kiçik, lakin təkmilləşdirilmiş silah sistemlərinə malik ölkələr müasir müharibələrdə ciddi qəbul edilməlidir. Uzi Rubin qeyd edir ki, bu müharibə PUA və elektron müharibə sistemlərinin üstünlük təşkil edəcəyi gələcək döyüş meydanları barədə bir anlıq təsəvvür yaratdı. Tədqiqatçıya görə, bu müharibədə Azərbaycan Silahlı Qüvvələri PUA-lar vasitəsilə düşmənin ənənəvi quru qoşunlarını iflic edərək, öz qoşunlarının irəliləməsini və strateji mövqeləri ələ keçirməsini təmin etdi. U.Rubin bildirir ki, İsrail bu müharibədən nəticə çıxararaq öz HHM sistemlərini və döyüş təyyarələrini təkmilləşdirməlidir. H.Piriyev, R.Tahirov, X.İskəndərov və P.Qavliçek İkinci Qarabağ müharibəsinin baş verdiyi 44 günlük müddətdə cərəyan edən bir sıra hərbi-siyasi prosesləri tədqiq edib, çoxsaylı ekspertlərin qənaətlərini nəzərə almaqla bu müharibənin dünya hərb sənətinə verdiyi töhfəni elmi-nəzəri cəhətdən əsaslandırıblar. Ədəbiyyat təhlili göstərir ki, İkinci Qarabağ müharibəsinin müxtəlif aspektlərinə bəzi tədqiqatçılar tərəfindən toxunulsa da əməliyyat-taktiki səviyyədə idarəetmənin təşkili ilə bağlı heç bir tutarlı tədqiqat işinə rast gəlinmir. Bu tədqiqat işinin əsas məqsədi 44 günlük Vətən müharibəsinin təcrübəsi əsasında əməliyyat-taktiki səviyyədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələr verilməsidir. Məqalənin ərsəyə gəlməsində analiz, sintez, induksiya və deduksiya kimi nəzəri tədqiqat metodlarından istifadə edilib.
Əməliyyat-taktiki səviyyədə idarəetmə
Müasir idarəetmə nəzəriyyəsi XIX əsrin son onilliyində meydana gəlib. Həmin vaxtdan bəri bir çox iqtisadi, texniki və mədəni dəyişikliklər baş verib. Müasir idarəetmə nəzəriyyəsi Təşkilati mühit nəzəriyyəsi, İdarəetmə elmi nəzəriyyəsi, Davranış idarəetmə nəzəriyyəsi, Administrativ idarəetmə nəzəriyyəsi və Elmi idarəetmə nəzəriyyəsi kimi mərhələləri keçərək günümüzə gəlib çıxıb.
İdarəetmə idarə edən orqanın (şəxsin) idarə edilən obyektin səmərəli fəaliyyət göstərməsinin təmin edilməsi məqsədilə onun inkişafına fəal təsir etməsi prosesidir. İdarəetmənin mahiyyəti onun funksiyaları ilə xarakterizə olunur. İdarəetmənin ayrı-ayrı funksiyaları idarəçilik əməyinin bölünməsi və ixtisaslaşması prosesində ayrılıb. Onların əsasını planlaşdırma, uçot, təhlil və tənzimləmə təşkil edir. Funksiyalardan hər biri daha kiçik elementlərə və ya alt funksiyalara bölünə bilər. Məsələn, planlaşdırma funksiyasında proqnozlaşdırmanı, proqramlaşdırmanı, tənzimləməni və s. ayırmaq olar. Əməliyyat-taktiki səviyyədə təhlil və idarəetmə qərarlarının qəbul edilməsini, habelə təhlilin nəticələri əsasında onların icrasını təmin edir. İdarəetmənin bütün funksiyaları qarşılıqlı əlaqədədir və məcmu halında idarəetmə prosesini təşkil edir.
İdarəetmə prosesində ən çox tətbiq edilən metodlar iqtisadi, inzibati, sosial-psixoloji, ideoloji, partisipativ və başqa qrafik metodlardır. Əməliyyat-taktiki səviyyədə idarəetmə, əsasən, inzibati metoda uyğundur. İnzibati metod-qanunlara, norma və normativlərə və əmr-sərəncamlara daha üstünlük verilir. İnzibati metod öz təsir xüsusiyyətlərinə görə təsərrüfatçılıq və amirlik kimi fərqləndirilə bilər. İnzibati metodun reqlamentləşdirici, təlimatlandırıcı və nizamlayıcı xüsusiyyətləri var.
Əməliyyat-taktiki səviyyədə idarəetmə komandirin qərarı əsasında təşkil edilir və həyata keçirilir. Komandir qəbul etdiyi qərarlara və verdiyi tapşırıqların icrasına görə şəxsən məsuliyyət daşımaqla yanaşı, böyük rəisin verdiyi tapşırıqlarının təyin olunmuş müddətlərdə və dəqiq yerinə yetirilməsini təmin etməyə borcludur. Komandir vaxtında qərar qəbul etməli, müvafiq hazırlıq tədbirlərinin təşkili və keçirilməsinə, tabeliyində olan bölmələrin fəaliyyətlərə bilavasitə hazırlığına rəhbərlik etməli, bölmələri inamlı və fasiləsiz idarə edərək qarşıya qoyulmuş tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsinə nail olmalıdır.
İdarəetmə sistemi-qoşunların idarəedilməsi üzrə tapşırıqların həllinə, vəzifələrə, fəaliyyət yerinə və vaxtına görə qarşılıqlı əlaqəli və vahid plan üzrə razılaşdırılmış açılan (yaradılan) müxtəlif təyinatlı idarəetmə məntəqələri, idarəetmə orqanları və rabitə qovşaqlarının məcmusudur. İdarəetmə sistemi əməliyyat-taktiki səviyyədə idarəetməsinin əsasını təşkil edir və idarəetmə prosesi üzrə bütün tapşırıqların dayanıqlı, fasiləsiz, vaxtında və gizli yerinə yetirilməsini təmin edir. İstifadə şəraitinə görə stasionar və mobil (aeromobil) idarəetmə məntəqələri mövcuddur. İdarəetmə məntəqələrinin rabitə qovşaqları, qoşunları idarəetmə prosesində nəzərdə tutulmuş bütün növ sənədli, elektron və real zaman anında (real zamana yaxın anda) video məlumatların mübadiləsi və danışıqların aparılması üçün təşkilati cəhətdən birləşdirilmiş, texniki cəhətdən qarşılıqlı uyğunlaşdırılmış rabitə növlərinin, məlumatların ötürülmə üsullarına və elektrik xarakteristikasına görə əlaqələndirilmiş, proqram təminatı və rabitə vasitələrin məcmusudur. Birlik və birləşmələri idarə etmək üçün təyinatından asılı olaraq ƏKM, EKM, AKM, TKM, YKM və digər KM-nin rabitə qovşaqları yaradıla bilər.
Tələbata uyğun olaraq komanda məntəqəsinin tərkibindən onun bir elementi olaraq taktiki komanda məntəqəsi (TKM) və hava idarəetmə məntəqəsi (HİM) çıxarıla (ayrıla) bilər
(Şəkil 1). İdarəetmənin effektivliyinin artırmaq məqsədilə müasir texnologiyaların imkanlarından istifadə etmək olar. Belə ki, Əsas komanda məntəqəsinin (ƏKM), Taktiki komanda məntəqəsinin (TKM) və Arxa komanda məntəqəsinin (AKM) tərkibinə vizual görüntünü əldə etmək üçün gecəgörmə kamerası ilə təchiz edilmiş pilotsuz uçan aparatın (PUA) əlavə edilməsi məqsədəuyğundur.
Şəkil 1. Taktiki Komanda Məntəqəsi
Bir qayda olaraq KM-in tərkibi idarəetmə qrupundan, komanda məntəqəsinin rabitə qovşağından və təminat qrupundan ibarət olur. TKM-in tərkibinə vizual görüntünü əldə etmək üçün gecəgörmə kamerası ilə təchiz edilmiş PUA-nın əlavə edilməsi real zamanda düşmən haqqında təfərrüatlı vizual məlumatın əldə edilməsi imkanını yüksəldəcək.
Şəkil 2-də təklif olunan Komanda məntəqəsinin tərkibi göstərilib.
Şəkil 2. Komanda məntəqəsinin tərkibi (nümunə)
Yuxarıda göstərilən nümunədə ƏKM, TKM, AKM tərkibinə gecəgörmə kamerası ilə təchiz edilmiş PUA-nın əlavə edilməsi Əməliyyat-taktiki səviyyədə idarəetmənin effektivliyini artıracaq.
Nəticə
Tələbata uyğun olaraq komanda tərkibinə vizual görüntünü əldə etmək üçün gecəgörmə kamerası ilə təchiz edilmiş pilotsuz uçan aparatın (PUA) əlavə edilməsi real zamanda düşmən haqqında təfərrüatlı vizual məlumatın əldə edilməsi imkanını yaradıla bilər. Bununla yanaşı PUA-ların Əsas komanda məntəqəsinin, Taktiki komanda məntəqəsinin və Arxa komanda məntəqəsinin tərkibinə əlavə edilməsi onların daimi müşahidəsi təmin edə bilər ki, bu da öz növbəsində düşmənin diversiya kəşfiyyat qruplarının fəaliyyətini qabaqcadan aşkarlama imkanı yarada bilər.
Ender Güner, dosent Arif Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyası
Ordu.az