Ermənistanın Qarabağda formalaşdırdığı düşərgələr: VOMA terror təşkilatının məqsəd və hədəfləri (FAKTLAR) – II YAZI

2020/11/24234-6417947160.jpg
Oxunub: 42353     11:04     05 Noyabr 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Azərbaycan ordusu sentyabrın 27-dən etibarən işğal altında olan əraziləri işğaldan azad etmək üçün əks-hücum əməliyyatları keçirir. Uğurlu əməliyyatlar nəticəsində düşmən xeyli canlı qüvvə və texnika itkisi verib, işğal altında olan bir sıra şəhər və digər yaşayış məntəqələri azad edilib.


Ermənistan hərbi-siyasi rəhbərliyi döyüşlərə müxtəlif ölkələrdən olan muzdlu döyüşçürlər cəlb edir. Muzdlu döyüşçülər Ermənistan və Qarabağda təlim düşərgələrinə gətirilir, daha sonra cəhbəyə göndərilir.

Muzdlulara təlim keçirilməsini təşkil edən təşkilatlardan biri də VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) terror təşkilatıdır. Terror təşkilatı Ermənistanın “düşmənləri” ilə mübarizə aparmaq üçün “hazırlıqlı arxa dayaq” və “ehtiyat ordu” yaratmağı hədəflədiyini bəyan edir. VOMA terror təşkilatı bir müddətdir ki, fəaliyyət göstərir. Təşkilatın saytında (www.voma.am) iddia edilir ki, VOMA dövlətə bağlı təsisat deyil. Amma maraqlıdır ki, klubun üzvləri nəzəri biliklərdən əlavə Dağlıq Qarabağda hərbi təlimlərə cəlb edilir. Bu fakt VOMA -ya dövlət dəstəyinin olduğunu göstərir.


Ermənistan Müdafiə Nazirliyinin vasitəçiliyi ilə yaradılan şirkətin rəhbəri Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyatçı Vova Vartanovdur. Bu “şirkət” bir müddət öncə dünya ermənilərini Qarabağdakı savaşa səsləmiş və müxtəlif ölkələrdən gələn ermənilərə təlimləri pulsuz keçəcəyini açıqlamışdı. Vartanov niyyətini gizlətmir, və açıqlamalarının birində qeyd edir: “Xaricdə yaşayan ermənilər də təşkilatlanmış, hazırlaşmış və məşq etmiş olmalıdırlar. Onlar nəinki ünsiyyət qurmaq, həmçinin komanda, güc və hərbi-idman oyunları, yarışları keçirmək məqsədilə tez-tez birləşməlidirlər, bu da onların həm fərdi, həm də qrup gücünün artırılmasına səbəb olacaq. Onlar birləşmiş könüllü dəstələr yaratmalıdırlar, əlbəttə, bu dəstələr zərurət halında yardım nümayiş etdirərək bu ölkənin təhlükəsizlik qüvvələrinə qoşulacaq”.

Terror təşkilatının saytında missiyaları barədə Qaregin Njdehdən sitat gətirilib. Erməni faşistini özünə ideal seçən təşkilat yalnız ermənilərin üzv qəbul edildiyini bildirsə də, məlumatlara görə, burada qeyri-millətlərin nümayəndələri də muzdlu döyüşçü kimi hazırlanır.


Bundan başqa 2018-ci ilin mayında Ermənistan Təhlükəsizlik Xidməti tərəfindən cinayət tərkibli əməllərinə görə bir qrup şəxs saxlanıldı. Saxlanılan şəxslərdən bəzilərinin Vova Vartanovun təşkil etdiyi kurslarda iştirak etdiyi məlum oldu.

Erməni KİV-ləri bu barədə yazırdı: “Ermənistan təhlükəsizlik xidməti tərəfindən saxlanılan, Ermənistanda qorxu mühiti yaratmaq niyyətilə cinayət əməkdaşlığına girən qrupun üzvləri barədə yeni məlumatlar üzə çıxıb.

Saxlanılanlardan bəziləri “Sağ qalmaq sənəti” tərəfindən həyata keçirilən ödənişli kurslarda iştirak edib. “Sağ qalmaq sənəti”nin təsisçisi isə ilk diversiya kəşfiyyat dəstəsinin əsasını qoyan Vova Vartanovdur.

Bununla əlaqədar erməni jurnalistlər Vartanova müraciət ediblər. O bildirib ki, Qnel Hovanissyan kurslara cəlb edilənlərə atış hazırlığı öyrədirdi”.


Ermənistan Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən şəxsin Vartanovun kurslarında dərs deməsi təsadüfi deyildi və nəticə etibarı ilə ictimai təşkilat adı altında cinayətkar qrupların formalaşdırılmasına dəlalət edirdi.

Təşkilat avtonom mövcud olma, atəş hazırlığı, bıçaq atma, əlbəyaxa döyüş, tapança ilə fəaliyyət, qayaya dırmanma, tibb hazırlığı kimi kurslar təşkil etdiyini elan edib. Təşkilat eyni zamanda iştirakçılara terror aktları törətmək, diversiya əməliyyatları da öyrədir. Təşkilatın press-relizlərinin birində qeyd olunur: “İndi nə etmək lazımdır ki, sonra daha az qurbanlar olsun? Dağlarda bunkerlər və mühəndis strukturları tikmək”.

Vartanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər. Təlimlərə SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. 2019-cü ildə keçirilən təlimlər Kəlbəcər meşələrində, Tərtər çayı sahilində keçirilib.


Təşkilatın elanlarından məlum olur ki, təlim keçənlər və təşkilatın rəhbər şəxslərinin ASALA terror təşkilatı ilə əlaqələri mövcuddur. ASALA terror təşkilatının “Van” əməliyyatının rəhbəri Vazgen Sisilyanın düşərgələrdə iştirakçılara təlimlər keçdiyi mətbuatda yayılıb.

Təşkilatın son təşəbbüslərindən biri də dağ-atıcı taborun formalaşdırılmasıdır.

“Sürətli hərbi təlim kurslarını keçdikdən sonra, Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altındakı batalyonumuz təyin edilmiş ərazilərdə döyüş əməliyyatlarında iştiraka cəlb ediləcək”, - deyə VOMA açıq şəkildə bəyan edir.

Press-relizlərin birində qeyd olunur: “Könüllü dağatıcı taborun yaradılması hələ SSRİ dövründən erməni ordusunun hazırlığının stereotiplərini qırmaq təcili ilə əlaqəli idi. VOMA taboru Ermənistanın ehtiyat ordusunun bir hissəsidir, Ermənistan və diaspordan olan, erməni millətinin müdafiəsinin bir hissəsi olmaq istəyən bütün “könüllülər” üçün açıqdır”.


Rusiyadan gələn ermənilər üçün xüsusi bir təklif verilib: onlara Moskvadan İrəvana birtərəfli uçuş üçün qismən və ya tam ödəmə şərti ilə “çarter uçuşları” vəd edilib.

“Tabor”un meydana çıxma vaxtı da maraqlıdır. VOMA-nın videolarını araşdırarkən belə bir təəssürat yaranır ki, birləşmənin yaradılmasının final mərhələsi Tovuzdakı iyul hadisələri ilə Qarabağdakı hazırkı gərginləşmə dövrünə təsadüf edir.

Təşkilatın video və foto materialları digər məsələlərə də aydınlıq gətirə bilər. Misal üçün, VOMA-da təlim keçənlər yaxşı və bahalı təchizata malikdirlər və bu vəsait, Bakıda da güman edildiyi kimi, birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən ödənilir. Bununla belə, VOMA-nın büdcəsinin böyük bir hissəsi xarici diaspor da daxil olmaqla ayrı-ayrı şəxslərin “ianələri” hesabına formalaşır. Təşkilatın rəsmi saytında “ianə” qeydiyyatı üçün xüsusi bölmə var.


Lakin, “VOMA Center” beynəlmiləl birləşmələrin yaradılmasında heç də inhisarçı rolu oynamır. İstisna deyil ki, oxşar əməkdaşlığa cəlb etmə mərkəzləri kifayət qədər çoxdur.

Bu baxımdan, Ermənistan tərəfində vuruşan qüvvələrin tərkibi ilə bağlı narahatlıq əsaslıdır. Sual da əsaslıdı: müharibədə təcrübə qazanmış və silah əldə etməyə çıxışı olan terrorçular Dağlıq Qarabağdakı döyüşlər səngiyəndən sonra nə edəcəklər?

Nəzərə alaq ki, VOMA əməkdaşlığa Rusiya vətəndaşlarını da cəlb edir və bu, xüsusən döyüş bölgəsindən silahların sızması ilə nəticələnə bilər. Bu silahların sonradan Rusiyada istifadəsinin nümunələri var.


“Könüllü” batalyonların sıralarını doldurmaq çağırışı ilə Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan da çıxış edib.

Lakin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən, ölkə xaricində silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştirak etmək 15 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.


VOMA-nın bilet ödənişini yalnız birtərəfli uçuş üçün ödəməsi əbəs yerə deyil. Rusiyaya qayıdan muzdlular öz əməllərinə görə qanun qarşısında məsuliyyət daşıyacaqlar.

Təşkilatın təlimləri əsasən işğal altında olan Azərbaycan torpaqlarında keçirilir. Məsələn mətbuat məlumatlarının birində deyilir: “VOMA və “Real School”un növbəti birgə təşkil olunmuş hərbi təlim toplanışı baş tutdu, toplanış çərçivəsində müxtəlif taktiki təlimlər, mövqelərin ələ keçirilməsi və müdafiə, atəş hazırlığı, vinq çun, alpinizm, çay keçidi, Xudavəng və İstisuya yürüşlər, eləcə də gecə yürüşləri, gecə növbətçiliyi və s. keçirilirdi. Toplanışlar zamanı Kəlbəcərin rəhbər heyətinin üzvləri, eləcə də Aprel döyüşləri zamanı ölmüş Tiqran Abqaryanın qardaşı Jora Abqaryan bizə qonaq gəlmişdilər”.

Təşkilatın saytında yerləşdirilən məlumata görə, Kəlbəcərdə yaşayan ermənilər övladlarının VOMA-da iştirak etməsini istəmir, ödəniş etmirlər. Bu faktın özü təşkilat daxilində könüllülük prinsipinin olmadığını sübut edir.



“Qeyd olunan məbləğin böyük hissəsi düşərgədə iştirak edən kəlbəcərli yeniyetmələrin xərclərini ödəməli idi, lakin valideynlərin uzaqgörməzliyinə görə biz Kəlbəcər yeniyetmələrini yetişdirə və gələcək hərbi xidmətə əvvəlcədən hazırlaşdıra bilmədik. Qeyd etmək lazımdır ki, valideynlər tez-tez bənzər təklifləri alqışlamırlar, bu da bir daha “biz uşaqlarımızı sevirik” mifini inkar edir. Biz onları sevsəydik, onların daha güclü və həyat qabiliyyətli olması üçün hər şey edərdik”.

Təşkilat saytında maliyyə dəstəyi bölməsi yaradılıb və həmin mənbədən əldə olunan maliyyənin hansı məqsədlər üçün istifadə olunduğu məlum deyil. Güman edilir ki, həmin maliyyə Qarabağda döyüşən muzdluların saxlanılması üçün istifadə edilir.


Təlimlərdə iştirak edən məktəbli gənclərə isə işğalçılıq təcrübəsi öyrədilir. Təlimlərdə iştirak edən məktəblilərdən biri Arman Mkrtçyan təlim haqında yazır: “VOMA-nın düşərgəsində aldığım ən maraqlı dərs mövqelərin ələ keçirilməsi idi”.


VOMA-nın təlimlərə qadınları da cəlb etdiyi məlumdur: “Niyə qadın ağırlıqqaldıran, həkim, hüquqşünas, siyasi xadim olar, ancaq qadın əsgər olmaz? Daha güclü olmağa borcluyuq. Buna görə də qızların da döyüş hazırlığını inkişaf etdirmək və qaldırmaq vacibdir. VOMA təşkilatı bütün bunları öz fəaliyyətinin vacib hissəsi hesab edir, buna görə də öz tələbələrinin sıralarını qızlarla da kompletləşdirir”.

Təşkilatın press-relizlərini analiz edərkən aydın olur ki, məqsədləri absurd tarixi nağıllarının bir parçası olan “Böyük Ermənistan” xülyasına nail olmaqdır. Ermənistanın müstəqilliyi günü münasibətilə təşkilatın açıqlamasında qeyd olunur: “Keçmişin Böyük Ermənistanı bu gün də Böyük olmalıdır”.


Təşkilatın erməni gənclərə silah dağıtması barədə faktlar mövcuddur. Press-relizlərinin birində qeyd olunur ki, 3 ov tüfəngi alınıb, onlar gənclərə hədiyyə olunacaq.

VOMA təlimlərin əsas hisəsini öz vəsaiti hesabına təşkil etsə də, bəzilərində iştirakçılardan maliyyə alır: “VOMA təlimlərinin qida və yaşayış xərcləri 10 günlük kurs üçün 100000 dram və 3 günlük kurs üçün 40000 dram təşkil edir. Gələcəkdə dağatıcı taboru təşkil etmək halında pulsuz olacaq. Həmçinin maliyyə çətinlikləriniz varsa, ancaq iştirak etməyi çox istəyirsinizsə, biz iştirak xərclərini qismən qarşılayarıq. Telefon: +374(77)18-13-86 / +7-999-991-1915”.

Təlim proqramlarının biri aşağıdakı kimidir: Atəş hazırlığı (statik və dinamik vəziyyətlərdə atəş açma, qrup atəşləri), fövqəladə vəziyyətlərdə tibbi yardım, hündürlükdə və ya dağ hazırlığı, mühəndislik təlimi, pilotsuz uçuş aparatları operatorlarından dərslər və s.


Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları çərçivəsində təşkilatın aktivliyi daha da artırılıb. Yuxarıda da qeyd edildiyi kimi, təşkilatın digər ölkələrdən gələn muzdlu və ASALA, PKK kimi terror təşkilatılarının üzvlərinə nəzarət etdiyi güman edilir. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti VOMA-nın təlimlərini xüsusilə izləyir. Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistan Respublikasından kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət VOMA (“Voxj Mnalu Arvest” - sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Araşdırmalarla, Vladimir Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində VOMA adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də ASALA, PKK və digər terror təşkilatlarının üzvlərini VOMA-nın üzvülüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək “Dağ-atıcı ehtiyat batalyonu”nun (“VOMA batalyonu”) tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib.


Həmçinin, qeyd olunan şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bundan başqa, həmin təşkilat üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə terrorçuluq əlaqədar Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında yaşayan hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmələri, habelə həmin məqsədlərlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.


Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etməsi beynəlxalq qanunvericiliyə zidd olduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğu beynəlxalq təşkilatları işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev da bu məsələyə toxunub. O bildirib ki, VOMA terror təşkilatında 300-dən artıq muzdlu cəmləşib.

“Ermənistanın muzdlu dəstələrində Livan, Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları var. Fransanın radikal təşkilatının nümayəndəsinin də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək üçün dəstə topladığı barədə məlumatlar var. Eyni zamanda PKK üzvlərinin işğal olunmuş ərazilərdə olması barədə məlumatlar mövcuddur. Ermənistan bu sahədə fəaliyyəti qadağan edən BMT konvensiyasını tez-tələsik qəbul etməklə diqqəti yayındırmaq, riyakarlıq etmək istəyir. Azərbaycan isə bu konvensiyaya 23 ilə əvvəl qoşulub. Ermənistan müxtəlif səhnəciklər təşkil etməklə guya Azərbaycanın muzdlulardan istifadə etdiyini iddia edir. Ermənistan döyüş meydanında məğlubiyyətini gizlətmək üçün fantaziyalar irəli sürür və öz uğursuzluqlarını gizlətmək istəyir. Azərbaycanın hər hansı muzdlulara ehtiyac yoxdur. Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırıqlarını rəşadətlə yerinə yetirir”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: VOMA   Terror   Erməni-terroru  


Bizi "telegram"da izləyin