Rəhmon: “Gürcüstan-Tacikistan hökumətlərarası komissiyasının yaradılması barədə razılığa gəldik”

2026/06/1781889073.jpg
Oxunub: 208     21:08     19 İyun 2026    
Tacikistan Prezidenti Emoməli Rəhmon Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirdiyi görüş zamanı iki ölkə arasında hökumətlərarası komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Tacikistan lideri Kobaxidze ilə birgə keçirdiyi brifinqdə danışıb.

Rəhmon bildirib ki, tərəflər müvafiq sənədi imzalayıblar və yeni komissiyanın fəaliyyəti müxtəlif istiqamətlərdə praktiki əməkdaşlığın inkişafına hərtərəfli dəstək verəcək.

Onun sözlərinə görə, görüş zamanı mədəniyyət və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri də geniş müzakirə olunub.

“Xüsusi diqqət mədəniyyət və humanitar sahələrdə əlaqələrin gücləndirilməsinə yönəldildi. Bu, dostluq münasibətlərimizin möhkəmlənməsi və xalqlarımız arasında qarşılıqlı anlaşmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində əlaqələrin genişlənməsini alqışlayırıq”, - deyə Tacikistan Prezidenti vurğulayıb.

Rəhmon qeyd edib ki, səfər çərçivəsində İrakli Kobaxidze gürcü klassik ədəbiyyatının görkəmli nümayəndəsi Şota Rustavelinin büstünün açılış mərasimində iştirak edib. O əlavə edib ki, Düşənbədə Rustavelinin adını daşıyan yeni küçə yaradılacaq.

Tacikistan Prezidenti bildirib ki, bu addımlar iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. O, həmçinin tərəflərin konstruktiv dialoqun əhəmiyyətini vurğuladıqlarını və müxtəlif institutlar arasında əməkdaşlıq məsələlərini müzakirə etdiklərini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Tacikistan   Rəhmon  


Bizi "telegram"da izləyin