Konfrans ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şoffer, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi və iştirakı ilə keçirildi.
Müşavirələrin nəticəsi olaraq Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən birgə bəyanat qəbul edildi. Həmsədrlərin yaydığı bəyanatdan, tərəflərin 2020-ci il yanvarın 30-da Cenevrədə qəbul etdiyi birgə bəyanatına uyğun olaraq Qarabağ münaqişəsinin həllinə yönəlmiş addımlara toxunulduğu məlum olur. Həmçinin həmsədrlər atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayaraq, mövcud vəziyyətdə təxribatçı hərəkətlərdən çəkinməyə, habelə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırış ediblər.
Aprel ayının Qarabağ nizamlanması prosesi tarixi üçün olduqca simvolik bir ay halına gəldiyi görünür. 2016-cı il aprel döyüşlərindən üç həftə sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvana getmişdi.
Həmin dövrdə “Lavrov planı”nın müzakirə olunduğu barədə davamlı şayiələr gəzirdi. Rəsmi İrəvan belə bir sənədin varlığını israrla rədd edirdi və bu rəsmi İrəvanın daha əvvəl Lavrovun təkliflərini rədd etdiyi barədə fərziyyələrə səbəb oldu. Sonradan Lavrov hətta belə təkliflərin olmadığını bildirdi, lakin bir müddət keçdikdən sonra ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik müzakirələrdən birində “Lavrov planı” nın olduğunu təsdiqləmişdi.
Ancaq ötən gün Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin video-konfransı təşkil edilməmişdən əvvəl Lavrov yenidən rəsmi İrəvanın iddialarına qarşı çıxaraq açıqlama verdi. O qeyd edib ki, təkliflər ötən ilin aprelində Moskvada Mnatsakanyan-Məmmədyarov danışıqları zamanı verilib. Artıq aydın oldu ki, Ermənistan və Azərbaycan hakimiyyəti ən azı bir il ərzində konkret təklifləri müzakirə edib, mərhələli həll yolu ilə danışıqlar aparıblar.
“Lavrov planı”na nə əlavə olunduğunu və ya nəyin azaldığını söyləmək çətindir. Ötən gün Zöhrab Mnatsakanyan mətbuat konfransı zamanı Rusiya Xarici İşlər nazirinin verdiyi açıqlamaya münasibət bildirdi. Jurnalistlər, Mnatsakanyana hansı sənəd və mərhələli nizamlamadan söhbət getdiyinə dair sual ünvanladılar.
“Bu iki il ərzində hökumətimiz, biz, Baş nazir Paşinyan, daha şəffaf olmuşuq, mövqelərimizi və yanaşmalarımızı çox sadə bir şəkildə ifadə etmişik. İndi daha dəqiq deyim. Konkret şeylər haqqında danışdığımız üçün, bunlar barədə daha konkret danışacağam. Bəli, bu şərhlərdə Ki Vestdən başlayaraq son günlərə qədər bir çox sənədə toxunulub. Bu iki il ərzində hansı sənədin müzakirə edildiyi də qeyd edildi. Gəlin çox aydın olaq. Belə yanaşmalar 2014 və 2016-cı illərdə ortaya çıxdı və bu yanaşmalar erməni tərəfi üçün məqbul olmayıb. 2018-ci ildən bəri müzakirələr tərəflərin ayrı-ayrı elementlərə münasibətlərini müzakirə etmək və qiymətləndirməklə məhdudlaşıb. 2014-cu ildə müzakirə olunan versiya bu gün danışıq masasının sənədi deyil. Təhlükəsizlik elementinin erməni tərəfi üçün prioritet olduğu barədə mövqemizi daha dəqiq və aydın ifadə etmişdik. Şərhlərdə deyildiyi kimi ərazilərə gəlincə, ilk növbədə bu təhlükəsizlik zonası və müdafiə xətləridir. Hər halda, erməni tərəflərindən hər hansı birinin Qarabağ sakinlərinin təhlükəsizliyinə təhlükə yarada biləcək güzəşt edə biləcəyini güman etmək mümkün deyil”, - deyə Mnatsakanyan həyasızcasına bildirdi.
Ötən il iyunun 20-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşünü şərh edən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, “Vaşinqtondakı danışıqlar zamanı Minsk qrupu həmsədrləri əvvəllər müzakirə olunan sənədləri təkrar təqdim etdilər” deyə bəyan etmişdi. Danışıqları davam etdirmək üçün demək olar ki, bir şərt irəli sürülmüşdü.
“Təmas xəttində sülhü bərpa etmək və bundan sonra danışıqlar aparmaq mütləq deyil. Biz, məzmunlu danışıqlar aparmalıyıq. Hal-hazırda həmsədrlərin 9 mart tarixindəki bəyanatı üzərində işləyirik. Biz bu sənədin bəzi müddəaları ilə razıyıq, lakin bəzi müddəalarla razı deyilik. Qalanlarına bundan sonra da qərar verilə bilər”, - deyə Azərbaycan XİN rəhbəri bildirib.
Daha sonra Məmmədyarov əlavə etmişdi: “Hər dəfə erməni tərəfi təhlükəsizlik və Dağlıq Qarabağın statusu məsələlərini ortaya atır. Təhlükəsizliyə gəldikdə, bölgədə sülhməramlı qüvvələr yerləşdirilə bilər”.
Ötən ilin dekabrında Məmmədyarov Qarabağ münaqişəsinin nizamlanması prosesinin təfərrüatlarını bir az daha geniş təqdim etmişdi. Məmmədyarov həmin vaxt “Lavrov planı”nı xatırlatdı, onun sözlərinə görə, bu sənəd “Moskvada üçtərəfli görüş zamanı 2,5 il əvvəl hazırlanmışdı”. Məmmədyarov, Ermənistan Xarici İşlər Naziri ilə danışıqlar zamanı konkret və real məqamların müzakirə olunduğunu bildirib.
O, “CBS” TV kanalına verdiyi müsahibədə son sənədin “Lavrov Planı” olduğunu və bu sənədin “Madrid prinsipləri”nə söykəndiyinə əmin etmişdi. Azərbaycanın Xarici İşlər naziri ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2019-cu ilin 9 mart tarixindəki bəyanatına istinad edərək, məlumat verdi ki, bu bəyanatın mahiyyəti məsələnin həllinin mərhələli variantıdır. Məmmədyarovun sözlərinə görə, birinci mərhələdə qoşunların çıxarılması, Azərbaycan əhalisinin Dağlıq Qarabağa qayıtması, təhlükəsizliyin təmin edilməsi və kommunikasiyanın yaradılması nəzərdə tutulub.
Beləliklə, Azərbaycanın və daha sonra Rusiya hakimiyyətinin sayəsində Qarabağ nizamlanması üçün aparılan danışıqlara dair vacib məsələlər faktiki olaraq aşkara çıxdı.
Alpər Mövludoğlu
Ordu.az