Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni tarixçi Qaqik Hambaryan deyib.
Onun sözlərinə görə, erməni mənşəli konqresmen Kançelyan-Spirin təklifi bir az şişirdilmiş xarakter daşıyır.
“Məsələni sırf maliyyə yardımı alma gözləntiləri bucağından nəzərdən keçirməmişəm. İlk növbədə Ermənistana təqdim edilən maliyyə yardımı məqamına gəldikdə isə, ABŞ-dan 40 milyon dollar əlavə maliyyə yardımı almaq haqqında bəyanatdan danışmaq istəyirəm. Erməni mənşəli konqresmen Teki Kançelyan-Spir Ermənistana ayrılan yardımı 2 dəfə artıraraq, 80 milyon ABŞ dollarına çatdırılmasını təklif etsə də, mən buna bir az şübhə ilə yanaşıram. ABŞ-ın bu həcmdə vəsait ayıracağına inanmıram. Ümumiyyətlə Tramp administrasiyasının siyasəti ondan ibarətdir ki, kim ABŞ-ı dəstəkləyirsə, o dövlət daha çox yardım alır, kim ABŞ-ın xarici siyasətini bölüşmürsə, həmin dövlət yardım almır.
Buna görə də Ermənistan böyük ümidlər bəsləyə bilməz. ABŞ-da güclü erməni diasporu olsa da, bilirik ki, Ermənistan KTMT-nin və AİƏT-in üzvüdür. Ermənistan ərazisində 102-ci rus hərbi bazası yerləşir. Onlar hazırkı vəziyyətdə Rusiya-ABŞ münasibətlərinin hansı səviyyədə olduğunu yaxşı bilirlər. Bəli, ABŞ Ermənistanın siyasi davranışlarına səbrlə yanaşır. Lakin bununla yanaşı ABŞ-ın Ermənistana böyük həcmdə yardımlar ayıra biləcəyini birmənalı şəkildə deyə bilmərəm”, - deyə Hambaryan bildirib.
O qeyd edib ki, qondarma quruma ayrılan maliyyə yardımının dayandırılması çox təəccüblüdür.
“2 ay əvvəl qəbul olunan qanun layihəsinə görə, ABŞ-ın Qarabağa birbaşa maliyyə yardımı etməsi davam etməli idi, lakin bu dayandırılır. Bu yardım hər il 5 milyon ABŞ dolları təşkil edirdi. Layihə USAID vasitəsilə həyata keçirilir. Burada məsələ vəsaitin məbləği deyil, onun əlaməti və ismarıclarıdır. Biz indi Qarabağa ayrılan yardımın dayandırılması davranışı ilə üz-üzə qalmışıq.
Bu Tramp administrasiyasının Nikol Paşinyan hakimiyyətinin siyasətinə mesajı da ola bilər. Bununla da ABŞ-ın dövlət katibliyi və Ağ Ev bir daha Paşinyanın yürütdüyü xarici siyasətə öz narazılıqlarını ifadə edirlər. Yaxud sadəcə olaraq, bu davranış tərzini bizim xarici siyasətdə növbəti nöqsanımız kimi nəzərdən keçirmək olar. Paşinyan 1 ildən artıqdır ki, Ermənistana rəhbərlik edir və onun üçün daxili siyasi sahənin vəziyyəti daha əsasdır. O, xarici siyasətə çox az diqqət ayırır”, - deyə erməni tarixçi vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az