Rusiya Silahlı Qüvvələrinə məxsus PUA Ermənistanı təlaşa salıb

2019/08/45645-1564737086.jpg
Oxunub: 13222     14:10     02 Avqust 2019    
“Mülki Aviasiya Komitəsi İrəvana gələn “Boing-737” təyyarəsi ilə demək olar ki, bərabər hündürlükdə uçuş edən Pilotsuz Uçuş Aparatı (PUA) ilə bağlı yeni detallara malik deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Mülki Aviasiya Komitəsinin hava limanlarının sertifikatlaşdırılması və hava nəqliyyatının təşkili idarəsinin aparıcı mütəxəssisi Tiqran Serobyan deyib.

Onun sözlərinə görə, bu barədə məlumat müəyyən edilmiş qaydalara əsasən təyyarənin heyəti tərəfindən daxil olub və hüquq mühafizə orqanlarına ötürülüb.

“Onun aşkarlanması üçün iş aparılır. Lakin başa düşmək lazımdır ki, bunu aşkar etmək çox çətindir. Ona görə ki, bu problem yalnız Ermənistan ərazisində deyil, bütün dünyada mövcuddur. Hələlik kimə aid olduğu məlum deyil”, - deyə o bildirib.

Baş verən hadisə ilə bağlı bu avadanlığın Ermənistan və ya Rusiya Silahlı Qüvvələrinə aiddiyyəti barədə şərhlərə gəldikdə isə Serobyan qeyd edib ki, bu az ehtimal olunan versiyadır.

“Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən istənilən uçuş, ümumiyyətlə Ermənistan hava məkanında Hərbi Hava Qüvvələri tərəfindən keçirilən uçuş haqqında məlumatlandırılırıq. Ermənistanın Mülki Aviasiyası, Silahlı Qüvvələrin Qərargah rəisi, həmçinin Hərbi Hava Qüvvələrinin komandanı arasında birgə əmr var. Bu əmrə uyğun istənilən uçuş barəsində məlumatımız olur. Yəni uçuşun Müdafiə Nazirliyi tərəfindən həyata keçirildiyi istisna edilir”, - deyə Serobyan vurğulayıb.

Gələcəkdə Müdafiə Nazirliyinə satılması üçün sınaq uçuşları keçirən peşəkarların uçuş keçirdiyi versiyasına isə o, onlarla da əlaqələrinin olduğuna görə bu ehtimalın da istisna edildiyini ifadə edib: “Əgər hər hansı bir şəxs bununla məşğuldursa, belə uçuşların necə təhlükəli olduğunu yaxşı dərk edir. Subyektiv fikrimə görə, bu, evdə nəyəsə nail olmağa çalışan şəxsin yol verdiyi haldır. Çünki dərrakəli adam belə bir şey etməzdi. Bəzi məhdudiyyətlərin olduğuna görə, o DJI şirkətinin dronu olub, mağazadan alaraq uçurdublar demək olmaz, lakin indiki halda bu məhdudiyyətlərə məhəl qoyulmayıb”, - deyə Ermənistan Mülki Aviasiya Komitəsinin üzvü baş verən hadisəyə aydınlıq gətirməyə çalışıb.

Eyni zamanda o, bunun yeganə hal olmadığını və “2park.am” saytında yer alan İrəvanın gecə fotosunu nümunə göstərib.

“Təxmini hesablamalara görə, bu şəkil yer səviyyəsindən 1500 metr hündürlükdən çəkilib. Bu da kobud pozuntudur. Hazırda həmin şəxsin aşkarlanması istiqamətində tədbirlər həyata keçirilir. Yəni hərbçi olması məcburi deyil, bu, müdaxilə edən və sistemin bütövlüyünü pozaraq uçuş keçirən hər hansı bir şəxs də ola bilər”, - deyə Serobyan sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayaraq bildirib ki, cari ilin iyulun 19-da “Boing 737” təyyarəsinin heyəti İrəvanın Zvartnots hava limanına yaxınlaşarkən, Armavir vilayətinin Dalarik kəndi ətrafında yer səthindən 1000 metr hündürlükdə olarkən, sol tərəfində demək olar eyni hündürlükdə kifayət qədər yaxın, uzaqdan idarə edilən Pilotsuz Uçuş Aparatı olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   PUA  


Bizi "telegram"da izləyin