Ordu.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək Ramazan ayının bir çox fəzilətləri özündə birləşdirən müqəddəs bir ay olduğunu vurğulayıb. Qeyd edib ki, bu ay insanları dəyərlərə və bir-birinə daha ehtiramla yanaşmağa çağırır. Azərbaycan xalqı tarixinin ən mürəkkəb dönəmlərində də dəyərlərimizə bağlılığını qoruyub saxlayıb və bu gün də öz milli-mənəvi dəyərlərini yaşadır.

Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Hatəm Gülməmmədov deyib ki, Vətən şəhidlərin çiyinləri üzərində dayanır: “Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları tanıtmaq, hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur. Belə bir müqəddəs ayda, iftar süfrəsi ətrafında şəhid ailələrinin üzvlərinin, Qarabağ müharibəsi iştirakçılarının ilə bir araya toplaşması bizim üçün qürurverici haldır”.
Mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib.
Ordu.az