Hərb sənəti, onun tərkib hissələri, qanun və prinsipləri - EKSPERT

2019/05/456-1559113481.jpg
Oxunub: 15419     10:57     29 May 2019    
Hərb sənəti (məharəti) hərb elminin mühüm sahələrindən biridir. O, müharibəyə, müxtəlif əməliyyat və döyüşlərə hazırlaşmağın, onların aparılmasının üsul və formasını öyrənir.

Bir elm sahəsi kimi formalaşması çox-çox sonralara təsadüf etsə də hərb sənətinin kökləri müharibə və orduların meydana gəldiyi dövrlərə gedib çıxır. Çünki hələ ən qədim zamanlarda əlinə silah alan insanlar qarşı tərəfə qalib gəlmək üçün müxtəlif yollar və vasitələr axtarıb tapmaq məcburiyyətində qalırdılar. Döyüşdə adətən o tərəf qalib gəlirdi ki, həmin tərəf şüurlu şəkildə fəaliyyət və təsir formalarını axtarıb tapırdılar, müəyyən təcrübəyə riayət edirdilər. Vaxt ötdükcə bu sahəyə diqqət xeyli artırıldı. Çünki adi say üstünlüyü ilə qələbə çalmaq heç də həmişə mümkün olmurdu və döyüşün taleyi daha çox hansı tərəfin sınanmış fəndlər işlətməsi ilə həll olunurdu. Sözsüz ki, hərb sənətinin əsasını təkcə onun praktiki tərəfi təşkil etmirdi. Bu elm sahəsinin də nəzəri əsasları vardır. Ancaq onu hərbin digər sahələrindən daha çox fərqləndirən xüsusiyət ondan ibarətdir ki, hərb sənəti bir qayda olaraq nəzəriyyə və praktikanın daha qabarıq vəhdəti kimi özünü göstərir. Bu, praktiki vərdişlərin həyata keçməsinin bütün səviyyələrdə olan komandirlərin və şəxsi heyətin yaradıcı zəkası, təşəbbüskarlığı, qətiyyəti və digər keyfiyyəti ilə şərtlənirdi. Hərb tarixinə maraqlı səhifələr yazmış görkəmli sərkərdələrin böyüklüyü də məhz praktiki vərdişləri və fəndləri, döyüşdən döyüşə əldə edilmiş təcrübi qənaətləri zamana və şəraitə uyğunlaşdıraraq məharətlə tətbiq etməsi məharəti ilə ölçülürdü. Bir sözlə hərb sənəti silahlı mübarizənin obyektiv qanunauyğunluqlarının əks etdirsə də bu qanunauyğunluqların həyata keçirilməsində subyektiv amilin rolu böyükdür və hərb sənəti nəzəriyyəsi də bu cəhətə xüsusi diqqət yetirir.

Hərb sənəti üç tərkib hissəsindən ibarətdir: strategiya, əməliyyat sənəti (operativ sənət) və taktika. Strategiya - ölkənin və onun silahlı qüvvələrinin müharibəyə hazırlaşdırılması, strateji əməliyyat və kampaniyaların aparılması, ölkənin ərazi bütövlüyünün qorunması üçün başqa mübarizə formalarından, o cümlədən partizan hərəkatından istifadə edilməsi ilə bağlı olan məsələləri öyrənir.

Strategiya eyni zamanda ölkənin müharibəyə hazırlaşdırılmasına və silahlı mübarizənin aparılmasına məsuul olan ali baş komandanlığın, ali hərbi-siyasi rəhbərliyin, ali hərbi orqan və qərargahların fəaliyyət sahəsidir.

Hərb sənətinin bu tərkib hissəsinin qarşısında aşağıdakı vəzifələr dayanır:

- Silahlı mübarizənin ümumi qanunauyğunluqlarının öyrənilməsi;
- Gələcək müharibələrin xarakterini, onun gedişini və başa çatdırılmasını şərtləndirən şəraitin və amillərin müəyyənləşdirilməsi və öyrənilməsi;
- Ölkənin və silahlı qüvvələrin müharibəyə hazırlanmasının nəzəri əsaslarının öyrənilməsinə (silahlı qüvvələrin, madditexniki ehtiyatların səfərbər edilməsi, silahlı qüvvələrin sülh vəziyyətindən müharibə vəziyyətinə gətirilməsi, hərbi əməliyyatların keçiriləcəyi ərazilərin müharibəyə hazırlaşdırılması) və onların həyata keçirilməsinə praktiki hazırlıq;
- Böyük miqyaslı hərbi əməliyyatların keçirilməsi üçün strateji qərarların qəbul edilməsi, müharibənin və onun ayrıayrı kampaniyalarının həyata keçirilməsinin prinsipinin müəyyənləşdirilməsi;
- Silahlı qüvvələrin fəaliyyətinə və müharibənin aparılmasına rəhbərlik;
- Silahlı mübarizə aparılmasının strateji üsul və formalarının işlənməsi və öyrənilməsi;
- Strateji ehtiyatların yaradılması və onların düzgün istifadəsinə rəhbərlik.


Konkret zaman çərçivəsində strategiyanın məqsəd və vəzifələri dövlətin yetirdiyi siyasətin məqsəd və vəzifələri ilə müəyyənləşir. Yəni siyasətlə strategiya arasında qarşılıqlı əlaqə mövcuddur. Lakin, bu qarşılıqlı əlaqədə siyasət daha üstün və aparıcı rola malikdir. Çünki, silahlı qüvvələri dinc vəziyyətdən hərbi vəziyyətə gətirən səbəb və məqsəd dövlətin siyasəti ilə müəyyənləşir. Siyasi rəhbərlik aparılan müharibədə güddüyü siyasi məqsədi müəyyənləşdirərək onun əldə edilməsi üçün hərbi strategiya qarşısında müvafiq vəzifələri qoyur və eyni zamanda onun icrasına da strateji planda nəzarət edir. Siyasi rəhbərlik daim silahlı mübarizənin gedişinə rəhbərlik edir, onu istiqamətləndirir, daxili və xarici siyasətlə uzlaşdırılmasına diqqət yetirir.

Siyasi rəhbərlik eyni zamanda müharibənin gedişində həlledici zərbənin yerinin və zamanının müəyyənləşdirilməsinə də təsir göstərə bilər. Bu isə müharibənin gedişində bütün hərbi əməliyyatların xarakterinə və taleyinə ciddi təsir göstərə bilər.

Hərb sənətinin başqa bir tərkib hissəsi əməliyyat (operativ) sənətidir. O, strategiya ilə taktika arasında aralıq mərhələni təşkil edir və hərbi strategiya tərəfindən müəyyənləşdirilən məqsədlərin əldə edilməsi üçün orduların və daha böyük hərbi vahidlərin hərbi əməliyyatlarının hazırlanması və aparılması ilə bağlı məsələləri əhatə edir.

Əməliyyat (operativ) sənətinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- Müasir hərbi əməliyyatların xarakterinin öyrənilməsi;
- Hərbi əməliyyatların hazırlanmasının və aparılmasının ümumi qanunauyğunluqlarının, prinsip və qaydalarının öyrənilməsi, onların praktiki icrasına rəhbərlik;
- Hərbi əməliyyatların praktiki icrasının əsaslarının işlənməsi;
- Operativ (əməliyyat) birliklərin imkanlarının, xüsusiyyətlərinin və təşkilati formalarının öyrənilməsi;
- Hərbi əməliyyat aparan operativ vahidlərin madditexniki təchizatının təmin edilməsinin əsaslarının hazırlanması;
- Hərbi əməliyyatlar zamanı operativ vahidlərin idarə edilməsinin əsaslarının hazırlanması;
- Əməliyyat zamanı operativ vahidlər arasındakı qarşılıqlı əlaqələrin tənzimlənməsinin əsaslarının hazırlanması.


Hərb sənətinin üçüncü tərkib hissəsi taktikadır. Taktika bölmə, hissə və birləşmələrin döyüşlərinin hazırlanması və aparılması məsələlərini əhatə edir.

Taktikanın aşağıdakı vəzifələri var:

- Müaisr döyüşün xarakterinin müəyyənləşdirilməsi və öyrənilməsi;
- Döyüşün aparılmasının əsas prinsiplərinin işlənməsi;
- Qoşun növlərinin rolunun və onların döyüşdə istifadə edilməsi prinsiplərinin müəyyənləşdirilməsi;
- Qoşun növlərinin taktiki təşkilati formalarının öyrənilməsi;
- Döyüşün planlaşdırılmasının və onun praktiki icrasının əsaslarının öyrənilməsi;
- Döyüş zamanı müxtəlif qoşun növlərinin bölmə, hissə və birləşmələrin arasında qarşılıqlı əlaqələrin yaradılması əsaslarının öyrənilməsi;
- Hissə və bölmələrin döyüş zamanı maddi-texniki tələbatının təmin edilməsi əsaslarının öyrənilməsi və işlənilməsi;
- Döyüş zamanı hissələrin idarə edilməsinin nəzəri və praktiki əsaslarının öyrənilməsi.

Taktika ümumqoşun taktikasına və qoşun növlərinin və qisimlərinin taktikasına bölünür: Məsələn, piyada qoşunlarının taktikası, dəniz qoşunlarının taktikası, süvari qoşunlarının taktikası, artilleriya qoşunlarının taktikası və s.

Taktika strategiya və əməliyyat sənətindən asılı vəziyyətdədir və onların müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsi üçün əsas vasitədir. Ancaq, eyni zamanda taktika strategiya və əməliyyat sənətinə əks təsir göstərmək qabiliyyətinə malikdir. Çünki, taktiki vəzifələrin icra səviyyəsi və onun imkanları strateji və əməliyyat vəzifələinin xarakterinə və perspektivinə təsir göstərir. Yəni strategiya, əməliyyat sənəti və taktika arasında sıx qarşılıqlı əlaqələr mövcuddur.

Strategiya hərbi-siyasi rəhbərliyin fəaliyyət sahəsi kimi özünü göstərməsi və onun əsas istiqamətlərinin siyasətlə müəyyənləşdiyi üçün xarakter baxımından hərbi-siyasi məqamları özündə daha güclü şəkildə əks etdirir. O, bir növ qoşunların praktiki fəaliyyəti üçün hərbi-siyasi zəmin və şərait yaradır.

Qoşunların hərbi-praktiki və döyüş fəaliyyəti daha çox əməliyyat sənəti və taktikada özünü əks etdirir. Hərb sənətinin üç tərkib hissəsinin arasındakı qarşılıqlı əlaqələrin əhəmiyyətini inkar etmədən qeyd olunmalıdır ki, əməliyyat sənəti və taktiki səviyyələrdə hərbçilərin praktiki vərdişlərinin icra məharəti daha çevik və qabarıq nümayiş olunur. Bu sahələrdə sərkərdələrin, bütün səviyyələrdə olan komandirlərin təşəbbüskarlığına, müstəqil və sərbəst fəaliyyət göstərmək qabiliyyətinə, bütünlükdə subyektiv amilin təsirinə geniş imkanlar olsa da bu imkanlar sərhədsiz deyil və bir sıra obyektiv qanunlarla tənzimlənir.

Bu qanunlar aşağıdakılardır:

- Silahlı mübarizənin forma və üsulunun döyüşün və əməliyyatın maddi əsaslarından asılılığı qanunu;
- Hər bir döyüşün və əməliyyatın onun gedişinin müxtəlif anlarında qarşı duran tərəfin hansının daha böyük hərbi qüdrətə malik olmasından asılılığı qanunu.


Birinci qanun döyüşdə iştirak edən insanların hərbi-mənəvi keyfiyyətlərini, onların döyüşü təşkil etmək və aparmaq bacarığını, kadrların yerləşdirilməsini, hazırlıq səviyyəsini, istifadə etdikləri silah və texnikanın taktiki və texniki xüsusiyyətlərini, onlardan istifadə edilməsi məharətini və s. məslələri, ikinci qanun isə strateji səviyyədə mövcud olan qüvvə üstünlüyünün, əməliyyat və taktiki səviyyələrdə, onların ayrı-ayrı məqamlarında təmin edilməsi məsələlərini əhatə edir.

Əməliyyat sənəti və taktikanın tətbiqində onların prinsiplərinə əməl edilməsinin də böyük əhəmiyyəti var. Bu prinsiplər özləri də uzun inkişaf yolu keçiblər və hərb tarixinin ayrı-ayrı mərhələlərində hərb işinin səviyyəsindən asılı olaraq 30 müxtəlif şəkildə özlərini göstəriblər.

XX əsrin elmi və təcrübi qənaətlərinin ümumiləşdirilməsi əməliyyat sənətinin və taktikanın silahlı mübarizə qanunlarından doğan aşağıdakı prinsiplərinin mövcudluğunu əsas götürməyə imkan verir:

- Bölmə, hissə və birləşmələrin daimi yüksək döyüş hazırlığı;
- Döyüşün aparılmasının fasiləsizliyi;
- Yüksək fəallıq və qətiyyətlilik;
- Döyüşdə qoşun növlərinin və xüsusi qoşunların razılaşdırılmış birgə fəaliyyəti və onların arasında ardıcıl qarşılıqlı əlaqələrin saxlanılması;
- Gözlənilməzlik;
- Lazımi vaxtda lazımi istiqamətdə qoşunların əsas səylərinin təmin edilməsi;
- Bölmə və hissələrin atəşlə manevri;
- Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi naminə mənəvi-siyasi və psixoloji amillərin nəzərə alınması və onların bütünlüklə istifadə edilməsi;
- Döyüşün hərtərəfli təmin edilməsi;
- Qoşunların döyüş qabiliyyətinin qorunması və vaxtında bərpa edilməsi;
- Qoşunların fasiləsiz idarə edilməsi;
- Qarşıya qoyulan məqsədə çatmaq üçün qətiyyət və əzmkarlıq göstərilməsi.


Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərb-sənəti  


Bizi "telegram"da izləyin