Ordu.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yüksək dağ zonası olan “Pəmbək” təlim mərkəzində kəşfiyyatçıların təlimləri başlayıb.
Təlimlər dağ şəraitində 100 km yürüşlə başlayıb. Təlimlər zamanı hərbi qulluqçular gecə və gündüz hazırlıq məşğələləri keçirəcək. Təlimlərdə, şərti düşmənin kəşfiyyat diversiya qruplarının aşkarlanması və məhv edilməsi üsullarını işləyib hazırlayırlar. Təlimlər PUA müşayiəti ilə davam edir.
“Alagöz” təlim mərkəzində isə tankçıların təlimləri başlayıb. Təlimlərdə Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin hərbi qulluqçuları T-72B tankları ilə taktiki, atəş çalışmalarını yerinə yetiriblər. Onlar şərti düşmənin tanklarını aşkar edərək məhv ediblər.
Xatırladaq ki, RF MN daha öncə yaydığı məlumata əsasən 2019-cu il ərzində 102-ci hərbi bazanın bölmələrinin döyüş hazırlığı intensivliyi 10% artırılacaq, 3500-dən artıq hərbi qulluqçu 600 taktiki məşğələ keçirəcək.
Qeyd edək ki, RF SQ-nin 102-ci hərbi bazası 1995-ci ildən Ermənistanda dislokasiya olunur. 2012-ci ilin avqust ayında İrəvan şəhərində müqavilənin uzadılmasına dair protokol imzalanıb. Müqavilə 1995-ci ildən hesablanmaqla 49 il müddətinə uzadılıb.
Alpər Mövludoğlu
Ordu.az