"Mənim üçün ən çətin an şəhid dəfni çəkməkdir" - Mərmisi qələm olanlarla MÜSAHİBƏ (FOTOLAR)

2019/02/51830-4650662001.jpg
Oxunub: 5523     14:14     15 Fevral 2019    
Onlar xalqla cəbhənin arasında, bəzən də lap sıfır nöqtəsində çalışırlar. Məqsədləri xalqın hər zaman diqqət mərkəzində olan təmas xəttindən doğru-düzgün informasiyanın ictimaiyyətə çatdırılmasıdır. Əlbəttə bu sözləri yazmaq çox asandır. Lakin onu yaşamaq, hər anı ölümlə qalım arasında öz peşə vəzifəni yerinə yetirmək heç çətin sözü ilə də ifadə edilə bilməz. Axı ortada can məsələsi var...

Ordu.az-ın budəfəki müsahibi silahı kamera, mərmisi qələm hədəfi düşmən olan cəbhə müxbiri Habil Məmmədovdur. O, ixtisasca pedaqoq olsa da dostu ilə təsadüfi rastlaşma onu jurnalistikaya gətirib. Özü də cəbhə bölgəsinə... Ziyalı ailədə böyüyüb, yetişkin övladları, ailəsi və yaşlı valideynləri olmasına baxmayaraq, o hələ də təhlükəli bölgədə öz xidmətinə davam edir. O acılı-şirinli cəbhə xatirələrini bizimlə bölüşdü. Həmin maraqlı müsahibəni Sizə təqdim edirik:

- Habil bəy, özünüz haqqında qısa məlumat verin.

- Mən Aslanov Habil Aslan oğlu, 1973-cü ildə doğulmuşam. İxtisasca pedoqoqam. Təhsil aldıqdan sonra doğma kəndimdə müəllim, sonra dərs hissə müdiri işləmişəm. Daha sonra mətbuata gəlmişəm.


- Mətbuata gəlişiniz necə oldu?

- Yeni informasiya agentliyi yaradılırdı. Oranın direktoru ilə öncədən yaxın dostluq münasibətlərimiz var idi. Təsadüfən Bakı şəhərində görüşdük. O mənə əməkdaşlıq təklif etdi. Lakin mən qəbul etsəm də aramızda belə bir razılaşma oldu ki, əgər mən işlə bağlı hansısa yarıtmazlıq etsəm bu bizim dostluq münasibətlərimizə xələl gətirmasin. Üç ay sınaq müddəti başladı. Heç üç ay tamam olmamış mənə zəng etdi ki, gəl xidməti vəsiqəni apar. Biz səninlə işləməyə qərar verdik. Bax beləcə hər şey başladı. Daha sonra televiziya sahəsinə keçdim. Hazırda "Lider" və ARB xəbərin cəbhə bölgəsi üzrə əməkdaşıyam.

- Maraqlıdır, cəbhə bölgəsində jurnalistikada ilk addımlar çətin idimi?

- Əlbəttə, çətin oldu. Çünki mən jurnalistikadan xəbərsiz bir insan idim. Xüsusilə də cəbhə bölgəsində çalışmaq xeyli çətinliklər yaradırdı.

- Əsasən risqli çəkilişləri nəzərdə tuturam.

- Artıq 15 ildir ki, Qarabağ bürosuna rəhbərlik edirəm. Kifayət qədər təcrübə toplamışam. Tam səmimi deyirəm cəbhə xəttində çəkiliş vaxtı risqin nə olduğunu bilməmişəm. Heç hesablamamışam da... Əgər mən əsgərin yanında oluramsa, cəbhə sakinlərinin yanında oluramsa, burada hansı qorxudan söhbət gedə bilər? Məgər o hərbçi, o əsgər, o insanlar bir ananın övladı deyilmi? Bundan başqa etiraf edim ki heç vaxt evdə də hara getdiyimi deməmişəm. Anam çəkilişlərə efirdən baxda, bacılarım zəng edib yaşadığım təhlükəni mənə danışanda harada olduğumu anlamışam. Onda da çox gec olur... (Gülür...)


- Artıq 8 ildir tanışıq. Bir ərazidə fərqli mətbuat orqanları üçün çalışırıq. Dəfələrlə təhlükənin nə olduğunu anlatmısınız... O sözümü kəsərək sualın nədən ibarət olacağını təxmin edir:

- Dəfələrlə düşmən ərazilərə od vuran zaman qəfil çoxalan qatı tüstü dumanının içində - neytral ərazidə qalmışıq. Həm mina təhlükəsinə görə hərəkət məhdudiyyəti olub, həm də tüstüdən boğulma təhlükəsi... Bundan başqa əgər xatırlayırsınızsa hələ aprel döyüşləri olmamışdan öncə biz bir yerdə Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi olan ərazilərdə çətin anlar yaşamışıq. Kifayət qədər belə hallar olub. Ancaq yenə deyirəm, yanımda insan varsa öncə onu düşünmüşəm. Operator İlqar Fərmanlı ilə dəfələrlə çəkilişi dayandırıb, dinc əhaliyə yardım etmişik. Bu aprel döyüşləri zamanı da oldu, hələ ondan öncə də... Bu arada onu da qeyd edim ki, İlqar Fərmanlı da cəbhədə çalışmışam deməyə haqqı olan insanlardan biridir. Yeri gəlmişkən biz İlqarla dəfələrlə kəndlərdə maşınsız olan ailələrin azyaşlılarını, qocalarını maşınımızla kəndlərdən çıxaranda heç ağlıma gəlməyib ki, mənim anam da cəbhə kəndinin sakinidir. Ona da kömək lazımdır. Artıq səhər açılıb hər şey qaydasına düşəndən sonra evə dönüb baxmışam ki, bizimkilərə də kömək lazım imiş.

- Xatırlayırsınızsa, 2014-cü ilin avqustunda və 2016-cı ilin aprel döyüşləri zamanı hər kəs doğru-dürüst məlumat yaymırdı. Xüsusilə də kənardan gəlib əraziyə bələd olmayanlar ciddi nöqsanlara yol verdilər. Bu hallar sizi incitmirdimi?

- Bilirsiniz, hər iki döyüşlər zamanı şəhərdən gələn jurnalistlərin bir qismi ciddi nöqsanlara yol verdi. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Nə də ki, qəsdlə ediblər demək olmaz. Onlar cəbhəyə gələn insan axını ilə gəlib nəsə etmək istəyirdilər. Lakin gördükləri iş, bölmələrin hərəkət istiqamətini, hərbi texnikanın hərəkətini, ordu bölmələrindəki cəmləşməni çəkmək olurdu. Ya da hərbi sirr təşkil edən informasiyalar... Əfsuslar olsun ki düşmən bu informasiyalardan kifayət qədər yararlanırdı. Çox şükür ki, Aprel döyüşləri zamanı bu halın qarşısı orta hesabla 80 faiz alınmışdı. Onların ciddi qəbul edib gördükləri mənzərələr adi bir cəbhə sakini üçün sıradan hadisədir. Tutalım ki Ağdamın Çıraqlı kəndinə düşmən bir maqazin güllə atıb. Bu o sakinlər üçün ciddi hadisə deyil. Çünki vərdiş etdikləri ən adi haldır. Hansı ki, bir güllə bir can alır. Sakinlər və biz isə o 30 gülləni ciddi qəbul etmirik. Bax onlarla bizim fərqimiz budur. Yəni bir sözlə mühit bizi ixtisaslaşdırıb.


- Söz düşmüşkən, 2014-cü ilin avqust döyüşləri zamanı yaşadığınız ən çətin və hazırda da sizi düşündürən hadisə nə oldu?

- Mənim üçün ən çətin an təbii ki, şəhid dəfni çəkməkdir. Bundan başqa biz Tərtər istiqamətində xeyli müddət atəş altında qaldıq. Oradan çox çətinliklə çıxa bildik. Əgər yadındadırsa ən müəmmalı hadisəni isə səninlə birgə cəbhənin Ağdam rayonu istiqamətində yaşamışıq. Burada düşmən biz dayandığımız əraziləri artilleriya atəşinə tutdu. Biz düşüb təhlükəsiz yer seçərək baş verənləri çəkdik. Daha sonra maşının yanına qayıdanda baxdıq ki, təkərlər boşalıb. Bax o hadisə məni hələ də düşündürür... (Gülümsəyir...)

- Aprel döyüşləri zamanı dünya televiziyalarında belə yayınlanan bir reportaj hazırladınız. Ətrafa mərmi yağır. Siz əyilə-qalxa reportajı sona qədər çəkib baş verənləri şərh etdiniz. Əslində oradan uzaqlaşmaq lazım olduğu halda sizi orada saxlayan gücün, sevginin adı nə idi?

- İnsan vicudu istər-istəməz bir şarın da partlamasına reaksiya verir. Düzdür, orada qəflətən ciddi partlayışlar oldu. Orada əsgər silahının arxasından qaçmadısa, orada zabit əsgərinin yanından qaçmadısa, orada tibb bacısı yardım etməyə gəldiyi yaralı dinc sakinin yanından qaçmadısa, mən də kamera və mikrafonun yanından qaça bilməzdim. İlk öncə buna haqqım çatmazdı. Nə jurnalist kimi, nə də Azərbaycan vətəndaşı kimi... Doğrudur, həmin reportajı bir çox xarici televiziya kanalları yayımladı. Hətta düşmən televiziyaları da... Ancaq onların mənə yazığı təhqiramiz ifadələr səbəbindən o materiala baxa bilmirəm. Bunların etdiyi heç etik normalara sığmır. Azyaşlı uşağa güllə atan xalqdan bundan artıq nəsə də gözləmək də mümkün deyil...


- Dövlətimizin naminə jurnalistika qaydaların pozmusunuz?

- Kifayət qədər... Mənim üçün öncə Vətəndir. Bu yolda bütün qaydaları pozmağa hazıram.

- Sizə görə ən çox kimin narahatçılıq keçirməsinə narahat olursunuz?

- Zəng edənlər çox olur. Amma anamın narahat olması məni narahat edir. Xanımım narahat olur. Amma o narahatçılığın adı uşaqların atasız qalmağıdır... (Bərkdən gülür... Və davam edir) Üzr istəyirəm iki övlad atasıyam. Qızım ailə qurub. Oğlum isə ali təhsil alır. Amma mən yenə də deyirəm: cəbhədə olanda heç nə və heç kimi düşünmürəm. Vətəndən və əsgərdən başqa... Elgün, özün də yaxşı bilirsən ki cəbhə müxbiri olmaq insan həyatında ciddi dəyişikliklərə yol açır. Misal üçün günlərlə evdə olmadığım olur. Evə dönənə yaxın xatırlayırsan ki, gedəndə heç çörək də almamış getmişəm. Bu sahə insanı seçim qarşısında qoyur: ya cəbhə bölgəsində günlərcə qalmaqla maraqlı nəsə tapıb çəkmək, ya da səni evdə narahat edən səbəblər... Amma şəxsən mən xanımımın fədakarlığı sayəsində hər ikisini idarə edirəm. (Gülümsəyir və söz ardınca pıçıldayır: Amma günlərcə itib nəsə çəkirsən və efirə nəsə getmirsə, bax onda adam cəbhədəki atışmaya şükür edir... - Ürəkdən gülür)

- Hazırda ali təhsil ocaqlarında jurnalist təhsili alıb, cəbhə gəlmək istəyən gənclərə sözünüz varmı?

- Mən onlara cəbhə müxbiri olmağı arzulamıram. Mən onlara Qarabağ bürosunun Xankəndindəki müxbiri olmağı arzulayıram...


- Bəs növbəti döyüşlər başlayarsa sona qədər çəkilişlərə hazırsınızmı?

- Əlbəttə. Hər zaman hazıram. Özü də əsgər kimi...

- Habil Aslanoğlu, bizdən gözlədiyiniz sual nə idi?

- Özəl həyatımızdakı çətinlikləri daha çox danışmağı istəyərdim. Çünki yenə deyirəm cəbhədə çalışmaq özəl həyatımızda ciddi çətinliklərə yol açır. Misal üçün hər kəs kimi məzuniyyət olmur, hər kəs kimi ailə ilə bir qohum məclisinə qatılmaq olmur, hər kəs kimi rahat yatmaq olmur. Sərvaq yatmağa məhkum olur insan... Nə də ərazidən uzaqlaşmaq mümkün olmur. 15 ildə məzuniyyəti yadda qalan şəkildə keçirdiyimi xatırlamıram. Bu qədər...

- Habil müəllim, səmimi müsahibəyə görə sizə təşəkkür edirəm.

- Mən də öz növbəmdə Ordu.az kollektivinə uğurlar arzulayıram. İnşallah, qələbə xəbərləri ilə xalqı sevindirərsiniz.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəbhə   Jurnalist   Qarabağ  


Bizi "telegram"da izləyin